Alternative content

14:58 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarşılıqlı etimada və möhkəm siyasi dialoqa söykənən münasibətlər
Qarşılıqlı etimada və möhkəm siyasi dialoqa söykənən münasibətlər
ANA SƏHİFƏ / SİYASƏT
01:36 24.11.2018


Prezident İlham Əliyevin noyabrın 19-da Belarusa rəsmi səfəri iki dövlət arasındakı münasibətlərin ruhuna bir daha aydınlıq gətirdi. Növbəti dəfə təsdiq olundu ki, Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. İlham Əliyevlə Aleksandr Lukaşenkonun şəxsi dostluq münasibətləri isə əlaqələrin məzmun və mahiyyətinin zənginliyinə xüsusi dinamizm verir.


Dost gəlişi


Bəli, bu səfər dostun gəlişi, dost ölkələr arasındakı qardaşlıq münasibətlərinin təcəssümü idi. Təsadüfi deyil ki, hər iki tərəf bu səfərə hələ öncədən xüsusi hazırlıq görürdü. Səfər öncəsi Azərbaycanın Belarusdakı səfirinin bu ölkənin Prezidenti tərəfindən qəbul edilməsi, Belarus səfirinin isə Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi diplomatik münasibətlərdə müstəsna bir haldır. Eyni zamanda səfərdən öncə hökumətlərarası birgə komissiyanın iclası keçirilib və iqtisadi-ticarət əlaqələrinin daha inkişaf etdirilməsi perspektivləri müzakirə olunub və yekun protokol imzalanıb. Bütün bunlar hər iki tərəfin bu səfərə nə qədər həssas yanaşdığını göstərir.

Minskdə təkbətək görüşdə də prezidentlərin ilk cümlələri dostluqla bağlı oldu. Aleksandr Lukaşenko qeyd etdi ki, belaruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər. Prezident İlham Əliyev isə bəyan etdi ki, tez-tez edilən rəsmi səfərlər bizim yaxşı münasibətlərimizin, məhz ölkələrimiz arasında çox yaxın dostluq əlaqələrinin göstəricisidir.

Diqqəti çəkən başqa bir məqam isə səfər çərçivəsində Prezident İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü, protokola görə, 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam etdi. Bu iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin ən yüksək səviyyədə olmasının növbəti bariz təsdiqidir.

Xatırladaq ki, Azərbaycan Prezidenti indiyədək Belarusa 5 dəfə, Belarus Prezidenti isə Azərbaycana 4 dəfə rəsmi səfər edib. Bundan əlavə ayrı-ayrı vaxtlarda işgüzar səfərlər də edilib. Diplomatiyada və dövlətlərarası əlaqələrdə bu cür münasibətlər nadir hallarda müşahidə olunur. Bu da ondan xəbər verir ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Azərbaycan nümayəndə heyətinin tərkibinin olduqca geniş olması isə dövlətlərarası münasibətlərin və əməkdaşlıq tellərinin kifayət qədər dərin və əhatəli olmasından xəbər verirdi. Məsələn, geniştərkibli görüşdə hər iki tərəfdən baş nazirin müavinlərinin, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, fövqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişaf etməsinin nümunəsidir.


Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ədalətlidir


Səfər nəticəsində iki ölkə arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalandı. Ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı”dır. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olundu.

Bu Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu, bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.

Bəyanatın 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası və Belarus Respublikası strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirirlər. 6-cı bənddə göstərilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbuledilmış norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd etdilər. 7-ci bəndə əsasən tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq bu istiqamətdə gələcək səylərin artırılmasının vacibliyini bildirdilər. 11-ci bənddə isə yazılır: Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəldilər.

Göründüyü kimi, Azərbaycan-Belarus münasibətlərində qarşılıqlı siyasi etimadın formalaşmasının səbəblərindən biri də rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqe və Azərbaycanın və Belarusun təmsil olunmadığı beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləmələridir. Məsələn, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Və bunu Prezident Aleksandr Lukaşenko daim bəyan edir. Minskdə keçirilən birgə mətbuat konfrasında Prezident İlham Əliyev bu barədə deyib: "Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir”.


Ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyası alınacaq


Hazırda Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq vardır. Səfər çərçivəsində bu məsələ də müzakirə edildi və Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalandı. Bu Anlaşma Memorandumundan çıxış edərək Azərbaycana hava hücumundan müdafiə sistemlərinin, hücum təyinatlı sistemlərinin təchiz edilməsi üçün kontraktların imzalanması nəzərdə tutulur. Xatırladaq ki, bundan əvvəl Azərbaycan Belarusdan Polonez raket sistemlərini, zirehli texnika və digər hərbi vasitələri almışdır.

Birgə mətbuat konfransında Prezident İlham Əliyev bu barədə deyib: "Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək”.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin Belarusa səfəri olduqca məhsuldar və səmərəli keçdi. Prezidentlərin təkbətək görüşündə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından, strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu, dövlət başçılarının qarşılıqlı səfərlərinin Azərbaycan-Belarus əlaqələrinin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik vurğulandı, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Aparılan danışıqların ümumi nəticəsi isə Birgə Bəyanatın 22-ci bəndində öz əksini tapdı: Tərəflər bərabərhüquqluluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün əldə olunan razılıqların effektiv həyata keçirilməsinin təmin edilməsinə bütün səviyyələrdə dəstək vermək üçün niyyətlərini ifadə etdilər.

Azərbaycanla Belarus oxşar keçmişə, bu günə və sabaha malikdir. Postsovet məkanına mənsub ölkələrin rastlaşdığı eyni taleyi bölüşən hər iki respublika dövlət quruculuğu prosesini də bənzər metodlarla aparır, gələcəklə bağlı perspektiv layihələrini da eyni yönümdə qurur. Ümumiyyətlə isə uğurlu sabaha doğru Azərbaycanla Belarus bir-birlərinin etibarlı dostu olaraq, qarşılıqlı etimad şəraitində gedir. Hər iki ölkə lider baxımından da bəxti gətirmiş dövlətlərdir. Çünki həm Azərbaycan, həm də Belarus uzaqgörən və müdrik dövlət rəhbərlərinin liderliyi altında düzgün müəyyənləşdirilən yolla gələcəyə doğru inamla addımlayır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM