22 Noyabr 2018 11:20
617
İQTİSADİYYAT
A- A+

Bakıda IX Azərbaycan mikromaliyyə konfransı keçirilib



Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə noyabrın 22-də Bakıda ikigünlük "Dayanıqlı inkişaf üçün potensialları reallaşdıraq" adlı IX Azərbaycan mikromaliyyə konfransı keçirilib. Konfrans çərçivəsində "Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi" layihəsinin rəsmi təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri Süleyman Kələşov qeyd edib ki, mikromaliyyələşməyə dəstək verilməsi qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyasının təmin edilməsində böyük rolu olan kiçik və orta sahibkarların inkişafı üçün çox önəmlidir. Bildirib ki, regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlığın, mikrobiznesin, ailə təsərrüfatlarının maliyyə resurslarına tələbatın ödənilməsində bank olmayan kredit təşkilatları xüsusi yer tutur. Cari ilin sentyabrın sonuna mikromaliyyə məhsullarının həcmi 273 milyon dollar təşkil edib ki, bundan da 178,928 müştəri istifadə edir. "İnanırıq ki, bu layihə maliyyə savadlılığı olan yeni nəsil sahibkarların yetişməsinə töhfəsini verəcək.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkədə davamlı olaraq institusional islahatların həyata keçirildiyini, iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında bu islahatların böyük rol oynadığını diqqətə çatdırıb. "Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi" layihəsini yüksək qiymətləndirdiyini deyən Z.Səmədzadə diqqətə çatdırıb ki, bu layihələrin reallaşması ucqar rayonlarda iş yerlərinin açılmasına, insanların həyat səviyyəsinin müəyyən qədər yaxşılaşmasına səbəb olacaq.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev qeyd edib ki, bu gün ölkədə sahibkarlıq inkişaf edir və bu sahə daim dövlətin diqqətindədir. Hazırda sahibkarlıq təşkilatlarının sayı 900 mini keçib. Bu, ölkəmizdə yaradılan əlverişli biznes mühitin bariz nümunəsi, aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir.

"ASK AMFA ilə yaxından əməkdaşlıq etməyə hazırdır. Biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalamışıq. Birgə işləməklə ölkəmizdə sahibkarlığın inkişafına dəstək vermiş olarıq", - deyə ASK prezidenti bildirib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Asim Zülfüqarov kredit təşkilatlarının fəaliyyətinin yeni qaydada tənzimlənəcəyini deyib. Bildirib ki, MBNP-nin əsas hədəfi məsuliyyətli borclanma modelinə keçmək, maliyyə dayanıqlılığını təmin etməkdir.

"Avropa İttifaqı (Aİ) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 milyon avro məbləğində yardım ayıracaq. Avropa İttifaqının Azərbaycana ayırdığı vəsaitlər üzrə prioritet sahələr təhsil, o cümlədən peşə təhsili, kənd yerləri əraziləri və kənd təsərrüfatının inkişafıdır. İndiyədək KOBİA-nın yaradılmasına, eləcə də bu sahədə qanunun qəbul edilməsinə dəstək vermişik. Həmçinin agentliyə 1 milyon avro yardım göstərəcəyik", - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib ki, banklar və ABA bütövlükdə, ölkə ərazisində mikromaliyyə institutlarının inkişaf etdirilməsində maraqlıdır. Bu gün mikromaliyyə təşkilatlarında 400 milyon manata düşmüş portfel bizə onu deməyə əsas verir ki, burada inkişaf üçün olduqca böyük potensial var. "Banklardan yığılmış dollar vəsaitlərinin manata konvertasiya edilməsi və ya manatla "svop" edilməsi əməliyyatları aparılmalıdır. Hazırda bank sektorunda vəsait çatışmazlığı, likvidlik problemi deyil, əksinə izafi likvidliyin iqtisadiyyata ötürülməsi məsələsi gündəmdədir", - deyə ABA prezidenti bildirib.

AMFA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib ki, MBNP maliyyə inklüzivliyinə xidmət edən maliyyə institutları üçün əlverişli tənzimləmə və dinamik nəzarət çərçivəsinin yaradılması ilə yanaşı, mikromaliyyə institutlarının da ödəniş sistemlərinə inteqrasiyası istiqamətində planlaşdırılmış tədbirlərin həyata keçirilməsini sürətləndirəcək. "İnanırıq ki, Aİ tərəfindən maliyyələşən layihə məşğulluğun yaradılması və regionlarda mikrobiznesin inkişafına və ailə təsərrüfatlarında gəlirlərin artırılması üçün şərait yaratmaqla yanaşı, uzunmüddətli dayanıqlılığı təmin etmiş olacaq", - deyə J.Hacıyeva qeyd edib.

KOBİA İdarə Heyəti sədrinin müşaviri Mehman Abbas sahibkarlığın inkişafında əsas təməl olan məsələlərin dövlət tərəfindən makroiqtisadi sabitliyin təmin edilməsi, əlverişli biznes mühitini formalaşdırılması, bu istiqamətdə dövlətin mexanizmlərinin təmin edilməsi olduğunu deyib. Qeyd edib ki, KOBİA-nın yaradılması dövlətimizin başçısının həyata keçirdiyi institusional islahatların əsas hissəsi kimi nəzərdə tutulub ki, bu sahədə dövlət siyasətinin daha da təkmilləşdirilməsi, onun effektivliyinin artırılmasıdır.

Sonra AMFA ənənəvi olaraq üzv təşkilatları arasında "İlin üzv təşkilatı - 2018", " İlin peşəkarı - 2018", "Maliyyə sektorunda gender bərabərliyinin təbliği -2018" nominasiyaları üzrə mükafatlandırıb, maliyyə şəffaflığına malik maliyyə institutlarına xüsusi sertifikatlar təqdim edilib.

Konfrans "Mikromaliyyə: böhrandan öyrənilmiş dərslər", "Mikromaliyyə sektoru növbəti on illiyə hazırdırmı?", "Dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi", "Tənzimləyici orqanlar mikromaliyyə təşkilatlarının fəaliyyətini necə stimullaşdıra bilər", "Bank və qeyri-bank sektorunda məlumat bazasının idarəedilməsində müasir yanaşma", "Azərbaycanda kənd təsərrüfatının maliyyələşməsi: imkanlar və perspektivlər", "Mikrokreditləşmənin rəqəmsallaşması: çətinliklər və imkanlar" mövzularında sessiyalarla davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video