28 Noyabr 2018 22:47
351
İQTİSADİYYAT
A- A+

D.Savelyev: Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycana Avrasiyanın ən böyük logistika hablarından birinə çevrilmək imkanı verir

Bu yaxınlarda Moskvada keçirilmiş "Rusiya nəqliyyatı” XII Beynəlxalq Forumuna rekord sayda iştirakçı gəlib. Tədbirdə nəqliyyat sektorunun liderləri və dövlət orqanlarının nümayəndələri əsas nəqliyyat vasitələrinin inkişafı məsələlərini müzakirə ediblər. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərindən bəhs edib.

-Dmitri İvanoviç mötəbərlik baxımından ötən forumu necə qiymətləndirirsiniz?

- Nəqliyyatı nahaq yerə iqtisadiyyatın qan damarı adlandırmırlar: hər hansı dövlətin iqtisadi inkişafının dinamikası əhəmiyyətli dərəcədə ondan asılıdır. Bu səbəbdən forum peşəkarlarda böyük maraq doğurub: onun işində bu sahəyə aid 910 şirkətin 3500-dən çox mütəxəssisi iştirak edib. Təkcə çıxışçıların sayı 300 nəfərdən çox olub. Tədbirdə, həmçinin 18 ölkənin, o cümlədən son illər regional nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayan Azərbaycanın nəqliyyat idarələrinin nümayəndələri iştirak ediblər. Ölkənin əlverişli coğrafi mövqeyi, irimiqyaslı layihələrin həyata keçirilməsi, həmçinin tranzit və yükdaşımaları potensialının səmərəli istifadəsi Azərbaycan iqtisadiyyatına böyük uğurlar qazandırıb.

-Rusiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əlaqələr nə dərəcədə aktivdir?

- Bu sahədə ölkələrimiz arasında zəruri hüquqi-normativ baza işlənib hazırlanıb, dəmir yolu, avtomobil və hava nəqliyyatı növləri üzrə bir sıra hökumətlərarası sazişlər imzalanıb. Hazırda ticarət gəmiçiliyi, Azərbaycan gəmilərinin Rusiyanın daxili sularında üzməsi şərtləri üzrə sazişlərin layihələri nəzərdən keçirilir. İki ölkənin şəhərləri arasında 100-ə yaxın müntəzəm aviareyslər fəaliyyət göstərir. Müxtəlif istiqamətlərdə 30-dan çox mütəmadi avtobus marşrutları mövcuddur. Azərbaycanla Dağıstanı birləşdirəcək yeni dəmir yolu xətti üzrə müzakirələr aparılır, ən yaxın gələcəkdə isə Mahaçqala və Bakı arasında birbaşa aviareysin həyata keçirilməsi nəzərdə tutulur.

-Yəqin ki, sərhədyanı iqtisadi əlaqələr avtomobillə yükdaşımaların həcminin artmasına xüsusi stimul verir.

- Elədir, son vaxtlar Rusiya-Azərbaycan quru sərhədi ilə avtomobil yolu əlaqəsinin səmərəliliyinə dair layihələrə daha çox ehtiyac duyulur. Bizim yol idarələri Azərbaycanla sərhədə qədər uzanan R-217 "Qafqaz” trasında genişhəcmli iş aparırlar. Öz növbəsində, Prezident İlham Əliyev Bakıdan Rusiyanın sərhədinədək yeni avtomagistralın tikintisi ilə bağlı tapşırıq verib. İki ildən sonra o, istifadəyə veriləcək.

Bir il əvvəl Samur (Azərbaycan) və Yaraq-Qazmalar (Rusiya) keçid məntəqələri rayonunda dövlət sərhədindən keçməklə yeni avtomobil körpüsünün tikintisinə başlanılıb. Samur çayı üzərindən keçən bu körpünün tikintisi paritet əsaslarda maliyyələşdirilir və növbəti ilin üçüncü rübündə başa çatacaq. Rusiya Samurun ona aid olan hissəsində bütün zəruri gömrük infrastrukturu, o cümlədən aksiz malları üçün hazırda mövcud olmayan xüsusi post yaradacaq.

