30 Noyabr 2018 01:14
534
Mədəniyyət
A- A+

“Azərbaycan ailəsi-2018” film festivalının qalibləri mükafatlandırılıb


Noyabrın 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan ailəsi” film festivalının qaliblərinin mükafatlandırılması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.

Məlumat verilib ki, "Azərbaycan ailəsi” film festivalına 2009-cu ildən start verilib. Artıq dördüncü ildir ki, film festivalı çərçivəsində "Həyatdan şəklə” adlı fotomüsabiqə də keçirilir. Təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, bu gün dünyada ailələrin sayının azaldığı müşahidə olunur. Təəssüf ki, bir çox ölkələrdə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir. Azərbaycanda isə ailə vətəndaş cəmiyyətinin formalaşmasında əsas element kimi qəbul olunur.

Komitə sədri qeyd edib ki, ulu öndər Heydər Əliyev hər zaman ölkəmizdə ailə siyasətinin formalaşdırılması işinə böyük diqqət yetirib. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev ailənin önəmli rolunu qiymətləndirərək vurğulayıb ki, ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəkdə olmalıdır. Bu məsələləri hər zaman diqqət mərkəzində saxlayan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir, qaçqın və məcburi köçkün ailələrə xüsusi qayğı göstərir.

Vurğulanıb ki, "Azərbaycan ailəsi” festivalının keçirilməsində əsas məqsədlərdən biri kinematoqrafiyanın geniş imkanlarından istifadə edərək bu sahədə mövcud olan problemləri işıqlandırmaqla onların həlli yollarının axtarılmasıdır.

Baş nazirin müavini Əli Əhmədov "Azərbaycan ailəsi” festivalının ailə dəyərlərinin qorunmasına və təbliğinə xidmət etdiyini bildirib. O qeyd edib ki, mənəvi sərvətimiz hesab olunan ailə cəmiyyətimizin özəyidir. Bəzi ölkələrdə cəmiyyət ailəsiz təsəvvür oluna bilər, Azərbaycanda isə bu cür deyil. Bizdə dövlət siyasətində ailəyə qayğı mühüm önəm kəsb edir. Festivalın digər müsbət təsiri odur ki, bu, həm də mədəni hadisədir. Cəmiyyətdə insanlar bu festival vasitəsilə öz yaradıcılıq imkanlarını inkişaf etdirə bilirlər.

Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, bu festival vasitəsilə yaradıcı insanlar öz potensiallarını beynəlxalq aləmdə təbliğ etmək imkanı qazanırlar. Layihə çərçivəsində ailə ilə bağlı toxunulan mövzular hüdudsuzdur. Burada mədəniyyət, təhsil, sağlamlıq və digər sahələrin önündə ailə institutunun gəldiyi göstərilir. Bu festivala geniş auditoriyanın cəlb edilməsinin əsas səbəblərindən danışarkən onun təşkilatçılarından birinin də Heydər Əliyev Fondunun olmasını göstərmək lazımdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində bu məsələ önəmli yer tutur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, hər bir cəmiyyətdə sağlam ailə təfəkkürü təhsilə, səhiyyəyə və mənəviyyata müsbət təsir edir. Azərbaycanda ailə institutunun qorunması ilə bağlı tədbirlərin görüldüyünü deyən Mələk Çakmak əlavə edib ki, BMT bu sahədə tərəfdaşlıq etməkdən məmnundur.

Sonda müxtəlif nominasiyalar üzrə "Azərbaycan ailəsi-2018” film festivalının və "Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video