23 Noyabr 2018 00:42
402
İQTİSADİYYAT
A- A+

Qeyri-neft sektorunun inkişaf dinamikası davam edir


Bu sektorda həm məhsul istehsalı, həm də ixracı yüksək templə artır


Dövlət Statistika Komitəsi bu ilin 10 ayı üzrə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri barədə hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, sözügedən dövrdə ölkə üzrə 65 milyard 233 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur.

Bu isə ötən ilin eyni dövründəkindən 0,8 faiz çoxdur. 10 ay ərzində ÜDM istehsalı iqtisadiyyatın qeyri-neft sektorunda 1, neft sektorunda 0,3 faiz artmışdır.

Hesabata görə, 10 ay ərzində istehsal olunmuş əlavə dəyərin 45,7 faizi sənaye, 9,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,5 faizi tikinti, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə, 14,7 faizi digər sahələrin payına düşmüşdür.

Bu dövrdə məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 6648,1 manata bərabər olmuşdur.

10 ay ərzində ölkədə 40 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,5 faiz çoxdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10 faiz artmışdır. Artım neft sektorunda da qeydə alınmışdır - 0,2 faiz. Məhsulların 73,4 faizi mədənçıxarma, 22 faizi emal, 3,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatında 0,1, əmtəəlik qaz hasilatında 3,5 faiz artım müşahidə olunmuşdur.

Emal sektorunda isə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 26,5, tütün məmulatları 2,5, elektrik avadanlıqlarının istehsalı 2,4, poliqrafiya məhsulları istehsalı 2,9, mebel istehsalı 2,1 dəfə, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 35,6, toxuculuq sənayesi məhsulları istehsalı 48,8, tikinti materialları istehsalı 28,9, metallurgiya sənayesi məhsulları istehsalı 13,3, içkilərin istehsalı 10,6, kimya sənayesi məhsulları istehsalı 3,8, kağız və karton istehsalı 6,8, ağacın emalı və ağacdan məmulatların istehsalı 21 faiz artmışdır. Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında müşahidə olunmuşdur - müvafiq olaraq 5,7 və 3,3 faiz.

Hesabata əsasən, yanvar-oktyabr aylarında əsas kapitala 11 milyard 482,7 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəkindən 11,3 faiz azdır. Bu, neft sektoruna yatırılan investisiyaların azalması ilə bağlıdır. Əvəzində isə qeyri-neft sektoruna qoyulmuş investisiyaların həcmi 16,7, o cümlədən qeyri-neft sənayesinə yatırılan kapitalın həcmi 18,2 faiz artmışdır. Yeri gəlmişkən qeyd edək ki, 10 ayda ölkə üzrə neft sektoruna 4 milyard 929,4 milyon manat vəsait yönəldilmişdir. Qeyri-neft sektoruna sərf edilən vəsaitin məbləği isə 6 milyard 553,3 milyon manat olmuşdur ki, bunun da 1 milyard 230,5 milyon manatı (ümumi sərmayənin 10,7 faizi) qeyri-neft sənayesi sektorunun payına düşmüşdür.

Bu dövrdə istifadə olunmuş ümumi vəsaitin 69,1 faizi məhsul istehsalı və 22,6 faizi xidmət obyektlərinin, 8,3 faizi ümumi sahəsi 1,6 milyon kvadratmetrdən çox olan yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 62,1 faizi daxili sərmayələr olan bu vəsaitlərin 69,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmişdir.

Xarici sərmayəyə gəldikdə, hesabat dövründə onların həcmi 4 milyard 354,6 milyon manata çatmışdır. Bu vəsaitin 80,8 faizi Böyük Britaniya, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, Rusiya və İran kimi ölkələrə məxsusdur.