- Rusiya və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıqdan danışarkən "Şimal-Cənub” nəqliyyat dəhlizi mövzusuna toxunmamaq mümkün deyil. Bu cür irimiqyaslı layihənin yaxın perspektivlərini necə qiymətləndirirsiniz?

- Mən onu əsrin layihəsi adlandırardım. Axı, "Şimal-Cənub” dəhlizi faktiki olaraq Süveyş kanalına alternativ təşkil edir. Onun Hindistanın Mumbai limanından bizim Sankt-Peterburqa qədər 7,2 min kilometr məsafədə uzanan quru və dəniz marşrutları ilə yüklər təxminən 30-40 faiz daha sürətlə daşınacaq. Azərbaycan marşrutun istifadəyə verilməsi üçün infrastruktur üzərində işləri başa çatdırıb. Bundan başqa, Azərbaycan tərəfi İran Astarasında terminal istifadəyə verib və qonşu ölkəyə Xəzərin sahillərlinədək uzanacaq Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi üçün kredit ayırıb. Artıq nəqliyyat dəhlizi fəaliyyətə başlayıb: cari ilin yeddi ayı ərzində bu marşrutla yükdaşımaların həcmi 170 min ton təşkil edib.

Digər irimiqyaslı layihə ötən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bu, açıq dənizlərə çıxışı olmayan Azərbaycana Avrasiyanın ən böyük logistika hablarından birinə çevrilmək imkanı verir. Xüsusən, bir neçə ay əvvəl açılışı olmuş Abşeron Logistika Mərkəzi vaxta qənaət etməyə və yükdaşıma şirkətlərinin nəqliyyat xərclərini azaltmağa imkan verir. Ələt qəsəbəsində tikintisi davam edən Beynəlxalq Dəniz Limanı da bu məqsədlərə xidmət edir və regionda avtomobil, dəmir yolu və dəniz yollarının kəsişmə məntəqəsi olacaq.

-Ələt dəniz limanından söz düşmüşkən, dənizçilik sahəsində əməkdaşlıqdan da danışmaq yaxşı olar. Axı, Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Xəzərdə birgə dəniz turizmi inkişaf edirmi?

- Unikal və analoqu olmayan turizm layihəsi - Xəzər dənizində kruiz marşrutu hazırlanır. Hazırda Həştərxandakı "Lotos” gəmiqayırma zavodunda –çay-dəniz” tipli "Pyotr Veliki” kruiz gəmisi inşa edilir. O, 2019-cu ildə istismara veriləcək və biz Xəzər dənizində kruiz səyahətlərinə başlayacağıq. Bu özünəməxsus səyahət gəmisinin marşrutu turistlərə Xəzəryanı ölkələrin sahil şəhərlərini gəzmək imkanı verəcək. Azərbaycan tərəfi ölkələrimizə qarşılıqlı gəlir gətirəcək bu layihədə tərəfdaşlıq haqqında sazişi artıq imzalayıb.

Qeyd edim ki, turizmin inkişafı təkcə iqtisadiyyatın nəqliyyat sahəsinin deyil, digər sektorların inkişafına da təkan verir. Bir neçə rəqəmi misal çəkmək istəyirəm: yanvar-oktyabr aylarında 752 min vətəndaşımız Azərbaycana səyahət edib. Ölkəmiz əcnəbi turistlərin sayına görə birinci yerdədir. Rusiyalılar Odlar diyarının tarixi yerlərini həvəslə ziyarət edirlər, dağ-xizəkçiliyi kurortlarına və yay istirahəti zonalarına gedirlər. Yaxın vaxtlarda bu imkanlara dəniz turizmi də əlavə olunacaq. Bütün bunlar ölkələrimizin bir-birinə artan marağının təzahürüdür. Axı, biz eyni dildə danışırıq, ortaq tariximiz var və bu amillər Rusiya ilə Azərbaycan arasında davamlı və səmərəli əməkdaşlığın təməlini təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video