28 Noyabr 2018 22:13
619
Məktublar
A- A+

Xalq rəssamı Tahir Salahova


Hörmətli Tahir müəllim!
Sizi – dövrümüzün böyük sənətkarını və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.

Müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olaraq Siz uzunmüddətli səmərəli və bənzərsiz yaradıcılığınızla zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazmış, milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərlərinizlə Azərbaycan təsviri sənətinə geniş şöhrət qazandırmısınız.

"Sərt üslub”un banilərindən biri kimi yaratdığınız sənət nümunələrində insan taleyi vasitəsilə dünyaya, həyata baxışınız və fəlsəfi düşüncələriniz rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapmışdır. Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirən, mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləriniz ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirlər təlqin edir. Heyrətamiz portret yaradıcılığınız sənətsevərlər tərəfindən daim rəğbətlə qarşılanmışdır. Vətənə məhəbbət dolu silsilə lövhələr, peyzajlar və natürmortlarınızda insanın təbiətlə dərin məna kəsb edən ahəngdar mənəvi vəhdətini əks etdirməyə müvəffəq olmusunuz.

Dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinizin, hər biri hadisəyə çevrilən fərdi sərgilərinizin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində böyük rolu vardır. Milli rəssamlığın gələcək inkişafı üçün gənc fırça ustalarının yetişdirilməsi sahəsində xidmətləriniz təqdirə layiqdir.

Sizin çoxşaxəli yaradıcılığınız və məhsuldar ictimai fəaliyyətiniz xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Siz müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – 1998-ci ildə "İstiqlal” və 2008-ci ildə "Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına layiq görülmüsünüz. Çoxsaylı beynəlxalq mükafatlarınız da sənətinizə göstərilən ehtiramın parlaq təzahürüdür.

Əminəm ki, mədəniyyətimizin bugünkü simasının müəyyənləşməsində və dünya incəsənətinin inkişafında özünəməxsus mövqeyə malik sənətkar və şəxsiyyət kimi Siz Azərbaycan təsviri sənətinin şöhrətini bundan sonra da yeni zirvələrə ucaldacaqsınız.
Ən xoş arzularla.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2018-ci il.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video