25 Noyabr 2018 01:08
490
İQTİSADİYYAT
A- A+

Cari ilin doqquz ayında ölkə üzrə 192,5 mindən çox yeni iş yeri açılıb


Əhalinin sosial müdafiəsinin təminatı və gücləndirilməsi bütün dövlətlər üçün prioritet vəzifə hesab olunur və iqtidar-xalq münasibətlərində sosial müdafiə barometr rolunu oynayır. Əgər dövlət əhalinin sosial müdafiəsinə diqqət göstərirsə, vaxtında lazımi tədbirlər həyata keçirirsə, belə cəmiyyətlərdə sosial narazılıqlar da olmur.

Ölkəmizdə əhalinin sosial müdafiəsinin etibarlı təminatı və həyat şəraitinin yaxşılaşdırılması dövlətin diqqət yetirdiyi xüsusi sahədir. Prezident İlham Əliyev çıxışlarında dönə-dönə qeyd edir ki, əhalinin sosial müdafiəsi bizim iqtisadi siyasətimizin əsas istiqaməti, dəyişməz hədəfidir. Dövlət başçısı bunu təkcə bəyan etmir, əməli işdə də göstərir. Bu məqsədlə qanunvericilikdə dəyişikliklər edilir, müxtəlif kateqoriyalardan olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi tədbirlər görülür.

Prezident bu sahədə baş verən neqativ hadisələrə də vaxtında sərt münasibət göstərir: "Sosial sahədə ciddi islahatlar aparılır. Nazirliyin yeni rəhbərliyinə mənim tərəfimdən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır”.

Dövlət başçısı eyni zamanda sosial müdafiənin ən etibarlı forması olan məşğulluğun təmin edilməsini də önəmli vəzifə kimi mərkəzi və yerli icra orqanlarının qarşısına qoyur.

Bunun nəticəsidir ki, mütəmadi olaraq ölkədə, xüsusən də regionlarda yeni istehsal və xidmət sahələri açılır, müasir obyektlər istifadəyə verilir, aqrar sektorda əməktutumlu sahələr dirçəldilir.

Bölgələrdən söz düşmüşkən: məlumdur ki, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş dövlət proqramlarının iki əsas məqsədi var. Birincisi, bu yolla ölkənin ümumi inkişafını təmin etmək, ikincisi isə bölgələrdə əhalinin məşğulluğuna nail olmaqdır. Təkcə III Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 oktyabr 2018-ci il tarixinədək ümumilikdə 913.6 min olmaqla 624.9 min daimi iş yeri yaradılıb. Cari ilin 9 ayı ərzində isə ölkə üzrə 192.5 min yeni, o cümlədən 94.5 min daimi iş yeri açılıb.

42,4 faizinin qeyri-dövlət sektoruna aid olduğu yeni iş yerlərinin 24 faizi Bakı şəhərinin, qalanları regionların payına düşür. Bu isə bölgələrdə yaşayan əhalinin də sosial təminatının yaxşılaşması deməkdir. Qeyd edək ki, daimi iş yerlərinin 8,2 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 33,9 faizi mövcud müəssisə və təşkilatlarda, 57,5 faizi fərdi sahibkarlıq subyektlərində, qalanı fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda yaradılıb.

Cari ilin 9 ayı ərzində ölkədə həmçinin 30 min iş yeri bağlanıb. Bağlanan iş yerlərinin 88,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 73,6 faizi fərdi sahibkarlıq subyektlərinin, 8,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 18 faizi fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına görə, cari ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2 milyard 702 milyon manatdan artıq vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 177.5 milyon manat çoxdur. Bu vəsaitin 97,8 faizi pensiya xərclərinin ödənilməsinə sərf olunub. Təyin edilən aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 221 manat təşkil edib. Bu, orta aylıq əməkhaqqının 40,9 faizinə bərabərdir.

Yeri gəlmişkən qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540.5 manat olub. Əməkhaqqı neft sektorunda 3.059, qeyri-neft sektorunda 483.2, dövlət müəssisələrində 428.6, özəl müəssisələrdə isə 691.2 manata çatıb.

Əhalinin gəlirlərinə gəldikdə, cari ilin yanvar-oktyabr aylarında bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq ümumilikdə 43 milyard 871 milyon və ya əhalinin hər nəfərinə orta hesabla 4471.1 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 40 milyard 272 milyondan çox və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artıq vəsait qalıb.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video