21 Noyabr 2018 00:59
699
SİYASƏT
A- A+

İlham Əliyevin “Ermənistanın təcridi siyasəti”nə Lukaşenkodan və Nazarbayevdən böyük dəstək


Minsk və Astana Paşinyana qarşı mövqelərini sərtləşdirir


Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son sammitində yaşananlar işğalçı Ermənistanda hələ də geniş rezonans doğurmaqda davam edir.

Belə görünür ki, təşkilatda təmsil olunan ölkələrin Ermənistanın mövqeyini nəzərə almaqdan imtina etmələri, Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olmaları, buna paralel olaraq isə Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri Yerevan üçün əsl şok effekti yaradıb. Cənab İlham Əliyevin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü, imzalanan sənədlər növbəti dəfə iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətə malik olduğunu təsdiqlədi.

Bütün bunlar həm də onun göstəricisidir ki, qarşıdakı dövr ərzində də Azərbaycan-Belarus əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yalnız yüksələn xətlə inkişaf edəcək. Belə vəziyyət öz növbəsində, mövcud geosiyasi, geoiqtisadi reallıqlar baxımından hər iki dövlətin marağına tam cavab verir.


"İlham Əliyev Ermənistana növbəti zərbəni Minskdən vurdu”


Birmənalı həqiqətdir ki, bu gün Ermənistanın bir dövlət olaraq varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından, işğal siyasətindən əl çəkməsindən asılıdır. Əks təqdirdə, Ermənistanın indiki çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaqdır. Bunu əslində, bütün dünyada, o cümlədən Ermənistanın özündə də kifayət qədər aydın sezirlər.

Ermənistanın "İravnuk” qəzeti yazır ki, Yerevan qonşu ölkələrin hamısı ilə münasibətlərini normallaşdırmasa, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmasa, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkədə hansısa iqtisadi tərəqqidən danışmaq mümkün deyil: "Bu günlərdə Minskdə İlham Əliyevlə görüşündə Lukaşenko hər zaman bütün sahələr üzrə Azərbaycanın mövqeyini müdafiə edəcəklərini nümayiş etdirdi. Paşinyana isə heç kim etibar etmir. Bir sözlə, İlham Əliyev Ermənistana növbəti zərbəni Minskdən vurdu”.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan da uzun müddətdir işğalçı ölkəyə çox aydın şəkildə Ermənistanın xilasının Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini açıq şəkildə bildirir. Belarus Respublikasına rəsmi səfəri çərçivəsində mətbuata bəyanatı zamanı bu mövzuya toxunan Prezident İlham Əliyev bildirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istərdim. Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq. Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək”.


"Küçə demokratiyasının” qaydaları böyük siyasətdə işləmir


KTMT-nin son toplantısından sonra düşdüyü pərt vəziyyətdən xilas olmaq üçün Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və onun komandası müxtəlif manevrlər etməyə çalışır. Məsələn, Yerevan təşkilata üzv olan Belarus və Qazaxıstanın Azərbaycanla əlaqələri inkişaf etdirməsini "qeyri-demokratik” addım kimi qələmə verməyə çalışır. Siyasi təhlilçilər hesab edirlər ki, elə bu məqamın özü Paşinyanın qeyri-peşəkarlığının ən yüksək nümunəsidir.

Xatırladaq ki, bundan əvvəl də Paşinyan Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini bildirib. O, Belarus və Qazaxıstan liderlərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ətrafında yaranan vəziyyəti bu təşkilatın üzvü olmayan ölkə ilə, konkret halda - Azərbaycanla müzakirə etməkdə günahlandırıb: "Heç kim belə bəyanatlarla çıxış etmək hüququna malik deyil, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qərarlar ümumi razılıq əsasında qəbul edilir və biz artıq bununla bağlı mövqeyimizi bildirmişik. Bu necə qarşılana bilər ki, məsələn, mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmayan hər hansı ölkənin səfirini dəvət edirəm və ona bağlı qapılar formatında keçirilən iclasdan danışıram. Mən ona təəccüblənmişəm ki, 30 il dövlətin rəhbəri statusunda olan insan belə addım atsın. Və mən, əlbəttə, Belarus Prezidentindən izahatları tələb edəcəm, özü də yalnız Belarus Prezidentindən deyil”.

Artıq Minsk bu mövqeyə qarşı sərt münasibət sərgiləyib. Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz Paşinyana cavab olaraq qeyd edib: "Böyük siyasətdə "küçə demokratiyası”nın qaydalarını deyil, qəbul edilmiş və tamamilə aydın etiket normalarını rəhbər tutmaq lazımdır. Görünür Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən şəxs özünü cəzalandırmaq, yaxud əfv etmək səlahiyyətlərinə malik beynəlxalq prokuror zənn edir”.

