27 Noyabr 2018 00:31
458
İQTİSADİYYAT
A- A+

Köçkünlükdə də əkib-becərirlər


Köçkünlük həyatı yaşasalar da, öz ata-baba peşələrini davam etdirən kəlbəcərlilər aqrar sahənin inkişafına töhfələr verir, məskunlaşdıqları rayonlarda icarəyə götürdükləri torpaqlarda çalışırlar. 56 şəhər və rayonda özlərinə müvəqqəti yurd-yuva qurmuş rayon sakinləri hər il istər əkinçilikdə, istərsə də heyvandarlıqda yüksək göstəricilər əldə edirlər.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov deyir ki, əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövrü ərzində də aqrar sektorda yüksək nailiyyətlər qazanmışlar. Dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində rayon üzrə iribuynuzlu qaramalın sayı 23,6 minə, davarlar 160,2 minə çatmışdır. Ev quşlarının, arı ailələrinin sayında da artım qeydə alınmışdır.

Rayon sakinləri heyvandarlığın inkişafında mütərəqqi metodlara üstünlük verirlər. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalama yolu ilə 33 baş buzov alınmış, doğulan buzovlara görə onlara 3300 manat subsidiya verilmişdir. Heyvanlar arasında epizootik tədbirlər vaxtında həyata keçirilmişdir. Respublika Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən verilmiş dərmanlar hesabına 15203 baş qaramal, 125232 baş davar müxtəlif xəstəliklərə qarşı peyvənd edilmiş, mal-qara arasında diaqnostika və seroloji müayinələr aparılmışdır.

2018-ci ilin ötən dövrü rayon taxılçıları üçün də uğurlu olmuşdur. 554 hektar sahədə məhsul yetişdirən fermerlər 452,6 ton buğda, 192 ton arpa istehsal etmiş, orta hesabla hər hektarın məhsuldarlığını 22 sentnerə çatdırmışlar.

Müxtəlif ərazilərdə məskunlaşmalarına baxmayaraq, Kəlbəcər Suvarma Sistemləri İdarəsi fermerlərin suvarma suyuna olan tələbatını ödəmək üçün bütün imkanlardan istifadə etmişdir. İdarənin balansında olan 1169 hektar sahənin suvarılmasını təmin etmək üçün böyük və kiçik həcmli kanallar lildən və bitki örtüyündən təmizlənmiş, su keçidləri, suötürücülər təmir edilmiş, ərazilərə suvarma suyunun vaxtında çatdırılması təmin olunmuşdur. Məsələn, "DUANE”-S kəndli-fermer təsərrüfatının suvarma suyu ilə təminatı üçün 4000, "Şəhriyar” kəndli-fermer təsərrüfatına məxsus torpaq sahəsində şoranlaşmanın qarşısının alınması üçün 3500 metr uzunluğunda kollektor-drenaj şəbəkəsi və 4500 metr suvarma kanalı lildən və bitki örtüyündən təmizlənmişdir. "Şəhriyar” kəndli-fermer təsərrüfatının ərazisindən fərdi təsərrüfatlara gedən suvarma kanalının sahələrə keçən hissəsinə 6 metr uzunluğunda beton boru qoyularaq baş hissəsində ötürücü quraşdırılmış, "Çilgəz” kəndli-fermer təsərrüfatının ərazisində 3800 metr suvarma kanalları təmizlənmiş, lazım olan yerlərdə təmir işləri aparılmışdır.

Göygöl rayonunda salınmış Murovdağ qaçqın şəhərciyində məskunlaşan kəlbəcərli məcburi köçkünlərin əkin sahələrinin suvarma suyu ilə təminatı da diqqət mərkəzində saxlanılır.

Artezian quyularının istismarı da nəzarətdədir. Samux rayonu Alıuşağı qəsəbəsində məcburi köçkünlərin istifadə etdikləri, Göygöl rayonu ərazisində olan Xasabağ qəsəbəsində, eləcə də Gəncədəki 1500 ailəlik qaçqın şəhərciyinin yaşıllıq ərazisinin qorunması məqsədilə istifadə olunan artezian quyularının nasosları yeniləri ilə əvəz edilmişdir.

Bu tədbirlər aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən işlərə təkan vermiş, fermerləri daha da fəallaşdırmışdır. Məhz bunun nəticəsidir ki, Bərdədəki "DUANE”-S və Samuxdakı "Babək Balacaoğlu” kəndli-fermer təsərrüfatlarında uğurlar qazanılmışdır. "Babək Balacaoğlu” kəndli-fermer təsərrüfatının rəhbəri Balaca Tağıyev dedi ki, onlara işləmək üçün hər cür şərait yaradıb. Bunun sayəsində qısa vaxt ərzində təsərrüfat xeyli genişləndirilib: "Hazırda 20 baş qaramal, 1500 baş davarımız var. Heyvanları yemləmək üçün hər il 850 hektarda yonca, xəsil əkirik. 4 yatağımız var. İl boyu heyvanları bəsləyərək satır, yerinə körpələrini alırıq”.

Rəhman İsmayılovun rəhbərlik etdiyi "DUANE”-S kəndli-fermer təsərrüfatının da uğurları çoxdur. 40 baş qaramal, 300 baş davarı olan təsərrüfat 1998-ci ildən fəaliyyət göstərir və əsasən, Kəlbəcər rayonunun balansında olan 200 hektar torpaq sahəsindən istifadə edilir. Bu il 56 hektar sahədə buğda yetişdirilmiş və hər hektardan 22 sentner məhsul götürülmüşdür.

Bir sözlə, kəlbəcərlilər məcburi köçkün həyatı yaşasalar da, kənd təsərrüfatı məhsulları istehsalında əllərindən gələni əsirgəmir, istifadələrindəki torpaqda əkib-biçir, heyvandarlıqla məşğul olurlar.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video