Alternative content

14:59 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Strateji tərəfdaşlığın yeni zirvəsi
Strateji tərəfdaşlığın yeni zirvəsi
ANA SƏHİFƏ / SİYASƏT
01:38 24.11.2018


Azərbaycan və Türkmənistan liderləri Böyük İpək yolu üzərindəki nəqliyyat potensiallarını birgə gerçəkləşdirmək barədə razılığa gəldilər


"Apardığımız danışıqlar həqiqətən qarşılıqlı hörmət, qarşılıqlı etimad, mehriban qonşuluq ruhunda keçdi, bizim dostluq tellərimizi bir daha nümayiş etdirdi. Səhv etmirəmsə, Azərbaycanın böyük şairi Füzuli deyib ki, düz yol ilə gedən insana dostu həmişə kömək edər. Bu kəlam bir daha sübut edir ki, bu gün biz həqiqətən öz milli ənənələrimiz və xüsusiyyətlərimizlə mənəvi cəhətdən dəyərliyik”.

Bu, cənab İlham Əliyevi Türkmənistana rəsmi səfərə dəvət edən və noyabrın 22-də Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət verən bu ölkənin lideri Qurbanqulu Berdiməhəmmədovun söylədiyi səmimi fikirləridir. İlham Əliyevi özünün ən yaxını hesab edən Türkmənistan Prezidenti həqiqi qardaşlar kimi hər zaman bir-birini dəstəklədiklərini bəyan etdi.

Prezidentlər arasındakı bağlılıqdan söz açan İlham Əliyev isə dedi ki, liderlərin səmimi dostluğu, münasibətlərin strateji xarakteri bir daha təsdiq edir ki, bu gün iki qardaş ölkənin hərtərəfli əməkdaşlığı ən yüksək zirvədədir.


Kökü, dili, dini və mədəniyyəti eyni olan xalqlar


Dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən müstəqil Azərbaycan əksər dövlətlərlə münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur.

Azərbaycanın bir çox dövlətlərlə strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətləri də mövcuddur. Onlardan biri də Prezident İlham Əliyevin noyabrın 21-22-də rəsmi səfərdə olduğu Türkmənistandır.

Öncə onu vurğulayaq ki, iki dövlət arasında qədim tarixə malik olan münasibətlər var. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından Azərbaycan xalqına ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.

Öz ruhunun, tarixi inkişafının ümumiliyi, etnik və dil yaxınlığı olan dövlətlərin - Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin qurulması, şübhəsiz, qardaş xalqlar arasında çoxəsrlik qarşılıqlı münasibətlərin mühüm dövrünü təcəssüm etdirir.


26 illik uğurlu diplomatik münasibət


Azərbaycan-Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib. Son 10 il ərzində isə müxtəlif sahələri əhatə edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət etdib.

Hər iki ölkənin dövlət başçıları - İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun qarşılıqlı inam və etimada əsaslanan münasibətləri sayəsində Azərbaycan-Türkmənistan arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdəki əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Türkmənistan tərəfinin dəvəti ilə bu ölkəyə səfər edən İlham Əliyev də münasibətlərin yeni sürətli yüksəliş mərhələsini yaşadığını söyləyib.


80 mühüm saziş


Hər iki ölkənin dövlət başçıları mütəmadi olaraq qarşılıqlı səfərlər zamanı, eləcə də MDB Dövlət Başçıları Şurasının iclaslarında, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantılarında görüşlər keçirirlər.

Son rəsmi səfər isə ötən il gerçəkləşib. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana təşrif buyurub. Bu səfər zamanı iki ölkə arasında əlaqələri daha da möhkəmləndirən "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu sənədin imzalanması iki dost ölkənin hərtərəfli əməkdaşlığının daha da inkişafına geniş imkanlar açıb.

Onu da vurğulamaq yerinə düşər ki, bu səfərədək iki ölkə arasında 45 sənəd imzalanmışdı. İki ölkənin liderinin iştirakı ilə Bakıda daha 14 sənəd imzalanıb və bununla da əməkdaşlığın mövcud hüquqi bazası daha da möhkəmləndirilib.

İlham Əliyevin noyabrın 21-22-də Türkmənistana səfəri zamanı isə tərəflər arasında daha 21 mühüm saziş bağlandı və bununla da iki ölkə arasındakı müxtəlif istiqamətləri əhatə edən strateji sənədlərin sayı 80-ə çatdı.

Yeni sazişlərə əsasən hökumətlər arasında 2019-2021-ci illər üzrə iqtisadi-ticari, nəqliyyat tranzit və logistika, dəniz portu, elm, təhsil, mədəniyyət və incəsənət, eləcə də uzunmüddətli iqtisadi-ticari sahələr üzrə əməkdaşlıq daha da genişləndiriləcək. Bundan başqa, tərəflər Azərbaycan-Türkmənistan birgə komissiyasının yaradılması, ikiqat vergitutmanın aradan qaldırılması, ADA Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq Əlaqələr İnstitutu və Türkmənistanın Humanitar Elmlər və İnkişaf Üzrə Beynəlxalq Universiteti arasında əməkdaşlıq haqqında sazişlər də imzaladılar.


Çoxtərəfli formatda səmərəli əməkdaşlıq


Əminliklə söyləyə bilərik ki, İlham Əliyevin bu səfəri Azərbaycan-Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verəcək. Çünki ölkələrimizin energetika, nəqliyyat və digər sahələrdə reallaşdırdığı iri layihələr nəinki region, həm də dünya üçün xüsusi önəm daşıyır. Azərbaycan və Türkmənistan çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi bunun sübutudur.

Prezidentlərin imzaladığı birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərinin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir yol nəqliyyat daşımaları sahəsində əlaqələrin genişləndirilməsi regionda və bütöv Avrasiya qitəsi boyunca "Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi”nin hərtərəfli inkişafına xidmət edir.

Azərbaycanda və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılıb. Bu səfər, həmçinin iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verəcək.


Nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiya yaradılır


Dövlət başçıları birgə Bəyanatda bir sıra mühüm məqamlara da toxundular. Prezidentlər bu ilin avqust ayında "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğuladılar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə kömək göstərəcəyini qeyd etdilər.

Dövlət başçıları Azərbaycan və Türkmənistanın tranzit yüklərinin, həmçinin ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiyanın yaradılmasını dəstəklədilər. Həmçinin nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, eləcə də Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bəyan etdilər.


Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir


Dövlət başçılarının imzaladığı birgə bəyanatın əsas müddəalarına əsasən, hər iki ölkə bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiyini bir daha təsdiqlədi.

Prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini qeyd etdilər.


Bir həftədə iki ölkəyə səfər, 30 strateji sənəd


Ümumiyyətlə, İlham Əliyevin xarici səfərləri, əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində respublikamızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir.

Bu kimi mövqe dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərlə təsbit olunur. Həftə ərzində Azərbaycan və Belarus Prezidentlərinin birgə Bəyanatının ardınca Azərbaycan və Türkmənistan dövlət başçılarının birgə Bəyanatı bunun növbəti bariz nümunəsidir.

Bundan başqa, dövlətlər arasında imzalanan mühüm sazişlər münasibətlərin daha da şaxələnməsinə, iqtisadi-ticari əlaqələrin dərinləşməsinə real zəmin yaradır. Bir həftə ərzində Azərbaycanın Belarus və Türkmənistanla 30 mühüm saziş imzalaması İlham Əliyevin uğurlu xarici diplomatiyasının real təcəssümüdür.


Rəşad FÜZULİOĞLU,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM