28 Noyabr 2018 00:51
916
Təhsil
A- A+

Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir


Azərbaycan şagirdləri Dayanıqlı İnkişaf Məqsədləri mövzusuna həsr olunmuş "Dünyanın ən böyük dərsi” təşəbbüsünə qoşulurlar.

Noyabrın 27-də paytaxtın 23 saylı tam orta məktəbində ölkənin 10 orta məktəbindən olan şagirdlər Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) müzakirə etmək üçün "Dünyanın ən böyük dərsi”ndə iştirak ediblər. Tədbirdə şagirdlər təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Dayanaqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurasının katibliyinin rəhbəri Hüseyn Hüseynov, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” (IDEA) İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüblər. AZƏRTAC xəbər verir ki, hər bir uşaq üçün daha dayanıqlı gələcək qurmaq məqsədi daşıyan qlobal səylərə balacaların cəlb edilməsi təşəbbüsü Təhsil Nazirliyi, UNICEF və IDEA İctimai Birliyi tərəfindən irəli sürülüb.

"Dünyanın ən böyük dərsi” DİM-ləri uşaqlara təqdim etmək, habelə gənclərin öz icmalarında bu məsələ ilə bağlı fəal müzakirələrini və tənqidi yanaşmalarını təşviq etmək məqsədilə icrasına 2015-ci ilin sentyabr ayında başlanmış qlobal təşəbbüsdür.

Tədbirdə E.Karvardin bildirib ki, "Dünyanın ən böyük dərsi” uşaqların diqqətinin qlobal-ekoloji məsələlərə yönəlməsinə, DİM-lərin uşaqlar üçün daha aktual və əhəmiyyətli xarakter almasına şərait yaradır: "Gənclər dövlətin uzunmüddətli inkişafının əsasını təşkil edirlər. Bu baxımdan biz ümid edirik ki, belə bir təşəbbüs milli dayanıqlı inkişaf proqramı çərçivəsində uşaqlarla və gənclərlə bağlı məsələləri prioritetləşdirən xüsusi fəaliyyət planının işlənib hazırlanmasına töhfə verməklə Azərbaycanın Milli Uşaq Strategiyasını dəstəkləmiş olacaq”.

UNICEF və IDEA İctimai Birliyi qlobal miqyasda keçirilən bu cür dərs üçün hazırlanmış xüsusi materialların Azərbaycan şəraitinə uyğunlaşdırılmasını təmin ediblər. Bu, ətraf mühit və iqlim dəyişmələri məsələlərinə xüsusi diqqət ayırmaqla DİM-ləri uşaqlara təqdim etmək məqsədi daşıyır. Hər bir sinifdə bu cür dərsin keçirilməsi məqsədilə müəllimlərin hazırlanması üçün Bakı və Xaçmaz şəhərlərinin ümumilikdə 20 məktəbini təmsil edən müəllimlər sentyabr ayından etibarən keçirilən silsilə təlimlərə cəlb olunublar. Azərbaycan dilində mövcud olan materiallar və qeyd olunan 20 məktəb haqqında müvafiq məlumatlar sözügedən qlobal təşəbbüsə aid veb-saytda yerləşdirilib.

"Dünyanın ən böyük dərsi” dünya ölkələrinin İordaniya Kraliçası Rania əl-Abdullah kimi rəsmi şəxslər, habelə amerikalı tennis ulduzu Serena Uilyams və braziliyalı futbolçu Neymar kimi ictimai xadimlər tərəfindən dəstəklənir. Bununla yanaşı, hər il müxtəlif ölkələrin hökumət rəhbərləri bu cür dərslərin keçirilməsinə müəllim və ya iştirakçı qismində qoşulurlar.

"Dünyanın ən böyük dərsi” haqqında əlavə informasiya əldə etmək üçün "www.globalgoals.org/worldslargestlesson” veb-səhifəsinə baxın.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video