21 Noyabr 2018 11:10
398
CƏMİYYƏT
A- A+

Tur-aksiya: 10 rayondan olan 400 məktəbli şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıb


"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb. Noyabr ayının 14-17 və 18-21 tarixlərini əhatə edən 10-cu tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından 3190 nəfər iştirak edib.

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə artıq beşinci ildir ki, təşkil edilən bu tur-aksiyalar Azərbaycan Prezidentinin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində noyabrın 18-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlayan 10 rayonun – Ağdaş, Füzuli, Göygöl, Siyəzən, Tovuz, Quba, Qusar, Şabran, Xaçmaz və Xızı məktəblilərindən ibarət qruplar noyabrın 21-də ekskursiyalarını başa vuraraq Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər.

Qəbələ şəhərindəki "Karvansaray” və "Qafqaz Sport” otellərində qalan 400 məktəbli və onları müşayiət edən şəxslər ekskursiya müddətində Qəbələ, Şəki və Zaqatala rayonlarındakı görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar.

Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinə, "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, "Gilan Qida Şəhərciyi”nə, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nic qəsəbəsindəki "Cotari” alban-udi kilsəsinə ekskursiyalar, Şəkidəki yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzi, "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi, Tarix-Mədəniyyət Qoruğu, Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olub, şəhərin görməli yerlərini gəziblər.

Tur-aksiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılıblar. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə işlənməsi müddətinin 2050-ci ilədək uzadılmasına dair saziş isə "Yeni əsrin müqaviləsi” adlandırılır. İmzalanma mərasimində bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng neft şirkətlərinin rəhbər şəxslərinin iştirakı buna sübutdur.

Aksiya çərçivəsində məktəblilər arasında "Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə yarış da keçirilib. Oyunun nəticələrinə görə, Quba, Siyəzən və Xaçmaz məktəbliləri müvafiq olaraq ilk üç yeri tutublar. Qaliblərə kubok, medal və xatirə hədiyyələri təqdim olunub.

Məktəblilər respublikamızın şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video