27 Noyabr 2018 00:51
444
İQTİSADİYYAT
A- A+

BTC-nin 4001 tankerlik yükü


3,1 milyard bareldən çox neft bu tankerlərlə dünya bazarlarına göndərilib


Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri 12 ildən çoxdur yayın qızmarının, qışın şaxtasının sınaqlarından layiqincə çıxır. Hazırda növbəti qışın astanasındayıq. Doğrudur, Azərbaycanda BTC əsasən düzənlik ərazilərdən keçir və bu yerlərə hələ qar yağmayıb, çöllər, yollar buz bağlamayıb.

Gürcüstanda və Türkiyədə isə kəmərin keçdiyi dağlıq ərazilərin çoxu artıq qar örtüyü altındadır. Xüsusilə Türkiyədə kəmərin ən yüksək nöqtəsi 2830 metr olan dağlardan keçdiyi yerlərdə. Lakin bütün bunların BTC-nin ahəngdar fəaliyyətinə heç bir maneçiliyi yoxdur.

BTC həmişə fasiləsiz və təhlükəsiz işləyir. Müasir dövrdə karbohidrogenlərin daşınmasının ən etibarlı vasitəsi boruları torpağın altından keçən boru kəmərləridir ki, BTC də məhz bunların sırasındadır. Onun boruları keyfiyyətlə istehsal olunub və etibarlı şəkildə örtüklənib. Kəmərin yerüstü obyektlərinin - 8 nasos və 98 siyirtmə stansiyasının işi də dəqiq təşkil olunub. Bu obyektləri yüksək keyfiyyətli qurğu və cihazlarla bacarıqlı və təcrübəli mütəxəssislər idarə edir. Bütün sistemin daim saz vəziyyətdə olması diqqət mərkəzindədir. BTC-nin operatoru olan BP şirkətinin verdiyi məlumata görə, bu ilin üç rübü ərzində kəmərin əməliyyat xərclərinə 87 milyon dollara qədər, əsaslı xərclərinə 21 milyon dollara yaxın vəsait sərf olunub.

Xatırladaq ki, 2005-ci ilin may ayında Bakıdakı Səngəçal terminalından BTC-yə vurulan Azərbaycan nefti Ceyhana bir il sonra çatmışdır. Kəmərin 600 min barel həcmində ilk yükü Ceyhan terminalında "British Hawtorn” tankerinə yüklənmiş və 2006-cı il iyunun 4-də dünya bazarına yola salınmışdır.

Bu ilin iyul ayında BTC-nin nəql etdiyi neftin həcmi artıq 3 milyard bareli ötmüşdür. Oktyabr ayının sonunadək isə bu rəqəm 3,1 milyard bareldən artıq olmuşdur.

Beləliklə, BTC istifadəyə verildiyi vaxtdan indiyədək 408 milyon tondan çox xam neft nəql etmişdir. Cari ilin üç rübü ərzində kəmərin vasitəsilə 25 milyon tondan çox (təqribən 189 milyon barel) xam neft ixrac olunub. Bu neft həcmləri Ceyhanda 243 tankerə yüklənib. Tam sistem kimi işə düşdüyü vaxtdan bəri kəmərin daşıdığı neft isə indiyədək Ceyhanda 4001 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Hazırda bu boru xətti ilə əsasən Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neft və "Şahdəniz” yatağından hasil olunan kondensat ixrac edilir. Bundan əlavə, BTC-yə müəyyən həcmdə Türkmənistan, Rusiya və Qazaxıstan nefti də vurulur.

Qeyd edək ki, BTC-nin 11 səhmdarı var. Bunlar BP (Böyük Britaniya, 30,1 faiz), AzBTC (Azərbaycan, 25 faiz), "Şevron” (ABŞ, 8,9 faiz), "Ekvinor” (Norveç, 8,71 faiz), TPAO (Türkiyə, 6,53 faiz); "Eni” (İtaliya, 5 faiz), "Total” (Fransa, 5 faiz), "İtoçu” (Yaponiya, 3,4 faiz), "İnpeks” (Yaponiya 2,5 faiz), "EksonMobil” (ABŞ, 2,5 faiz) və ONGC (BTC) Limited (Hindistan, 2,36 faiz) şirkətləridir.


Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video