30 Noyabr 2018 01:28
1310
SİYASƏT
A- A+

Avropa İttifaqı Azərbaycanın əsas investoru vəticarət tərəfdaşıdır


Son illərdə demokratiya və tərəqqi yolunda inamla irəliləyən Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı Avratlantik məkana inteqrasiya kontekstində inkişaf etməkdədir. Bu qurumla münasibətlərin sağlam təməl əsasında inkişafının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur.

Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu, yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasına əsaslanır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın geostrateji mövqeyi bu quruma üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını daha da artırıb.


Səmərəli əməkdaşlıq, "Tərəfdaşlıq prioritetləri”


Öncə onu vurğulayaq ki, Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir.

Respublikamız hələ 1996-cı ildən Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət, 2009-cu ildən Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq edir. Bu ulin iyul aynın 11-də isə Brüsseldə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə tərəflər arasında paraflanan "Tərəfdaşlıq prioritetləri”nin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını müəyyənləşdirdi.

"Tərəfdaşlıq prioritetləri” 2018-2020-ci illəri əhatə edir və bərabərhüquqlu, qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir. Bu sənəd Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan vermiş oldu.

Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Azərbaycan iqtisadiyyatına investisiya yatıranlar arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir.


25 milyard dollara yaxın investisiya


Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb.

Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və s.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyətdədir.

Azərbaycan Avropanın bir çox ölkələri ilə ikitərəfli iqtisadi münasibətlərini möhkəmləndirməkdə davam edir. Tez-tez keçirilən biznes forumları, biznes dialoqları da ticarət tərəfdaşlığının şaxələnməsinə real zəmin yaradır.

Noyabrın 28-də Berlində təşkil edilən I Almaniya-Azərbaycan Biznes Dialoqu da bu məqsədlərə xidmət edir. Yüzdən artıq Azərbaycan və alman şirkətinin qatıldığı tədbirdə vurğulanıb ki, iki ölkə arasında iqtisadi-ticari münasibətlər son illərdə sürətlə genişlənir. Tədbirdə Azərbaycanın Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı olduğu bir daha qeyd edilib.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payı 70 faizdən çoxdur. Bu ilin 9 ayında ticarət dövriyyəsi 80 faiz artıb. Ölkəmizdə müxtəlif sektorlarda Almaniya sərmayəli 206 şirkətin qeydiyyatdan keçdiyini bildirən R.Məmmədovun sözlərinə görə, Almaniya tərəfindən Azərbaycana 560 milyon dollar sərmayə yatırılıb. Bunun da 96 faizi qeyri-neft sektorunun payına düşür.

Nazir müavini iki ölkələr arasında energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, əczaçılıq, kimya və maşınqayırma sahələrində əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb.


Quruma üzv olan 24 ölkə ilə ikiqat vergitutma aradan qaldırılıb


Bununla yanaşı, Azərbaycan Avropa İttifaqının əsas enerji partnyorlarındandır. Bakıda rəsmi açılışı olmuş "Cənub qaz dəhlizi”, Türkiyədə tamamlanan TANAP layihəsi enerji sahəsində strateji əməkdaşlığın gözəl nümunələrindəndir. 4 siqmentdən ibarət olan bu layihə Azərbaycan qazını birbaşa Avropaya çatdıracaq.

Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 16 üzv ölkə ilə 17 Hökumətlərarası Komissiya və İşçi Qrupu, İdarəetmə Komitəsi fəaliyyət göstərir.

Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində indiyədək Azərbaycana 600 mln. avroya yaxın dəstək göstərilib.


Azərbaycan etibarlı strateji tərəfdaşdır


Xatırladaq ki, bu il Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə keçirdiyi görüşdə qeyd edib ki, Azərbaycan ticarətinin demək olar, 50 faizini quruma üzv ölkələrlə olan ticarət təşkil edir.

Azərbaycan Avropa İttifaqına üzv olan əksər ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşma strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edilir.

Ümumiyyətlə, son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya yatırılıb. Ölkədə yaradılan əlverişli biznes mühiti, investorlara göstərilən diqqət və qayğı xarici investorların, xüsusən də Avropa İttifaqına üzv olan dövlətlərin investorlarının Azərbaycana diqqətini daha da artırır. Hazırda Avropa Azərbaycanın əsas investoru və ticarət tərəfdaşıdır.

Əminliklə söyləyə bilərik ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni sazişdən sonra siyasi əlaqələrlə yanaşı iqtisadi münasibətlərin də yeni inkişaf istiqamətləri müəyyənləşəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video