22 Noyabr 2018 11:19
1941
Səfərlər
A- A+

Prezident İlham Əliyevin və Prezident Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub



Noyabrın 22-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:

-Hörmətli İlham Heydər oğlu.
Hörmətli nümayəndə heyətinin üzvləri.
İcazə verin, bizim dəvətimizi qəbul etdiyinizə və qardaş, qonaqpərvər Türkmənistana rəsmi səfərə gəldiyinizə görə Sizə bir daha təşəkkür edim. Əlbəttə, Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Çünki bu səfər bizim mehriban qonşuluğumuzun, qarşılıqlı hörmətin, beynəlxalq aləmdə, ticari-iqtisadi əməkdaşlıq məsələlərində və mədəni-humanitar sahədə təsəvvürlərimizin şaxələndirilməsinin məntiqi davamıdır.

Xarici siyasət məsələlərinə gəldikdə, bizim prinsiplərimiz şübhəsiz ki, oxşardır və ya üst-üstə düşür. Yəni, biz həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasına tərəfdarıq. Sizə təşəkkür edirik ki, beynəlxalq aləmdə Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüsləri dəstəkləyirsiniz. Əlbəttə, biz bütün məkanlarda, BMT və ATƏT kimi nüfuzlu qurumlarda, beynəlxalq təşkilatlarda bir-birimizi qarşılıqlı surətdə dəstəkləyirik. Mənim fikrimcə, bu da çox düzgündür. Əlbəttə, tərəfdaşlıqda elə məsələlər var ki, biz onlara da münasibət bildirməliyik. Terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, transsərhəd cinayətkarlıq kimi təhdidlər və çağırışlar bu qəbildəndir. Buna görə də biz, əlbəttə ki, belə təhdidlərə qarşı mübarizəni bundan sonra da davam etdirəcəyik.

Demək istərdim ki, Xəzər dənizi də bizi birləşdirir. Bu yaxınlarda Xəzəryanı dövlətlər Xəzərin hüquqi statusu barədə Konvensiyanı qəbul etdilər. Buna görə bizim üçün burada da, o cümlədən mehriban qonşuluq məsələlərində çox böyük imkanlar yaranır. Başlıca məsələ odur ki, biz hamımız eyni fikirdəyik - Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir və biz bundan sonra da fəaliyyətimizi bu ruhda davam etdirəcəyik.

Bizim ticari-iqtisadi məsələlərimizə gəldikdə, iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya fəaliyyət göstərir və buna görə Sizə təşəkkür edirik. Sevindirici haldır ki, bu ilin 9 ayı ərzində əmtəə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb. Kənd təsərrüfatı, tikinti, sənaye kimi sahələrdə yaxşı meyillər yaranıb. Azərbaycanın yeni texnologiyaları əlbəttə ki, bizi cəlb edir. Hər halda, bütün dünya rəqəmsal texnologiyalara, rəqəmsal iqtisadiyyata keçir. Buna görə də biz gələcəkdə də bu ruhda davam edəcəyik.

Əlbəttə ki, nəqliyyat məsələlərini, yəni, məhz tranzit nəqliyyat dəhlizlərinin inkişafı və onun logistikasının düzgünlüyünün müəyyənləşdirilməsini qeyd etmək istərdim. Bilirsiniz, Sizinlə bizim - Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaya çıxışla bağlı nümunəvi təcrübəmiz və imzalanmış razılaşmalarımız çoxdur. Mən xatırlatdım ki, biz bu gün TRASEKA, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, TİR kimi beynəlxalq qurumlarla yaxşı əlaqələrə malikik və bu, böyük əhəmiyyət kəsb edir. Sizin Bakı-Tbilisi-Qars kimi çox yaxşı infrastrukturunuz var. Görürsünüz, bizdə nümunələr çoxdur. Ona görə də biz düzgün logistikamızı həm avtomobil, dəmir yolu, həm də bərə nəqliyyatı üzrə inkişaf etdirə bilərik. Sizin dəmir yolu üçün güclü bərə nəqliyyatınız var. Bu, bizdə Ro-Ro tipli avtonəqliyyat üçün oxşar variantdır. Düşünürəm ki, biz bu fəaliyyəti düzgün logistikamızla da gücləndirə bilərik. Hərçənd yadımdadır, Siz Xəzəryanı ölkələrin dövlət başçılarının Sammitində də bu variantı təklif etdiniz - Xəzəryanı dövlətlər arasında düzgün logistika yaradılsın və bu müşavirə məhz Bakıda keçirilsin. Fikrimcə, biz bu məsələnin əməkdaşlığa dair ikitərəfli dialoq çərçivəsində müzakirəsinə artıq başlamışıq.

Energetika məsələləri. Bizim çox güclü ehtiyat potensialımız var. Buna görə də biz bu məsələlərdə enerji inteqrasiyasının tərəfdarıyıq. Təkcə bizim ölkələrimiz üçün yox, həm də regional səviyyədə beynəlxalq bazarlara birgə çıxa bilərik. Düşünürəm ki, bu cəhətdən biz yaxşı əməkdaşlıq edə bilərik. Yəni, gördüyünüz kimi, bizdə müxtəlif sahələrin elə mənzərəsi və aspekti var ki, ölkələrimiz arasında əmtəə nomenklaturunu genişləndirə bilərik. Buna görə də mən bir daha qeyd edim ki, burada iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya bilavasitə rol oynayır. Yəni, biz onun iclasını azı ildə bir dəfə keçirməliyik, çünki bir qədər fasilə yaranıb, amma bəzi məsələlər, necə deyərlər, təcili həllini tələb edir.

Əlbəttə ki, mədəni-humanitar sahə əməkdaşlığın ayrılmaz tərkib hissəsidir. Bizi çox sevindirir ki, ortaq köklərimiz, mənşəyimiz, ənənələrimiz, milli xüsusiyyətlərimiz var. Biz müasir mərhələdə təhsil, elm, turizm sahələrinin, idmanın inkişafı məsələlərinə böyük əhəmiyyət veririk. Bu gün əlbəttə ki, bunlar da lazımdır, çünki onların hamısı böyüməkdə olan gələcək nəsil üçün həm vətənpərvərlik, həm də ideoloji cəhətdən bizim əcdadlarımızın vəsiyyətləridir. Bilirəm ki, Siz xalçaçılıq məsələlərinə böyük diqqət yetirirsiniz. Dediyim kimi, biz də bu sahəyə böyük diqqət yetiririk. Məncə, biz hətta Bakıda olanda təklif etmişdik ki, həm bizdə, həm sizdə xalça sərgiləri təşkil olunsun. Bu halda beynəlxalq səviyyəyə çıxmaq və ya bizim xalçalara aid beynəlxalq konfrans keçirmək olardı. Yəni, gördüyünüz kimi, biz qarşılıqlı hörmət və etimad fonunda bu cür ikitərəfli əməkdaşlığa meyilliyik. Buna görə də mən bir daha Sizə bu səfərinizə görə təşəkkür etmək istərdim. Çünki Sizin səfəriniz şübhəsiz ki, bu gün müzakirə etdiyimiz məsələlərə daha artıq güc, mən deyərdim ki, yaxşı təkan verəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Sizin nümayəndə heyətinizin üzvlərinə əlbəttə ki, qardaş Azərbaycan xalqına ən yaxşı arzularımı bildirirəm. Sizə təşəkkür edirəm.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Sağ olun, əziz Qurbanqulu Məlikquliyeviç.
Mən, ilk növbədə, qonaqpərvərliyə, dəvətə, səmimi qəbula görə təşəkkür etmək istərdim. Mən yenidən qardaş Türkmənistan torpağında olmağıma şadam.

Mən dünən ölkənizin nailiyyətləri ilə tanış olmaq imkanı qazandım və bu, Türkmənistanın inamlı müsbət inkişafının nümayişidir. Şəxsən Sizi və bütün Türkmənistan xalqını quruculuq yollarında böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm.

Biz də səfərə böyük əhəmiyyət veririk və səfər çox yaxşı hazırlanıb. Səfərin yekunları üzrə xeyli sənədin imzalanacağı nəzərdə tutulub. Əminəm ki, onlar vaxtında reallaşacaq və bununla da bizim əməkdaşlığımız üçün daha yaxşı şərait yaranacaq.

Biz Türkmənistanla əməkdaşlığa böyük əhəmiyyət veririk. Siz qeyd etdiyiniz kimi, bizim ümumi köklərimiz, tariximiz, xalqlarımızın yaxınlığı elə bir bünövrədir ki, onun üzərində öz birgə gələcəyimizi qururuq. Həm də təsadüfi deyil ki, biz beynəlxalq qurumlarda birgə fəaliyyət göstəririk, bir-birimizi dəstəkləyirik. İkitərəfli planda əməkdaşlıq potensialını gücləndiririk və bütün bunlar sabitliyə doğru aparır, regional təhlükəsizliyi möhkəmləndirir. Bu gün regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Biz görürük ki, dünyanın müxtəlif guşələrində toqquşmalar, qanlı hadisələr baş verir, dövlətlərin təməlini sarsıdan proseslər gedir. Buna görə də düşünürəm ki, belə mürəkkəb vəziyyətdə həm Azərbaycanın, həm də Türkmənistanın yüksək inkişaf səviyyəsi, sabitlik nümayiş etdirməsi xüsusilə əhəmiyyətlidir və bunlar bir daha ölkələrimizin getdiyi yolun düzgün olmasından xəbər verir.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın istiqamətləri çoxdur. Əminəm ki, indiyədək olduğu kimi, gələcəkdə də beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu gün biz artıq təkbətək görüşdə əməkdaşlığın xeyli mühüm məsələlərini müzakirə etmişik və nümayəndə heyətləri çərçivəsində də müzakirələri davam etdirəcəyik. Biz gələcək əməkdaşlığın əsas istiqamətlərini, prioritetlərini qeyd etdik. Hesab edirəm ki, əmtəə dövriyyəsinin artırılması məsələsində çox iş görmək olar. Əmtəə dövriyyəsi artsa da, fikrimcə, hələlik ölkələrimizin potensialını tam əks etdirmir. Düşünürəm ki, nümayəndə heyətinin üzvləri Türkmənistan mallarının Azərbaycana, Azərbaycan mallarının isə Türkmənistana ixracını necə artıra biləcəyimizi konkret müzakirə etmək imkanına malik olacaqlar. Əlbəttə ki, bu mövzu hökumətlərarası komissiyanın işi çərçivəsində də prioritet məsələlərdən biri olmalıdır. Razıyam ki, iclaslar arasında müəyyən fasilə olur. Hesab edirəm ki, yaxın vaxtlarda artıq əldə olunan razılaşmaların yerinə yetirilməsi proqramını işləyib hazırlamaq məqsədilə mənim səfərimin yekunlarına əsasən operativ iclas keçirmək mümkün olacaq.

Artıq dediyim kimi, bu gün xeyli sənəd imzalanacaq. Onlar inkişaf istiqamətlərini müəyyənləşdirir, amma həmin məsələlərin reallaşdırılması üzrə fəaliyyət planının olması da zəruridir.

Həm Türkmənistan, həm də Azərbaycan böyük təbii ehtiyatlara malik ölkələrdir. Əlbəttə ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir. Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir. Əlbəttə, bizim münasibətlərimizin əsas mövzularından biri nəqliyyat sahəsidir. Təsadüfi deyil ki, mənim nümayəndə heyətimin tərkibində Azərbaycanın bütün nəqliyyat qurumlarının rəhbərləri var. Onlar artıq türkmənistanlı həmkarları ilə fəal işləyirlər. Biz bu gün Sizinlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın bu məsələlərini də müzakirə etmişik. Yəni, biz bu sahədə bütün ölkələrə və xalqlara fayda gətirəcək çoxtərəfli regional əməkdaşlıq üçün çox yaxşı perspektivlər görürük. Belə ki, mən bizim söhbətimizdən çox məmnunam və düşünürəm ki, səfərin nəticələri də çox müsbət olacaq, ölkələrimizin daha da yaxınlaşmasına xidmət edəcək.

Qonaqpərvərliyə görə bir daha sağ olun, Sizə möhkəm cansağlığı, gələcək uğurlar, qardaş Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram. Sağ olun.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video