29 Noyabr 2018 19:38
477
Mədəniyyət
A- A+

Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd edilib


Bu gün müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahovun doğum günüdür.

Bu münasibətlə noyabrın 29-da "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Tahir Salahovun ev-muzeyində "Tahir Salahov 90” adlı tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru Səadət Mirzəyeva çıxış edərək ev-muzeyin yaradılmasından və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, ev-muzeyində Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı rəsm əsərlərindən və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunub. Muzeyin kolleksiyasında 800-ə yaxın eksponat var. Altı il əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılmış Tahir Salahovun ev-muzeyi öz qapılarını ictimaiyyət üçün açaraq İçərişəhərin əsas incəsənət və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bir sıra ölkələrdən turistlər məhz dahi sənətkarın ev-muzeyini ziyarət etmək üçün İçərişəhərə gəlir.

Belə tədbirlərin ənənəvi olaraq hər il keçirildiyini bildirən Səadət Mirzəyeva deyib ki, Tahir Salahov milli sənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində yeni parlaq səhifə açıb. Onun dünyanın mötəbər muzeylərində və qalereyalarında saxlanılan, müxtəlif sərgilərdə nümayiş etdirilən tabloları çoxəsrlik ənənələrə malik Azərbaycan incəsənətinin şöhrətini yüksəklərə qaldırıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev sənətkarın ömür yolundan, yaratdığı dəyərli sənət incilərindən söz açıb. Qeyd edib ki, T.Salahovun həyat və yaradıcılığı doğma Azərbaycana və mədəniyyətinə təmənnasız xidmətindən ibarət olub. "O, böyük istedadı ilə Azərbaycan xalqının milli adət-ənənələrinin inkişafına xidmət etməklə yanaşı, dünya rəssamlıq prosesinə də müsbət təsir göstərib. Onunla hər bir azərbaycanlı fəxr edir. Dünya rəssamlarının arasında öz dəstxəti, öz nüfuzu ilə seçilən belə bir sənətkarın millətimizin nümayəndəsi olması, sözün əsl mənasında, xoşbəxtlikdir. Uzun müddət Rusiyada yaşamasına baxmayaraq, o, doğma Vətəninə bağlı insandır. Özünəməxsus yaradıcılıq üslubuna malik rəssamın əsərlərinin çoxu Azərbaycan mövzusundadır. Rəssam sənəti şəkil çəkməklə deyil, düşüncəylədi. Tahir Salahovun düşüncələri onun əsərləridir”, - deyə Xalq rəssamı qeyd edib.

Tahir Salahovun həyat və yaradıcılığına həsr olunan "Yaddaş” sənədli filminin rejissoru Ziya Şıxlinski, Əməkdar rəssamı Taryer Bəşirov və başqaları çıxış edərək görkəmli fırça ustasının zəngin yaradıcılığından söhbət açıblar.

Qeyd edilib ki, dünya mədəniyyətinin canlı əfsanəsi olan T.Salahov cavan ruha sahibdir və onun yorulmaq bilməyən əlləri bu gün də yeni–yeni şah əsərlər yaratmaqdadır. Çox məhsuldar yaradıcılıq yolu keçən sənətkarın son illərə aid əsərlərindən danışarkən Azərbaycan incəsənətinin şedevrləri sayıla bilən ulu öndər "Heydər Əliyevin portreti”ni, "Mstislav Rostropoviçin portreti”ni, "Odlar yurdu” triptixini, "Yazıçı Anarın portreti”ni və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək lazımdır. Dünya miqyasında aparıcı portret ustası olan T.Salahov əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır. Bu xüsusiyyətlər yuxarıda qeyd edilən portretlərə də xasdır.

Diqqətə çatdırılıb ki, yubiley ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edib. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Rusiya Prezidenti Vladimir Putin yubilyarı təbrik edərək onun yaradıcılığını yüksək qiymətləndiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video