27 Noyabr 2018 14:00
1965
PARLAMENT
A- A+

2019-cu ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır


Noyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İlk olaraq "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu haqqında məsələ müzakirəyə çıxarıldı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatından sonra bu məsələ ikinci səsvermədə təsdiq olundu.

Bütün parametrlər əsaslandırılıb

Sonra "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Qanun layihəsinin birinci oxunuşdakı müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, hökumət dövlət başçısı İlham Əliyevin göstərişlərini əsas tutaraq 2019-cu il üçün dövlət büdcəsi layihəsini hazırlayarkən qarşıdakı orta dövrdə davamlı inkişafı təmin etməyi, qeyri-neft sektorunda özünü göstərən müsbət meyillərin daha da güclənməsini, iqtisadi inkişafla sosial inkişaf arasında əlaqənin möhkəmləndirilməsini, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq imkanlarından səmərəli istifadə edilməsini bilavasitə diqqət mərkəzində saxlamışdır. Dövlət büdcəsinin bütün əsas parametrləri kifayət qədər əsaslandırılmışdır. Dövlətin konkret məqsəd və vəzifələrinin həyata keçirilməsi nəzərə alınmışdır. Büdcə layihəsi hazırlanarkən qlobal risklərdən qorunmaq, gizli iqtisadiyyatın əsaslı şəkildə azaldılması, əmək münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərə xüsusi yer verilmişdir.

Komitə sədrinin sözlərinə görə, büdcə müzakirələrindən çıxarılan mühüm nəticələrdən biri də odur ki, dövlətimiz inkişaf etdikcə onun iqtisadi siyasəti, bu siyasətin tərkib hissəsi olan dövlət büdcəsinin hazırlanması, təqdim edilməsi və müzakirə prosesi də təkmilləşir, inkişafın daha sürətli, keyfiyyətli olması, yeni maliyyə mənbələrinin müəyyən edilməsi, məşğulluğun artırılması, sosial göstəricilərin yaxşılaşması üçün hökumət, müvafiq iqtisadi strukturlar daha fəallıq, peşəkarlıq nümayiş etdirirlər.

Müzakirələr zamanı deputat Sahibə Qafarova təhsil xərclərinin artırılmasını təqdir etdi. Bildirdi ki, bu ötən ilə nisbətən 11,3 faiz çoxdur. Təhsil xərclərinin artırılması bu sahədəki islahatların gələn ildə də sürətlə həyata keçirilməsini təmin edəcək. Sahibə Qafarova təmsil etdiyi Şəmkir rayonu ilə də bağlı təkliflərini diqqətə çatdırdı.

Bildirdi ki, seçicilərlə görüşləri zamanı onlar Şəmkir şəhərindəki Füzuli və Cahangir Rüstəmov adına orta məktəblərin binalarının yenidən qurulmasını və əsaslı təmirini, Atabəy kəndinin qazlaşdırılmasını, Əliyaqublu və Dağ Cəyir kəndlərində mədəniyyət evlərinin yenidən qurulmasını xahiş edirlər. Deputat gələn ilin dövlət büdcəsində bu məsələlərə diqqət yetirilməsini təklif etdi.

Deputat Cavanşir Paşazadə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın cənub rayonlarında görülən işlərdən danışdı. Qeyd etdi ki, bölgənin inkişafına xidmət edən bu işlər bütün əhali tərəfindən təqdir olunur. Cavanşir Paşazadə çayçılıqla da bağlı təkliflərini diqqətə çatdırdı.

"Güclü dövlətin güclü büdcəsi olar və Azərbaycanın gələn il üçün dövlət büdcəsinin layihəsi bunu təsdiq edir” - deyən deputat Novruzəli Aslanovun sözlərinə görə, Prezident İlham Əliyev bölgələrə hər səfərindən sonra yeni layihələrin həyata keçirilməsi və görülən işlərin sürətləndirilməsi üçün sərəncamlar imzalayır. Bu məqsədlə dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Prezidentin Ehtiyat Fondu özünün operativliyi, çevikliyi ilə seçilən maliyyə bazasıdır. Zəruri hallarda bu və ya digər sahələrə maliyyə vəsaitinin ayrılmasını təmin edir. Ona görə hər hansı layihənin reallaşmasında maliyyə çatışmazlığı, problem olmur. Ölkəmizdə sosial layihələrin həyata keçirilməsində Prezidentin Ehtiyat Fondunun xüsusi əhəmiyyəti var. N.Aslanov bunları nəzərə alaraq Prezidentin Ehtiyat Fondunun imkanlarının daha da artırılmasını təklif etdi.

N.Aslanov mədəni-tarixi abidələrin bərpası və qorunması ilə də bağlı təkliflərini diqqətə çatdırdı. Bildirdi ki, indiyədək çoxlu sayda mədəni-tarixi abidə bərpa olunub. Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən əlavə vəsaitin ayrılması isə görülən işləri daha da sürətləndirər.

