28 Noyabr 2018 00:38
815
Mədəniyyət
A- A+

Mədəniyyət xalqımızın vizit kartıdır


Adət-ənənələrimizi, folklorumuzu, duyğuların tərcümanı olan musiqimizi, qitələri dolaşaraq dünyanın ən məşhur salonlarını heyran qoyan muğamımızı, milli-mənəvi dəyərlərimizi yaşadan zəngin mədəniyyətimiz bu gün xalqımızın bəşəriyyətə qürurla təqdim edə biləcəyi vizit kartıdır. Müasir dünya dövlətlərinin nizamında dinamik sosial-iqtisadi inkişafı ilə diqqəti çəkən Azərbaycan bu gün həm də milli mədəniyyətin qururverici intibaha qovuşduğu, başdan-başa canlı muzeyə çevrilən cənnətməkan, füsunkar bir diyarıdır.

Milli mədəniyyətimizin çiçəklənən bu günü ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyən etdiyi Azərbaycançılıq ideyasının təntənəsidir. Prezident İlham Əliyev öz siyasi varislik missiyasını ölkənin sosial-iqtisadi həyatının bütün istiqamətlərində olduğu kimi milli mədəniyyətin inkişaf etdirilməsində, dünyaya yaradıcılıqla təqdim olunmasında da uğurla reallaşdırır. Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyeva öz məqsədyönlü fəaliyyəti ilə milli mədəniyyətimizin ən böyük hamisi kimi tanınmışdır. Məhz Mehriban xanımın təşəbbüsü və qayğısı ilə milli musiqimiz, muğamımız sərhədləri aşır, yaxın-uzaq ölkələri dolaşaraq könülləri fəth edir, xalqımızın sülh, dostluq, əməkdaşlıq, barış istəyini bəşəriyyətə son dərəcə əhəmiyyətli bir təqdimatla çatdırır.

Şərəfli tarixə, zəngin keçmişə malik xalqımızın yaşadığı son on beş il sürətli yüksəliş, intibah dövrü kimi qürurvericidir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında yeni mədəniyyət obyektlərinin tikintisinə, təmir-bərpa işlərinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə də kifayət qədər böyük diqqət ayrılır. Bu qayğının nəticəsidir ki, ölkəmizin paytaxtı Bakı ilə yanaşı bölgələrdə də tarixi-mədəniyyət abidələrinin qorunub saxlanması təmin edilmiş, mövcud mədəniyyət obyektləri keyfiyyətlə təmir edilərək müasir görkəm almış, bölgələrdə yeni muğam mərkəzləri inşa olunmuşdur. Mədəniyyət sahəsində başlanmış köklü islahatlar öz səmərəsini verməkdədir. Yaradılmış regional mədəniyyət ocaqları idarəetmənin təkmilləşdirilməsinə, rayonlar arasında qarşılıqlı əlaqələrin, faydalı əməkdaşlığın güclənməsinə əhəmiyyətli təsir göstərir, keçirilən mədəni-kütləvi tədbirlərin rolunu, səmərəsini artırır.

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə, Tərtər, Yevlax rayonlarını və Mingəçevir şəhərini əhatə edir. İdarənin rəisi İlyas Hacıyev bizimlə söhbətində dedi:

- Dünyada böyük enerji resurslarına, zəngin təbii sərvətlərə malik ölkə kimi məşhur olan doğma Azərbaycan həm də qədim mədəniyyətə, qiymətli milli-mənəvi dəyərlərə sahib məkan kimi tanınır. Prezident İlham Əliyevin xalqın həyatında mədəniyyətin oynadığı əvəzsiz rolu səciyyələndirən bir fikrini xatırlatmağı vacib hesab edirəm. Dövlət başçısı deyir: "Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir. Dünyanın müxtəlif yerlərində Azərbaycan günləri keçirilir. Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu artıq bütün dünya bilir”. Dövlət başçısının xalqın mənəvi sərvəti olan mədəniyyətə verdiyi belə yüksək dəyər, təbii ki, bizim məsuliyyət hissimizi birə-min artırır, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə ruhlandırır və yaradıcılıq imkanlarını genişləndirən güclü stimula çevrilir. Son illər artan dövlət qayğısı regionun mədəniyyət müəssisələrinin yeniləşən, müasirləşən görkəmində, tarixi abidələrin zövqlə təmir edilməsində, mədəni xidmətin nəzərəçarpacaq dərəcədə yüksəlməsində, bütövlükdə sahənin maddi-texniki bazasının əsaslı şəkildə möhkəmlənməsində özünü açıq-aydın göstərir. Bu davamlı qayğı sayəsində regionda hər kəs tərəfindən razılıq, minnətdarlıq doğuran misilsiz işlər kimi qarşılanır. Daha çox diqqət çəkən işləri qeyd etmək istərdim. Bərdədə el arasında Nüşabə qalası kimi tanınan XIV əsrə mənsub Bərdə türbəsi dövlət başçısının təşəbbüsü ilə əsaslı şəkildə təmir edilmiş, ətrafında gözəl park salınmışdır. Bu il Bərdə Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir edilmiş, təmirdən sonra burada dövlət başçısının sədrliyi ilə pambıqçılıq rayonlarının respublika müşavirəsi keçirilmişdir.

Dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Cəbhə bölgəsini hər zaman diqqət mərkəzində saxlayan ölkə rəhbərinin təşəbbüsü ilə Tərtər şəhərində milli memarlıq üslubunda tarix-diyarşünaslıq muzeyi inşa edilmişdir. Bu yaraşıqlı bina son illər sürətlə dəyişib gözəlləşən Tərtərin yaraşığında diqqətçəkən naxışa çevrilmişdir. Muzey müasir görkəmi, zəngin eksponatları ilə sözün həqiqi mənasında ziyarətçiləri heyran edir. Bərdə rayonunda şəhid Ziyafət Balıyevin adını daşıyan Yenidaşkənd kənd folklor evi əsaslı şəkildə yenidən qurulub sakinlərin istifadəsinə verilmişdir. Bərdə və Tərtər rayonlarındakı Heydər Əliyev Mərkəzlərində, Mingəçevir Şəhər Tarix-Diyarşünaslıq Muzeyində, Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin binasında, mərkəzi kitabxana və xalq teatrı binalarında, mədəniyyət mərkəzində aparılan təmir-bərpa işləri son dövrlərdə həyata keçirilən tədbirlərin bir hissəsidir. Regionun çoxsaylı mədəniyyət işçilərini səmərəli fəaliyyətə, yaradıcılıq axtarışlarını genişləndirməyə, bütövlükdə mədəni xidmətin səviyyəsini yüksəltməyə sövq edən əsas şərtlərdən biri də Mədəniyyət Nazirliyi tərəfindən əhatə olunduğumuz böyük qayğı ilə yanaşı ciddi tələbkarlığın olmasıdır. Ümumi işimizin xeyrinə olan təklif və müraciətlərə rəhbərlik tərəfindən göstərilən həssas münasibət, xüsusi diqqət təbii olaraq məsuliyyət hissimizi daha da artırır.

Ölkəmizdə inkişaf, yüksəliş həyatın bütün, sahələrini əhatə edir. Genişmiqyaslı tikinti, abadlıq, quruculuq işləri hər bölgədə, hər regionda diqqət çəkir. Sürətlə yeniləşən vətənimizdə müasir dövrün tələblərinə uyğun milli mədəniyyətimiz də inkişaf edib, çiçəklənir. Məmnunluq yaradan bu reallıq Bərdə regional Mədəniyyət İdarəsinin fəaliyyətində də özünü aydın şəkildə büruzə verir. Elə bayram, elə əlamətdar gün olmur ki, mədəniyyət işçiləri xidmət etdikləri bölgələrdə xoş ovqat, yüksək əhvali-ruhiyyə yaratmasınlar. Vaxtaşırı ərazidəki hərbi hissələrdə olan mədəniyyət işçiləri, incəsənət ustaları ifa etdikləri maraqlı musiqi proqramları ilə əsgər və zabitlərdə döyüş ruhunu artırır, vətənpərvərlik hissini gücləndirirlər.

Regional Mədəniyyət İdarəsinin rəhbəri İlyas Hacıyev söhbətində bir məqama xüsusi diqqət yetirərək dedi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması cari ildəki fəaliyyətimizin əsas istiqamətlərini müəyyən etmişdir. Artıq il başa çatmaq üzrədir. Regionun mədəniyyət işçiləri sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar tərtib etdikləri xüsusi iş planında nəzərdə tutulan tədbirlərin icrasını yüksək peşəkarlıqla təmin edir, cümhuriyyətimizin mübarizələrlə dolu şərəfli yolunu maraqlı ədəbi-bədii təqdimatlarla nümayiş etdirirlər.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video