Bütün bu vəsaitlər hesabına ilin əvvəlindən ötən 10 ay ərzində ölkə ərazisində çoxsaylı və müxtəlif təyinatlı müəssisə və obyektlər tikilib istifadəyə verilmişdir. Onların sırasında paytaxtda "Yasamal-1”, "Qobu” və 120 saylı elektrik yarımstansiyaları, Yüksəkgərginlikli Avadanlıqlar Zavodu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Statistika İdarəsinin inzibati binası, "Bona Dea” beynəlxalq hospital, Bakı Beynəlxalq Ticarət Limanı Kompleksi, "Dinamo” hoteli, "Abşeron” Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıtdakı Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə, Neftçala Sənaye Məhəlləsində "Xəzər” avtomobil zavodu, Xaçmazda "Azərxalça” ASC-nin filialı, Naxçıvan MR-də 922 şagirdlik 3 ümumtəhsil məktəb binası və ambulator-poliklinika, Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Naftalanda şəhər mərkəzi xəstəxanası, Goranboyda "Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, "Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, İsmayıllıda heyvandarlıq kompleksi, aqropark, elektrik yarımstansiyası, "Azərxalça” ASC-nin filialı, eləcə də Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Şamaxıda üzümçülük və şərabçılıq kompleksi, Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi-Lahıc avtomobil yolu, Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu, Masallıda Sənaye məhəlləsi və çəltik emalı müəssisəsi, Qaxda aqropark, "Yurd Notel” mehmanxanası, Lerikdə elektrik stansiyası, Xızıda "Yeni Yaşma” Külək Elektrik Parkı, Qubada meyvə emalı zavodu, "ABAD Factory” istehsalat kompleksi, Mərkəzi xəstəxana, İmişli rayonunda Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, həmçinin Bakı, Şəki, Abşeron, Balakən, Şamaxı və Tovuzda ümumilikdə 5.948 şagirdlik 6 məktəb binası və digər obyektlər var.

Ümumi inkişaf nəqliyyat, informasiya və rabitə sektorlarının fəaliyyətini də xeyli canlandırmışdır. Hesabat dövründə ölkə üzrə 188,9 milyon ton yük və 1,6 milyard nəfərdən çox sərnişin daşınmışdır ki, bu da ötən ilin eyni dövründəkindən müvafiq olaraq 1,5 və 1,3 faiz çoxdur. İnformasiya və rabitə müəssisələri isə bu dövrdə 1 milyard 530,3 milyon manatlıq müxtəlif xidmətlər göstərmişdir ki, onların da 72,8 faizindən əhali istifadə etmişdir. Keçən ilin müvafiq aylarına nisbətən dəyər ifadəsində 8,8 faiz artan həmin xidmətlərdən əldə olunan gəlirin 81,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Pərakəndə ticarət dövriyyəsində də yüksək artım qeydə alınmışdır. Belə ki, sözügedən dövrdə ölkədəki pərakəndə ticarət şəbəkəsindən əhaliyə 29,4 milyard manatlıqdan çox məhsul satılmış, 7,1 milyard manatlıq ödənişli xidmətlər göstərilmişdir. Ötən ilin eyni dövrünə nisbətən əmtəə dövriyyəsi 2,6, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə edilən gəlir 2,7 faiz artmışdır.

Bu sektordakı artımda qiymətlərdən daha çox əhalinin gəlirlərinin yüksəlməsi rol oynamışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında muzdla işləyənlərin nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 2,8 faiz artaraq 540,5 manat olmuşdur. Ümumilikdə əhalinin gəlirləri 10 ay ərzində nominal ifadədə 9,2 faiz çoxalaraq 43 milyard 871,5 milyon manata çatmışdır.

Qiymətlərə gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,4, o cümlədən ərzaq 2,1, qeyri-ərzaq 2,8, ödənişli xidmətlərin tarifləri 2,6 faiz bahalaşmışdır.

Bir neçə cümlə də Azərbaycanın xarici ticarət əlaqələri barədə. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla cari ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 23 milyard 159,4 milyon dollar olmuşdur. Ticarət dövriyyəsinin 65,9 faizini ixrac, 34,1 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 7,3 milyard dollarlıqdan çox müsbət saldo deməkdir. Ötən ilin 9 ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,3, o cümlədən ixrac 37,9, idxal 28 faiz artmışdır. Real ifadədə dövriyyə 0,2, o cümlədən idxal 2,3 faiz azalmış, ixracda 0,9 faiz artım qeydə alınmışdır. Bu artım əsasən qeyri-neft məhsulları hesabına olmuşdur. Belə ki, hesabat dövründə ölkə üzrə qeyri-neft məhsullarının ixracında ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 12,9, real ifadədə 3,5 faiz artım müşahidə edilmişdir. Bu isə qeyd olunan müddətdə 1 milyard 207,4 milyonluq qeyri-neft məhsullarının ixracı deməkdir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video