27 Noyabr 2018 00:32
733
İQTİSADİYYAT
A- A+

Kapital qoyuluşunun artımı iqtisadi inkişafı təmin edən islahatların ilkin şərtidir


Hər bir ölkənin iqtisadi və sosial cəhətdən inkişafı vaxtında və aydın məqsədlərə hədəflənən islahatlardan keçir. Elmi və hüquqi cəhətdən əsaslandırılan bu cür islahatların həyata keçirilməsi və gözlənilən nəticələr verməsi üçünsə kapital qoyuluşu önəmli rol oynayır. Bu, dünya praktikasında özünü təsdiq etmiş faktordur.

Kifayət qədər vəsaiti olmayan ölkələr kapitalı adətən beynəlxalq qurumlar və ya digər dövlətlərin iri biznes strukturları vasitəsilə əldə edərək islahatlar həyata keçirirlər. Dünya təcrübəsində ən çox rast gəlinən belə üsuldan Filippin, Malayziya, Cənubi Koreya, Sinqapur, Tailand, Honq Konq kimi ölkələr istifadə etmişlər. Bu üsuldan yararlanan ölkələr kreditorlara çox əlverişli şərtlər təklif edir ki, onlar yüksək gəlir götürə bilsinlər. Çünki kapital adətən yüksək və etibarlı gəlir olan yerlərə can atır.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xarici kapitaldan yararlanmaq üçün neft amilindən istifadə etdi. Belə ki, xarici şirkətləri neft sənayemizə kapital qoyuluşuna cəlb etmək üçün "Əsrin müqaviləsi” imzalanmış, bu müqavilədən sonra neft sənayemizə böyük miqdarda sərmayə yatırılmışdır. Bunun sayəsində Azərbaycan iqtisadiyyatı durğunluqdan canlanmaya doğru sürətlə addımlamağa başlamışdır. 1997-ci ilin payızında həmin müqavilə çərçivəsində ilk neft hasil olunmaqla ölkəmiz böyük məbləğdə gəlir əldə etməyə imkan qazanmışdır. Bundan sonra əldə edilən vəsaitdən ölkənin ümumi inkişafı istiqamətində istifadə edilməyə və sosial-iqtisadi islahatların həyata keçirilməsinə start verilmişdir.

Həmin dövrdə islahatlar ilk növbədə xidmət sahələri və kənd təsərrüfatında həyata keçirilmişdir. İslahatların sənaye və istehsal sahələrində aparılması isə özəlləşdirmənin yekun mərhələsi olmuşdur. Lakin özəlləşdirilmə özünün müsbət nəticələrini bütün imkanları ilə göstərə bilməmişdir. Səbəb özəlləşdirilən müəssisələrin yenidən qurulması, müasir texnika və texnologiyalarla təchiz edilməsi üçün sahibkarların vəsaitlərinin olmaması idi. Odur ki, dövlət özəl sektorun formalaşması və inkişafı üçün tədbirlər görmüş və bu da nəticəsiz qalmamışdır. Bunun sayəsində ölkədə qeyri-neft sektoru formalaşmış və bu sektor tədricən iqtisadiyyatda prioritet sahəyə çevrilmişdir.

Cari ilin yanvar-oktyabr ayları üzrə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də qeyri-neft sektorunda əldə edilən uğurları əks etdirir. Məlumatda qeyd edilir ki, hesabat dövründə sənayedə istehsal edilən malların və göstərilən xidmətlərin həcmi 1,5 faiz artaraq 40 milyard manat təşkil edib. Sənayenin qeyri-neft sektorunda istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb.

Dövlət tərəfindən özəl sektorun güzəştli kreditlərlə kapitallaşdırılması ölkədə istehsal və xidmət sahələrində sahibkarların çəkisinin ildən-ilə artmasına imkan yaradıb. Hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payının 83 faizə çatması da bunu təsdiqləyir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 482,7 milyon manat vəsait qoyulub. Bu dövrdə neft sektoruna yatırılan sərmayə azalsa da, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 16,7, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 18,2 faiz artıb.

Hesabat dövründə yatırılan ümumi sərmayənin 52,3 faizi dövlət, 47,7 faizi qeyri-dövlət sektorlarının sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilən vəsaitin 69,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 62,1 faizini təşkil edib. Statistik rəqəmlərdən aydın görünür ki, dövlət bu gün də kapital qoyuluşunda üstün mövqedədir. Səbəb dünyada sərmayə yatırımında yaranan durğunluqdur. Dövlət yaranan bu boşluğu doldurmaq üçün kapital qoyuluşunu davam etdirir ki, iqtisadi inkişafın dinamikası zəifləməsin. Ölkənin əldə etdiyi iqtisadi uğurlar bu siyasətin doğru olduğunu təsdiqləyir.

Hazırda dünyanın aparıcı ölkələri arasında, xüsusilə ABŞ-la Rusiya və Çin arasında baş verən siyasi və iqtisadi gərginlik nəticəsində xarici kapital qoyuluşunda durğunluq hökm sürür. Hamı bu gərginliyin nə ilə bitəcəyini gözləsə də, hələlik onun sonu görünmür. Ancaq ölkəmizdə olan münbit investisiya mühiti imkan verir ki, belə bir şəraitdə də Azərbaycan iqtisadiyyatına xarici sərmayə qoyulsun. Bunun nəticəsidir ki, hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 354,6 milyon manat vəsait yönəldilib. Əsas kapitala yönəldilən xarici sərmayənin 3 milyard 518,9 milyon manatı Birləmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya istehsalçılarına məxsusdur.

Bütün bu vəsaitlər hesabına ilin əvvəlindən ötən 10 ay ərzində Azərbaycanda, xüsusən regionlarda müxtəlif təyinatlı çoxsaylı müəssisələr tikilib istifadəyə verilib, eləcə də yeni yollar çəkilib, körpülər salınıb, təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri inşa olunub.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video