Deputatlardan Mirkazım Kazımov və Mirzəcan Xəlilov da layihə ilə bağlı fikirlərini bildirdilər.

Gəlirlərdə 251 milyon, xərclərdə isə 410 
milyon manat artım

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərə münasibət bildirdi. Qeyd etdi ki, Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərinin ilkin proqnoza nisbətən 251 milyon manat artırılaraq 23 milyard 168 milyon manata, xərclərinin isə ilkin proqnoza nisbətən 410 milyon manat artırılaraq 25 milyard 190 milyon manata çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, büdcə gəlirlərinin və xərclərinin artımı əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalarda gözlənilən artım hesabına baş tutacaq.

Qeyd edildi ki, deputatların təklifləri əsasında layihəyə dəyişiklik olunub və onların ümumi maliyyə tutumu 610 milyon manat təşkil edir. Bu məbləğin 200 milyonu qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, 80 milyonu regionlarda məşğulluq səviyyəsinin artırılmasına, 2,7 milyonu Gənclər Fonduna ayrılır. Həmçinin, 2019-2020-ci illərdə dövlət sifarişi əsasında təhsil alan ali məktəb tələbələrinin sayının artırılması və digər təhsil xərclərinə 11 milyon manat nəzərdə tutulur. Eyni zamanda AMEA-ya əlavə 800 min manat, yeni doğulmuş eşitmə və ürək qüsurlu uşaqların müalicəsinə əlavə 4 milyon manat, Milli Məclisin saxlanma xərclərinə əlavə 10,1 milyon manat, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və kənd təsərrüfatı xərcləri üçün əlavə 40 milyon manat ayrılacaq. Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları ilə yeni yaradılan və strukturunda müvafiq dəyişikliklər edilən bir sıra təşkilatlarda maliyyə təminatının həll edilməsi məsələsi üçün 5.5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda təsdiq olundu.

İclasda dövlət büdcəsi zərfinə daxil olan "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” və "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də ikinci oxunuşda müzakirəyə təqdim olundu. Layihələrlə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, həmçinin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şərh verdilər. Qanun layihələri ikinci oxunuşda qəbul olundu.

Qeyd edək ki, iclasda Milli Məclisin Sədri Oqtay Əsədov "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” və "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanunlara növbəti ildə yenidən baxılmasını təklif etdi.

Fundamental
əhəmiyyət kəsb edən vergi islahatları

Daha sonra "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, təqdim edilmiş dəyişikliklər iqtisadi həyatda gedən prosesləri bütün meyarlar baxımından obyektiv qiymətləndirmək, iqtisadiyyatın dinamik, keyfiyyətli inkişafında səmərəlilik, şəffaflıq, sahibkarlıq kimi vacib amillərin rolunu artırmaq, daha sivil, mütərəqqi əmək münasibətlərini formalaşdırmaq, gizli iqtisadiyyatın səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq məqsədi daşıyır. Bu dəyişikliklər, sözün əsl mənasında, çox böyük məna daşıyır və istər iqtisadi, istər siyasət, istərsə də mənəviyyat baxımından fundamental əhəmiyyət kəsb edir. Ona görə də bu gün bu dəyişikliklərə cəmiyyətdə böyük maraq var. Dəyişikliklər həm qanun pozuntuları üçün maliyyə sanksiyalarının tətbiqini, həm də qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarlıq subyektlərinin ödədikləri dividentlərin vergidən azad edilməsini, özəl sektorda çalışan işçilərin əməkhaqlarından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılmasını, dövlət orqanları ilə aparılan elektron məlumat mübadiləsinin genişləndirilməsi kimi məsələləri əhatə edir.

Qanun layihəsi barədə vergilər naziri Mikayıl Cabbarov da şərh verdi. Onun sözlərinə görə, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə məsələni əhatə edir. Vergi tutma bazasının vergi yükünün artırılması yolu ilə deyil, kölgədə fəaliyyət göstərənlərin vergi tutmaya cəlb edilməsi yolu ilə genişləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd olundu ki, gizli iqtisadiyyatda çalışan şəxslər pensiya və sosial sığorta sistemindən kənarda qalırlar. Bu isə gələcəkdə onları layiqincə pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan yeni dəyişikliklər 100 minlərlə insanın pensiya sistemindən yararlanmasına xidmət edəcək.

Müzakirələr zamanı parlamentin komitə sədri Əli Hüseynli, deputatlardan Fazil Mustafa, Vahid Əhmədov, Əli Məsimli, Elmira Axundova, Çingiz Qənizadə, Zahid Oruc, Musa Quliyev və Hikmət Məmmədov layihə ilə bağlı fikir və təkliflərini bildirdilər. Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Aksiz markasız məhsulun satışına
görə maliyyə sanksiyası tətbiq olunacaq

Günün ikinci yarısında Milli Məclis İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirəyə çıxartdı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu sənəd vergi islahatlarının bir elementi kimi qəbul olunmalıdır.

Təklif olunan dəyişikliyə əsasən, aksiz markası ilə markalanmalı olan malların marka olmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə, cəza tədbiri olaraq inzibati cərimə deyil, maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Dəyişiklik səsə qoyularaq qəbul edildi.

İclasda həmçinin "Büdcə sistemi haqqında” və "Dövlət borcu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr də təsdiqləndi.

İşsizlikdən sığortanın hesablanmasını 
Vergilər Nazirliyi həyata keçirəcək

"Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında” və "Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr haqqında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi.

Dəyişiklik qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində atılan addımlara dəstək məqsədi ilə həyata keçirilir. Dəyişikliyə əsasən həm sahibkarın, həm də işçinin hüquqları daha dolğun tənzimlənəcək.

Digər dəyişikliklər isə islahat məzmunlu olaraq 6 maddəni əhatə edir. Belə ki, 2019-cu ildən işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu səbəbdən də sığortaçının, sığortaedənin və sığortaolunanların hüquq və vəzifələrində, uçot qaydalarında dəyişikliklər nəzərdə tutulub.

45 min nəfərin pensiyası 35 faiz artacaq

"Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik daha çox pensiya yaşına çatan şəxslərə şamil ediləcək güzəştlərlə bağlıdır. Belə ki, əvvəllər 25 il əmək stajı toplamayan şəxsin pensiya hüququ yox idi. Amma yeni dəyişikliyə əsasən, 100 minə yaxın insanın pensiya hüququ yaranır. "Həmişə hər bir vətəndaş yaşa görə əmək pensiyasına çıxan zaman ondan 25 il staj tələb olunurdu. Bu staj olmayan zaman isə müraciət edən vətəndaş pensiyaya çıxa bilmirdi və müəyyən problemlər yaranırdı. Dəyişikliyə görə, pensiya almaq üçün müraciət edən hər bir vətəndaşa 2006-cı ilə qədər 25 il staj hesablanacaq. Məsələn, bir adam pensiyaya çıxmaq istəyir və onun 25 il stajı yoxdur. Bu zaman ona 2006-cı ilə qədər 25 il staj hesablanacaq. Hesab edirik ki, bu hesabla da pensiya hüququ əldə edən vətəndaşların sayı və onlara ödəniləcək məbləğ artacaq” - deyə Hadi Rəcəbli bildirib.

Dəyişikliklə bağlı məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə dedi ki, 2019-cu ildə 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək. Gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq. 2019-cu ildən başlayaraq Azərbaycan vətəndaşlarına pensiya təminatı avtomatlaşdırılmış qaydada aparılacaq.

Parlamentin İntizam Komissiyasının
üzvlərinin sayı artırıldı

Gündəlikdəki 3 sənəd - Azərbaycan Respublikası 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, "Milli Məclis deputatının statusu haqqında” və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri (üçüncü oxunuş) haqqında komitə sədri Əli Hüseynli məlumat verdi.

Bilidirldi ki, parlamentin daxili Nizamnaməsinə edilən dəyişikliyə əsasən Hesablama Palatasının üzvlərinin sayının azaldılması təklif olunur. Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatasının tərkibi sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Dəyişikliklə isə auditorların sayı 7-dən 5-ə endirilib.

Digər dəyişiklik isə parlamentin İntizam komissiyasının üzvlərinin sayının artırılması ilə bağlıdır. Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam Komissiyası) maddəsinə dəyişiklik edilib. Maddəyə əsasən, Milli Məclisin İntizam Komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilib. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb.

Layihələr müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edildi.

Monqolustan və
Çiliyə vizasız gediş mümkün olacaq

İclasda həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” və "Azərbaycan Respublikası Hökuməti ilə Çili Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri də təsdiqləndi.

Sənədlərlə bağlı məlumat verən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, sazişlərə əsasən bu ölkələrə səfər edən xidməti, diplomatik və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi nəzərdə tutulır.

"Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişinin (Lapis Lazuli Marşrutu Sazişi)” təsdiq edilməsi haqqında və "Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə” çoxtərəfli sazişə qoşulmaq haqqında sənədlər də səsə qoyularaq qəbul edildi. Həmçinin "Vəkillər və vəkillik fəaliyyəti haqqında”, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, "Dövlət rüsumu haqqında”, "Baytarlıq haqqında”, "Fitosanitar nəzarəti haqqında”, "Yeyinti məhsulları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələr də üçüncü oxunuşda təsdiqləndi. Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video