Alternative content

14:56 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan qlobal sərmayələr üçün geniş imkanlar məkanıdır
Azərbaycan qlobal sərmayələr üçün geniş imkanlar məkanıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:55 22.11.2018


İlham Əliyevin yeni iqtisadi strategiyasına uyğun yaradılan müasir sənaye müəssisələri daxili tələbatı ödəməklə yanaşı, "Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqinə də mühüm töhfə verirlər


Son illərdə zamanın tələblərinə uyğun olaraq ölkəmizdə aparılan iqtisadi islahatlar, uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və makroiqtisadi sabitlik Azərbaycanda güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradıb.

"Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən proseslər öz bəhrəsini verməkdədir. Ölkəmizdə xeyli sayda müasir sənaye müəssisəsinin fəaliyyətə başlaması, yeni sənaye sahələrinin yaradılması, tələbatın ödənilməsində yerli məhsulların payının əhəmiyyətli dərəcədə artması və ixracın həcminin yüksəlməsi bunu təsdiqləyir.


İnnovativ sənayenin inkişafına yeni təkan verilir


Həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq bu il də innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi uğurla davam etdirilib.

Prezident İlham Əliyev fevralın 27-də Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin, iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun və sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışını edib.

Ümumiyyətlə, müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması, həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.


Bir gündə 3 zavodun açılışı


Noyabr ayının 16-da isə dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında daha 3 müəssisənin "Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin, "Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun və İnşaat kimyəviləri zavodunun açılışlarını edərək xeyir-duasını verdi. Hər 3 müəssisə ölkənin ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.

Dövlət başçısının 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılmış və 2013-cü ildə açılışı olmuş bu sənaye parkının idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində olan "Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 74 faiz məskunlaşma qeydə alınıb. İndiyədək 18 sahibkarlıq subyektinə rezident statusu verilib. Parkın mövcud rezidentlərinin layihələrinin investisiya dəyəri 2,8 milyard dollardır. Bunun da 2,2 milyard dolları artıq layihələrə yatırılıb. Hazırda mövcud layihələr üzrə istehsalatda və tikintidə 7000-dək işçi çalışır.

Hazırda parkda 12 müəssisə fəaliyyət göstərir və bu müəssisələr tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan” brendi ilə xarici bazarlara ixrac edilir.


Bu il 2, gələn il isə 4 müəssisə fəaliyyətə başlayacaq


Sumqayıt Kimya Sənaye Parkında bu il daha 2 müəssisə fəaliyyətə başlayacaq. Gələn il əlavə 4 müəssisə işə düşəcək və beləliklə, bu parkda ən müasir standartlara cavab verən 18 müəssisə fəaliyyət göstərəcək.

Bu sənaye parkını şəhər içində bir sənaye şəhəri adlandıran İlham Əliyev gələcəkdə parkın hüdudlarının daha da genişləndiriləcəyini və yeni rezidentlərin qəbul ediləcəyini söylədi.

Onu da əlavə edək ki, sənaye parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eyni zamanda, parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, gömrük rüsumundan azad olunur. Bu günədək sənaye parkının rezidentləri artıq 255 milyon manat məbləğində vergi və gömrük rüsumlarından azad olunublar.


İldə 11 milyard ədəd 3 növdə filtrli siqaretlər buraxılacaq


Dövlət başçısının açılışını etdiyi zavodlara gəlincə isə deyə bilərik ki, "Tabaterra” QSC-nin Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikində il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək. Fabrik məhsullarını "Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim edəcək.

Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada "Tabaterra”nın hər biri 6 çeşiddə "Senate”, "Kingston”, "Argo” adları altında məhsulu istehsal ediləcək. Bundan başqa, "British American Tobacco”, "Japan Tobacco International”, "Imperial Tobacco” şirkətlərinin məhsulları da lisenziya əsasında müəssisədə istehsal olunacaq. Bu şirkətlərin siqaretləri indiyədək ölkəmizə idxal edilirdi.

