21 Noyabr 2018 16:01
268
SİYASƏT
A- A+

Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib


Almaniyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Berlində bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə müvəkkili, səfir Haydrun Tempel, din məsələləri üzrə müvəkkili, səfir Folker Berreshaym və Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin diplomatı Aksel Bayerlə görüşüb.

Daha sonra Almaniya Bundestaqında xarici siyasət komitəsinin üzvü, hakim Xristian-Demokratlar/Xristian-Sosialist İttifaqı fraksiyasının Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbellə görüş keçirilib.

Görüşlərdə Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyəti və bu məqsədlə beynəlxalq tədbirlər həyata keçirməsi yüksək qiymətləndirilib. Bu xüsusda, Berlində keçirilmiş "Dinlər və mədəniyyətlərarası əməkdaşlıqdan dialoqa doğru” konfransının uğurlu təşkil edildiyi, Almaniya və digər dünya ölkələrinin dini icmalarının, eləcə də siyasi, elmi və mədəni dairələrinin orada yüksək səviyyədə təmsil olunduqları bildirilib. Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə həyata keçirilən beynəlxalq tədbirlərin insanların multikulturalizm və tolerantlıq ruhunda maarifləndirilməsinə, dünyada sülhün və əməkdaşlığın təşviqinə mühüm töhfə verdiyi vurğulanıb və bu qəbildən olan tədbirlərin davamlı surətdə keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Allahşükür Paşazadə multikulturalizm və dini tolerantlığın Azərbaycan xalqının milli ruhundan irəli gəlməklə yanaşı, həm də dövlət siyasəti olduğunu deyib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanın bugünkü daxili və xarici siyasətində bu dəyərlərin təşviqi, ölkəmizin etnik, dini və mədəni müxtəlifliyinin qorunub saxlanılması, eləcə də müxtəlif mədəniyyətlər və dinlər arasında körpülərin yaradılması xüsusi yer tutur. Şeyxülislam Azərbaycanın bu səylərini yüksək qiymətləndirdiyinə və dəstəklədiyinə görə Almaniya tərəfinə təşəkkür edib.

Görüşdə Azərbaycan nümayəndə heyəti, həmçinin dünyada vicdan azadlığının təmin olunması, dini radikalizmlə və ksenofobiya ilə mübarizə aparılması kimi mövzuları müzakirə edib, ölkəmizin bu sahələrdəki təcrübəsi və nailiyyətləri barədə məlumat verib. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb, torpaqlarımızın 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasına baxmayaraq, ölkəmizin bu münaqişənin sülh yolu ilə həllinə çalışdığı vurğulanıb.

Azərbaycan nümayəndə heyətinə Prezident Administrasiyanın millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin deputatı Cavanşir Paşazadə daxil olub. Nümayəndə heyətini ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov müşayiət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video