22 Noyabr 2018 12:39
1152
Elm və texnika
A- A+

Doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının açılış mərasimi keçirilib


Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının açılış mərasimi keçirilib.
İki gün davam edəcək konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Konfransda ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransın gənc alimlərin elmi fəaliyyətinə təkan verəcəyini bildirib. Ölkəmizdə elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini deyən rektor son illər universitetdə elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldiyini bildirib. C.Cəfərov vurğulayıb ki, ADPU-nun tədqiqat universiteti statusu alması qarşıda duran əsas vəzifələrdən biridir. Universitetdə gənc tədqiqatçıların yetişdirilməsinə xüsusi diqqət yetirilir və bu istiqamətdə məqsədyönlü fəaliyyət həyata keçirilir.

Təhsil naziri Ceyhun Bayramov çıxışında elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Nazir dövlətimizin başçısının Sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsinin doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruri olduğunu vurğulayan C.Bayramov qeyd edib ki, hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir. Nazir dövlət dəstəyi sayəsində elmlə məşğul olan gənclərin sayının artırılmasının mümkün olacağına əminliyini bildirib. Qeyd olunub ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 1534 nəfər magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb.

C.Bayramov bildirib ki, Təhsil Nazirliyinin "Clarivate Analytics” ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci ildə "Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. "Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycandan 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə nəşr sayında rekord göstərici hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxışında bildirib ki, gənclərin inkişafı, onların elmi fəaliyyətə cəlb edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. E.Babayev ölkəmizdə insan resurslarının inkişafı, kadr hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, gənc alimlərə kömək məqsədilə fond tərəfindən reallaşdırılan qrant layihələrinin uğurlu nəticələrindən danışıb.

Sonra gənc doktorantlar müxtəlif mövzularda çıxış ediblər.
Konfrans öz işini 15 bölmədə davam etdirib. Konfransa ali təhsil müəssisələrindən və Azərbaycan Milli Elmlər Akademiyasından 500 tezis təqdim olunub.

Konfrans çərçivəsində ADPU-nun məzunları olmuş akademik Yusif Məmmədəliyevin, akademik Zahid Xəlilovun, akademik Həsən Abdullayevin adlarını daşıyan auditoriyaların da açılış mərasimi keçirilib. Mərasimdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə olimpiadaların qaliblərinə diplomlar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video