Layihə Azərbaycanda yerli istehsalın inkişafına xüsusi təkan verməklə yanaşı, xaricdən idxalın, eyni zamanda, tütün məhsullarının alınması üçün sərf olunan valyuta axınının azalmasına imkan yaradacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri açılıb.


Azərbaycan tarixində ilk dəfə ferrosilisium və ferrosilikoman istehsal ediləcək


Prezidentin açılışını etdiyi əlvan metallar və ferroərintilər zavodunda İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac olunacaq.

Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisium, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. Ferroərintilərin istehsalı yüksək temperaturda manqan filizindən və kvarsitdən karbon tərkibli maddələrin vasitəsilə müvafiq olaraq manqan və silisium elementinin bərpasına və onların dəmirlə birləşmə yaradaraq kristallaşmasına əsaslanır. Ferroərintilərin istehsalı üçün lazım olan komponentlər elektrik qövslü sobada əridilərək çalovlar vasitəsilə konveyerdə qəliblərə tökülür və müvafiq fraksiyalar şəklində hazır məhsul əldə edilir. İstehsal olunmuş məhsul avtomatik paketləmə maşınında 1 tonluq kisələrə qablaşdırılır.

Zavodda ekoloji tələblərə uyğun, mükəmməl konstruksiyalı qaz-toz təmizləyici qurğu işə salınıb. Qaz-toz tutucu qurğuda isə istehsal prosesi zamanı ayrılan uçucu maddələr və qazlar xüsusi filtrlər vasitəsilə tutularaq təmizlənir və bərk hissəciklər islatma üsulu ilə xüsusi konveyerlərdən keçirilərək dənəvari hala salınır. Bundan sonra həmin maddələr kisələrə yığılaraq qablaşdırılır. Bu məhsul həm satıla, həm də təkrar istehsal prosesinə qaytarıla bilər. Bütün bu maddələrdən təmizlənmiş hava kütləsi filtrlərdən keçdikdən sonra ekoloji normativ tələblərə uyğunlaşdırılır, daha sonra atmosferə buraxılır.

İnvestisiya dəyəri 51 milyon dollar olan zavodda 230 nəfər işlə təmin olunacaq. Layihənin əsas təyinatı metallurgiya sənayesində son məhsulun istehsalı üçün tələb olunan ferroərintilərin lazımi səviyyədə təmin edilməsi və həmin sənaye sahəsinin idxaldan asılılığının nisbətən aradan qaldırılmasıdır. İstehsal olunacaq məhsulun 90 faizi ixraca gedəcək, 10 faiz isə Azərbaycan müəssisələrində yenidən emal olunaraq hazır məhsula çevriləcək.


İstehsal ediləcək yeni məhsullar idxalı tam əvəz edəcək


Prezident İlham Əliyevin həmin gün işə saldığı inşaat kimyəviləri zavodu isə 1910-cu ildə yaradılan və dünyanın 100-ə yaxın ölkəsində müəssisələri fəaliyyət göstərən İsveçrənin şirkətlər qrupuna daxildir. Son 18 ildə şirkətə dünya miqyasında beton konstruksiyalarının təmiri ilə bağlı 100-ə qədər layihənin icrası həvalə olunub.

Struktur birləşdirmə, birbaşa şüşələmə, akustik və gücləndirici sistemlər, avtomobillərə xidmət, o cümlədən avtomobil şüşələrinin əvəzlənməsi, avtomobil gövdəsinin təmiri, dəniz gəmiləri, sənaye laminasiyası, texnika, bərpa olunan enerji və fasad mühəndisliyi sahələri bu şirkətin fəaliyyət istiqamətinə daxildir. Şirkətin məhsullarının əsas tətbiq sahələri kommersiya məqsədli nəqliyyat vasitələri sənayesi, məişət cihazları və sənaye komponentləri, sənaye məqsədli laminasiya, bərpa olunan enerji sənayesi, mexaniki emal və kompozitlər, həmçinin dəniz sənayesidir.

