21 Noyabr 2018 00:58
1060
İQTİSADİYYAT
A- A+

Soyuq hava soyuq münasibət sevmir


"Azəriqaz” və "Azəristilik” qışa hazır olduqlarını deyirlər


Payızdır. Bu həm də o deməkdir ki, qarşıdan qış gəlir. Qışınsa özəlliyi ondadır ki, özünəməxsus gözəlliyi ilə bərabər, bir sıra problemlər də gətirir. Ən azından, istiliyə və enerjiyə tələbat artır və bu zaman kommunal xidmət qurumlarının "mövsümə hazırıq” deməklərində nə qədər həqiqət payı olduğu üzə çıxır.

Bəs, cari ildə vəziyyət necə olacaq? Bu barədə indidən bir söz demək çətindir. Ancaq "Azəriqaz” İstehsalat Birliyindən və "Azəristilik” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, ölkə əhalisi qış aylarında fasiləsiz qaz və istiliklə normal təmin ediləcək. Təki belə olsun.

"Azəriqaz”dan aldığımız məlumata görə, hazırda ölkədə əhalinin qazla təminatı 94,2 faizdir. İlin sonunadək bu rəqəmin 95 faizə çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan ərazisinin müəyyən hissəsində relyef qazlaşdırmaq üçün əlverişli deyil. Problem xüsusilə dağlıq və dağətəyi rayonlara aiddir. Buna baxmayaraq, tədbirlər görülür və bu istiqamətdə "Azəriqaz” İstehsalat Birliyi müvafiq işlər görməyi planlaşdırır.

Qış mövsümü bütün xidmət orqanları, o cümlədən "Azəriqaz” üçün də sınaq dövrüdür. Yəni, bu mövsümdə qaz həm də əsas istilik mənbəyinə çevrilir. Bu isə o deməkdir ki, qaza olan tələbat kəskin artır, şəbəkədə gərginlik yaranır. Buna görə də qaz xətlərinin və qazpaylayıcı şəbəkələrin saz vəziyyətə gətirilməsi, onların daim nəzarətdə saxlanması tələb olunur. Bu səbəbdən də qışa yay fəslindən hazırlaşmaq lazımdır.

"Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tərtib edilən proqrama uyğun olaraq, cari ilin may ayından etibarən 108,12 kilometr uzunluğunda qaz kəmərləri dayaqlar üzərinə qaldırılaraq korroziyadan mühafizə olunmaq üçün rənglənib, 560 qaztənzimləyicisi, 576 siyirtmə yenisi ilə əvəz edilib. Eyni zamanda, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün 2848 kilometr yeni qaz kəməri çəkilib, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmini üçün 208,8 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri sayəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonlarında 99 yaşayış məntəqəsi qazlaşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaztənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına imkan verir. Cari il həmçinin 453 çoxmərtəbəli bina (22 min 75 mənzil) qazla təmin olunub.

"Azəristilik” Açıq Səhmdar Cəmiyyəti də xidmət sahəsinə və coğrafiyasına görə "Azəriqaz” İstehsalat Birliyi kimi ölkə üçün əhəmiyyətli xidmət sahələrindən sayılır. Bu qurumun normal xidmət göstərməsi isə digər iki qurumdan - "Azəriqaz” İB-dən və "Azərsu” ASC-dən asılıdır. Yəni, istilik sistemlərinin normal işləməsi üçün qaz və su ilə təminat əsas şərtdir. Biz dəfələrlə "Azəristilik” ASC ilə "Azəriqaz” İB arasında alınan qazın ödənişi ilə bağlı mübahisələrin şahidi olmuşuq. Amma ümid edirik ki, bu mövsümdə belə mübahisələr olmayacaq və hər iki qurum mövsüm ərzində abonentlərə normal xidmət göstərəcək. Bu, ASC-dən verilən məlumatda da vurğulanır. Bildirilir ki, mövsüm ərzində işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları təmizlənib, nəzarət-ölçü cihazları və elektrik avadanlıqları dəyişdirilib, sazlanıb, eləcə də magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib. Qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək təzələnib, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.

Ümumiyyətlə, mövsüm ərzində ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, 180 mindən çox mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Mövsümə hazırlıqla əlaqədar qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərlərinin, nəzarət-ölçü cihazları və avtomatika, qaz, elektrik-nəqliyyat təsərrüfatlarının, eləcə də digər istehsal təyinatlı avadanlıqların istismara hazırlanması prosesi başa çatıb.

Əsas mübahisə doğuran məsələlərdən biri də istiliyin hansı tarixdə verilməsidir. Bu mövzu dəfələrlə müzakirə olunub, mütəxəssislər fikirlərini bildiriblər. Amma hələ də dağ və dağətəyi rayonlarda istiliyin noyabrın 1-dən, Bakı şəhərində isə 15-dən verilməsi qrafiki qüvvədədir.

Etiraf edək ki, bu, keçmiş İttifaqdan qalmış qrafikdir. Artıq 27 ildir olmayan ölkənin təsərrüfat qaydasını dəyişmək istəyənin indiyədək tapılmaması özlüyündə çox qəribə haldır. Qəribə həm də mövsümün havanın temperaturu ilə yox, hansısa sovet məmurunun nə vaxtsa tərtib etdiyi cədvəllə başlamasıdır. Cari ildə əgər noyabrın 15-nədək kimsə, yaxud kimlərsə evdə, məktəbdə, xəstəxanada soyuqdan əziyyət çəkdiyindən şikayətçi olmamışsa, bunun səbəbi həmin cədvəli tərtib edən keçmiş məmurun uzaqgörənliyi deyil, havaların mülayim keçməsi olmuşdur. Havalarsa həmişə biz istəyən kimi keçmir. Deməli, bu qrafik məsələsinə son qoyulmalı, hansı əraziyə nə vaxt istilik verilməsi yerli icra orqanlarının və təchizat qurumlarının səlahiyyətlərinə buraxılmalıdır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video