Aleksandr Qlaz əlavə edib ki, Ermənistan rəhbərinin bu davranışı ola bilsin, KTM-nin keçmiş baş katibi Yuri Xaçaturovla bağlı məqbul görünə bilər, lakin dövlətlərarası münasibətlərdə tamamilə aydın protokol və etiket qaydaları var: "Yəqin Paşinyan hələ başa düşməyib ki, "küçə demokratiyası”nın qaydaları böyük siyasətdə işləmir. Təəssüf, ümid edirik ki, zaman ötdükcə keçib gedəcək”.


Paşinyanın siyasi naşılığı Ermənistana baha başa gəlir


Digər tərəfdən aydındır ki, Paşinyanın açıqlaması həm onun siyasi naşılığını göstərir, həm də Ermənistanın KTMT-də mövqeyinin ciddiyə nəzərə alınmadığını üzə çıxarır. Erməni ekspert, Avrasiya Ekspertlər Klubunun üzvü Qagik Arutyunyan da bildirir ki, KTMT məsələsində Yerevan təşkilata digər üzv ölkələr üçün arxa plandadır: "Ermənistan bu vəziyyətdə Belarus və Qazaxıstandan heç bir izahat da tələb edə bilməz. Çünki təşkilatda Ermənistanın mövqelərinin zəifləməsinə elə Paşinyan özü səbəb olub. O, onsuz da Rusiya ilə gərgin münasibətlər yaradıb, indi də Belarus və Qazaxıstanla əlaqələri gərginləşdirir. Belə vəziyyət KTMT-də mövqelərimizi daha sürətlə sarsıdır. Bundan qazanan isə KTMT-yə müşahidəçi statusunda qoşulmağa hazırlaşan Azərbaycandır. İlham Əliyevin Belarus səfərində bu məsələlər daha çox diqqət mərkəzində oldu və Bakı ilə Minsk münasibətlərini daha da sıxlaşdıracaqlar. Biz isə bunun əksini edirik”.


"Lukaşenko və Nazarbayev Paşinyana etibar etmir”


Əslində, Azərbaycanla dost münasibətlərinə malik olan Belarusun, eləcə də Qazaxıstanın Nikol Paşinyana etibar etmədiyi, Yerevandakı yeni hakimiyyətin ciddi tərəfdaş kimi qəbul olunmadığını ermənilərin özləri də etiraf edirlər. Bunun sübutu kimi Ermənistanın "İrates” nəşrinin dərc etdiyi xəbəri də göstərmək olar.

KTMT-yə yaxın mənbə nəşrə bildirib ki, prezidentlər Nursultan Nazarbayev və Aleksandr Lukaşenko Nikol Paşinyana etibar etmirlər, onun olduğu yerdə heç vaxt əhəmiyyətli mövzular haqqında danışmırlar: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının iclaslarında real xarakterə malik olan müzakirələr aparılmır. Bir halda ki, burada videokameralar iştirak edir və yad gözlər olur. Əsl söhbətlər və müzakirələr üzv dövlətlərin başçılarının şərəfinə verilən şam yeməkləri zamanı, masanın ətrafında, birgə və ya üz-üzə olur. Belə masalara, xüsusilə Nikolu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqının ali rəhbərliyi dəvət etmir”.

Mənbə qeyd edib ki, həqiqətdə Paşinyana sadəcə etibar edilmir, Nazarbayev və Lukaşenko heç vaxt onun yanında əhəmiyyətli mövzularda danışmırlar. Həm də məsələ yalnız Belarus və Qazaxıstanın Ermənistana münasibətindən getmir. Təşkilatda Yerevana ən yaxın hesab edilən Moskvanın Ermənistana münasibəti də artıq əvvəlki deyil: "Rusiyada unutmurlar ki, 20 il boyunca Paşinyan daim Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına qarşı çıxırdı”.


"İlham Əliyevlə razılaşmalarımız müqəddəsdir”


İndiki vəziyyətdə Ermənistanın əsas narahatlığı Qazaxıstan və Belarusun Azərbaycana hörməti və rəğbətidir. Onu da qeyd edək ki, Azərbaycanın bu ölkələrlə əməkdaşlığı davamlı şəkildə inkişaf edir. Belarus Prezidenti Aleksandr Lukaşenko bu xüsusda açıq və konkret mövqe bildirib. O, Azərbaycanın bu ölkədəki səfirini qəbul edərkən deyib: "Azərbaycan üçün bizim qapılar açıqdır... Siz bilməlisiniz ki, biz sizin dostunuzuq və həmişə əməkdaşlığa hazırıq. Bizim

İlham Əliyevlə razılaşmalarımız müqəddəsdir, razılaşmışıq ki, onları yerinə yetirək. Belarusun Azərbaycanla qapalı mövzusu yoxdur”. Halbuki Belarus da daxil olmaqla KTMT-nin digər üzvlərinin Ermənistanla bağlı fikirləri o qədər də yüksək deyil.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video