2016-cı ilin martında rezident kimi qeydiyyata alınan zavod İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılıb. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixracı nəzərdə tutulur.

İnşaat kimyəviləri zavodu beynəlxalq miqyaslı İsveçrə şirkətinin yerli təmsilçisi kimi Sumqayıt Kimya Sənaye Parkının 100 faiz xarici kapitallı rezidentidir. İnvestisiya dəyəri 3,5 milyon dollar olan layihə çərçivəsində 60 nəfər daimi işlə təmin olunacaq. Hazırda tikinti məhsullarının istehsalında xammal kimi istifadə edilən "Sikament 300”, "Sikament FF5” və "Sigunit L25” kimi maddələrin Azərbaycana illik idxalı təqribən 800-1000 ton təşkil edir. Bu maddələrin ölkəmizdə istehsal edilməsi idxalı əvəz etməyə imkan yaradacaq, məhsullarda xarici komponentlərdən istifadəni azaldacaq.


Fasonlu tökmə və metallurgiya zavodları da tikiləcək


Müəssisələrin açılışı zamanı öz xeyir-duasını verən Prezident İlham Əliyev əminliklə vurğuladı ki, umumi investisiya dəyərləri 102,5 milyon dollar olan 3 zavod çox səmərəli işləyərək ölkə iqtisadiyyatına böyük töhfə verəcək. Çünki bu müəssisələr ən yüksək standartlara cavab verir və ölkənin sənaye potensialını böyük dərəcədə möhkəmləndirəcək.

Mərasimdə qeyd edilib ki, yaxın gələcəkdə ölkəmizdə inşası planlaşdırılan layihənin üçüncü fazası, yəni, fasonlu tökmə zavodunun tikintisi nəzərdə tutulur. Bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək. Bu məhsullar arasında yayma valları, 3D printer vasitəsilə hazırlanan detallar, dəyirman kürələri, müxtəlif növ maşın avadanlıqları üçün detallar var. Zavodun illik istehsal gücünün 12000 ton olması nəzərdə tutulub.

Daşkəsən rayonundakı dəmir-filiz yataqlarından istifadə edilməklə Gəncədə böyük metallurgiya zavodunun tikintisi də nəzərdə tutulur. Artıq Daşkəsəndəki yataqlarda yeni geoloji işlər və ehtiyatların qiymətləndirilməsi aparılıb və tikinti ilə bağlı texniki işlər yekunlaşıb.


Davamlı iqtisadiyyatın sənayeləşməsi daha da sürətlənib


Müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm layihələrdən biri də modern sənayeləşmədir. Sənaye quruculuğu siyasəti yeni dünya trendlərinə uyğun müəyyənləşdirilib. Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib.

Bu ilin 10 ayında qeyri-neft ixracının 12 faiz, ümumi ixracın isə 37 faiz artması bir daha təsdiqləyir ki, ixrac artdıqca ölkənin iqtisadi vəziyyəti daha da yaxşılaşır.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kursa uyğun olaraq reallaşdırılan sənayeləşmə siyasəti uğurla davam edir. Qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan sənayenin inkişafı, bu sahədə yeni istiqamətlərin müəyyənləşdirilməsi şübhəsiz ki, ölkə iqtisadiyyatının ümumi inkişafına da mühüm töhfələr verir.

Uğurlarımız beynəlxalq reytinq təşkilatlarının, Dünya Bankının, Dünya İqtisadi Forumunun hesabatlarında öz əksini tapır. Dünya Bankının sonuncu "Doing Business” hesabatında Azərbaycan demək olar ki, tarixi nailiyyət əldə edib. Ölkəmiz dünya miqyasında biznes mühitinə görə 25-ci yerdə qərarlaşıb. Keçən il isə Azərbaycan 57-ci yeri tutmuşdu. Yəni, böyük irəliləyiş əlbəttə ki, aparılan islahatların məntiqi nəticəsidir.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM