27 Noyabr 2018 00:52
1178
SİYASƏT
A- A+

Azərbaycan etibarlı tərəfdaşdır


Prezident İlham Əliyevin ötən həftə Belarus və Türkmənistana rəsmi səfərləri bunu bir daha təsdiq edir


İnkişafı və müstəqil siyasəti ilə fərqlənən, Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi uğurlar olduqca sanballı və çoxşaxəlidir. Bu, cəmi 26 illik müstəqillik tarixi olan respublikanın beynəlxalq münasibətlər sistemində böyük nüfuz və dərin ehtiram qazanmasını, söz sahibi olan dövlətlərlə bir sırada dayanmasını təmin edib.


Azərbaycanın sınanmış müttəfiqi


Başqa bir reallıq isə Azərbaycanın uğurlarının bütün dünyada etiraf edilməsi, ölkəmizlə əməkdaşlığın dərinləşdirilməsi, qazandığımız təcrübənin öyrənilməsi barədə təkliflərin səsləndirilməsidir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ilə görüşən xarici ölkələrin rəsmiləri - dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri Cənubi Qafqazın lideri Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını bəyan edirlər. Bu fikirlər ötən həftə Prezident İlham Əliyevin Belarus və Türkmənistana rəsmi səfərləri zamanı keçirdiyi görüşlərdə bir daha eşidildi.

Ümumiyyətlə, MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək, keçmiş sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri müasir dövrün tələbləri səviyyəsində inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində vacib məsələlərdən biri kimi nəzərdən keçirilir. Ulu öndər Heydər Əliyevin xarici siyasətdə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edən Prezident İlham Əliyev ötən 15 ildə postsovet respublikaları ilə münasibətlərə xüsusi önəm verib. Dövlət başçısının MDB-nin iqtisadi potensialına görə seçilən respublikalarından sayılan Belarusa son rəsmi səfəri bu nöqteyi-nəzərdən diqqəti cəlb edir. Bu səfər ikitərəfli əlaqələrə əlavə impulslar vermək, genişmiqyaslı əməkdaşlıq üçün mövcud potensialdan hərtərəfli yararlanmaq baxımından vacib əhəmiyyət kəsb edirdi.

Amma ən əsası ondan ibarətdir ki, Azərbaycan-Belarus münasibətləri bu gün özünün ən yüksək zirvəsinə çataraq strateji tərəfdaşlıq mahiyyəti daşıyır. Bir-birindən kifayət qədər coğrafi uzaqlıqda, ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olmalarına baxmayaraq Azərbaycan-Belarus bir-birlərinin etibarlı tərəfdaşı və yaxın dostlarıdır. Məlum olduğu kimi, Belarus Azərbaycanın üzv olmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Lakin rəsmi Minsk tərəfdaşlığa sadiq qalaraq Azərbaycanın iştirak etmədiyi bu təşkilatda ölkəmizin mövqelərini qətiyyətlə müdafiə edib, KTMT-də, Avrasiya İttifaqı çərçivəsində Ermənistanın istədiyi addımı atmasına imkan verməyib. Minskdə keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev bu barədə deyib: "Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir”.

Belarus ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlığın bariz nümunəsidir. Həqiqətən də iki ölkə arasında əlaqələrin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən Belarus-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır, uğurla inkişaf edir. Səfər zamanı dövlət başçılarının iştirakı ilə 9 sənəd imzalandı. Bu sənədlər Azərbaycan ilə Belarus arasında iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, hüquq-mühafizə, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Ən vacib sənəd isə dövlət başçıları tərəfindən imzalanmış birgə bəyanatdır. Bəyanatın 6-cı maddəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar məqamlar öz əksini tapıb. Bu, bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət, o cümlədən Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir.

Azərbaycan-Belarus əlaqələrinin bu səviyyəyə çatmasında dövlət başçılarının şəxsi dostluq münasibətləri əvəzsiz rol oynayır. İndiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarusa beş dəfə, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko isə Azərbaycana dörd dəfə rəsmi səfər edib. Bundan başqa dövlət başçıları işgüzar səfərlərlər də ediblər. Bu cür çoxsaylı qarşılıqlı səfərlər prezidentlər arasında olan səmimi dostluğun və Belarus-Azərbaycan əməkdaşlığının məzmun və mahiyyətinin və strateji xarakter daşımasının təsdiqidir.


Regional əməkdaşlığa xidmət edən razılaşmalar


Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri isə göstərdi ki, iki ölkənin münasibətlərində yeni mərhələ başlayır. Xatırladaq ki, hələ 2017-ci ildə "Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu mənada Aşqabadda aparılan danışıqlar əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edir.

Bu səfər isə Türkmənistan tərəfinin xahişi ilə baş tutub. Səfərdən öncə Türkmənistan baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana səfər etmişdilər.

Səfər zamanı prezidentlər arasında istər təkbətək, istər geniştərkibli görüşdə olduqca konstruktiv və səmərəli danışıqlar aparıldı. Dövlət başçıları ikitərəfli əlaqələrin, ayrı-ayrı sahələr üzrə əməkdaşlığın bütün aspektlərini, yəni, onların cari və perspektiv vəziyyətini, o cümlədən regional təhlükəsizlik və beynəlxalq münasibətlərə dair məsələləri nəzərdən keçirdilər. Görünən odur ki, həm Azərbaycan, həm də Türkmənistan ikitərəfli münasibətlərin daha da inkişafında maraqlıdır.

Danışıqların yekunu olaraq iki ölkə arasında 21 sənəd imzalandı. Bu sənədlər iki qonşu dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud hüquqi bazasını daha da möhkəmləndirəcək. Eyni zamanda çoxsaylı sənədlərin imzalanması ikitərəfli münasibətlərin, əməkdaşlıq həcminin və qardaşlıq münasibətinin göstəricisidir. Yalnız yaxın ölkə ilə siyasi və iqtisadi fəaliyyətin bu cür müxtəlif istiqamətləri üzrə işləmək mümkündür.

Azərbaycan və Türkmənistan prezidentləri siyasi, iqtisadi, ticarət, energetika, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi apardılar. Prezidentlərin danışıqlarında əsas diqqət yetirilən məsələlərdən biri də nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Buraya yaradılmış müasir nəqliyyat infrastrukturunun potensialından hər iki dövlətin iqtisadi maraqları naminə səmərəli istifadə və logistika imkanlarının daha da artırılması daxildir. Ona görə tərəflər avtomobil, hava, su və dəmir yolu nəqliyyatında tranzit dəhlizlərini inkişaf etdirmək və düzgün logistika tərtib etmək barədə razılığa gəldilər.

Azərbaycan və Türkmənistan son illərdə öz ərazilərində müasir nəqliyyat infrastrukturunun yaradılmasına və logistika imkanlarının artırılmasına böyük sərmayələr yatırıblar. Təsadüfi deyil ki, həm Türkmənistanda, həm də Azərbaycanda bu il beynəlxalq ticarət limanlarının açılması eyni vaxtda, eyni ayda - may ayında baş verib. Azərbaycanın təşəbbüsü ilə çəkilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ötən ildən istifadəyə verilib və bununla da” Şərq-Qərb nəqliyyat dəhlizi”nin Azərbaycanın və Türkmənistanın yerləşdiyi coğrafiyadan keçən imkanları daha da yüksəlib. Təbii ki, bütün bunlar hər iki ölkə üçün əmtəə dövriyyəsini və tranzit daşımalarını artırmağa yol açır. Bu mənada Prezident İlham Əliyevin səfəri zamanı əldə olunan razılaşmaların nəticəsi olaraq yaxın zamanlarda Azərbaycanla Türkmənistan arasında Şərq-Qərb və Qərb-Şərq nəqliyyat marşrutları üzrə tranzit yüklərin həcminin artması müşahidə olunacaq. Beləliklə də, nəqliyyat sahəsində olan razılaşmalar hər iki ölkəyə böyük mənfəət gətirəcək. Bu, həm də yeni iş yerlərinin açılmasına, iqtisadi fəallığa, Böyük İpək yolu üzərində yerləşən ölkələrdə həyat səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxaracaq.

Onu da qeyd edək ki, nəqliyyat sahəsində olan ikitərəfli əməkdaşlıq həm də regionda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Bu mənada həm iqtisadi dividendləri, həm də təhlükəsizliyə verəcəyi töhfələrin əhəmiyyəti nəzərə alınaraq bundan sonra iki ölkə arasında məhz nəqliyyat-tranzit dəhlizləri və logistikanın inkişafı məsələləri ilə məşğul olacaq xüsusi komissiya da fəaliyyət göstərəcək. Çünki imzalanan sənədlərdən biri Azərbaycanla Türkmənistan arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiyanın yaradılması haqqında Sazişdir.

Bütövlükdə, bu səfər Türkmənistanla Azərbaycan arasında ənənəvi qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edir, regionda əməkdaşlığın gözəl nümunəsini yaradır. Çünki Aşqabadda səsləndirilən təşəbbüslər, əldə edilən razılaşmalar regional tərəfdaşlığın dərinləşməsinə xidmət edir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video