21 Noyabr 2018 00:45
681
SİYASƏT
A- A+

Dünənin, bu günün və sabahın partiyası


Heydər Əliyevin qurduğu Yeni Azərbaycan Partiyasında İlham Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam edir


Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasından 26 il ötür. Fəaliyyəti və şərəfli tarixi ilə həm də müstəqil Azərbaycanın salnaməsini yaradan YAP Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi dövlətə və xalqa layiqincə xidmət edib. Hazırda Yeni Azərbaycan Partiyasında İlham Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam edir və nəticəsi misilsiz nailiyyətləri olan alternativsiz siyasi kursla müşayiət olunur. İctimaiyyətin haqlı olaraq Heydər Əliyev Partiyası adlandırdığı YAP bundan sonra da Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət edəcək, xalqın yeganə etimad ünvanı olaraq hakim siyasi təşkilat statusunu daim özündə saxlayacaq.


YAP ölkəmizin nail olduğu ən böyük uğurların carçısına çevrilib


Bahar MURADOVA,

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü:

- Müstəqil Azərbaycan dövlətinin siyasi, sosial-iqtisadi və mənəvi əsaslarının sivil normalar çərçivəsində formalaşması, təşəkkül tapması mürəkkəb mərhələ və proseslərdən keçmişdir. Bu proseslər cəmiyyətin strukturları və onlar arasındakı qarşılıqlı əlaqələri iflic etmiş meyillərdən və həyati vacib hadisələri dağıdıcılıq ruhundan xilas edib məqbul məcraya yönəldən addımlarla müşayiət olunmuşdur.

Ötən əsrin 90-cı illərinin əvvəlində, müstəqilliyimizin ilk illərində xalqı və cəmiyyəti sağlam ideologiya ətrafında birləşdirəcək bir partiyanın ölkənin siyasi fəaliyyət arenasına çıxmasına böyük ehtiyac var idi. Belə bir siyasi qüvvə ulu öndər Heydər Əliyevin xeyir-duası və rəhbərliyi ilə həyata vəsiqə qazanan Yeni Azərbaycan Partiyası oldu. YAP yarandığı gündən etibarən ölkəmizin son onilliklərdə nail olduğu ən böyük uğurların carçısına çevrildi.

Əminliklə söyləmək olar ki, əbədiyaşar öndərin parlaq ideyalarına həmişə sadiq olan YAP artıq öz hədəflərinə çatıb, xalqımızı, dövlətimizi 1990-cı illərin əvvəllərinin o təlatümlərindən bugünkü aydın, rəvan inkişaf yoluna çıxarıb. Mübaliğəsiz olaraq qeyd olunmalıdır ki, vaxtilə kəskin ziddiyyətlər və qarşıdurmalarla üzləşmiş cəmiyyətin inkişaf meylinin konstruktivliyə və sabitliyə yönəlməsi tarixi 15 iyun 1993-cü ildən başlayır. Məhz həmin dövrdə görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqının həyatında mühüm tarixi hadisə oldu. Ulu öndərin siyasi rəhbərliyə qayıdışı YAP-ı da hakimiyyətə gətirdi və bu nəhəng siyasi təşkilat Azərbaycanda dövlət quruculuğu, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi kimi çıxış etdi.

Amalı, məqsədi ilə azad və firavan cəmiyyətin quruculuğunu hədəfləyən, Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyası ötən 26 il ərzində ölkəmizin müstəqil, demokratik, sivil dövlət kimi bərqərar olmasına və möhkəmlənməsinə əvəzsiz töhfələr verməklə mübarizələrlə dolu böyük və şərəfli bir yol keçmişdir. Heydər Əliyevin müdrik siyasi baxışlarından və zəngin dövlətçilik təcrübəsindən bəhrələnərək öz fəaliyyətini mükəmməl siyasi mexanizmlər üzərində quran bu təşkilat məhz ölkənin taleyüklü problemlərinin həllində həmişə ön cərgədə olduğu, xalqın maraq və mənafelərinin keşiyində durduğu üçün ümumxalq partiyası statusunu qazanmışdır.Yarandığı gündən öz siyasi xəttinə bağlılığı, xalq və dövlət qarşısındakı xidmətləri və ölkəmizin dinamik inkişafı Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu artırıb və mövqeyini xeyli möhkəmləndirib.

Azərbaycanın siyasi ab-havasına yeni nəfəs gətirmiş Yeni Azərbaycan Partiyası demokratik şəraitdə fəaliyyət göstərən çoxpartiyalı sistemdəki qüvvələr arasında siyasi mədəniyyət nümunəsinə, siyasi sistemin gələcəyini, perspektivini müəyyənləşdirən və cəmiyyətdə bu təsəvvürlərin düzgün məcraya yönəldilməsini təmin edən ideya və texnologiyalar məktəbinə çevrilib. Bu, gün səmimiyyətə və inama söykənən bu qarşılıqlı münasibət Azərbaycanın tərəqqisini stimullaşdıran başlıca amillərdən biridir. Bu həm də müstəqillik dövründə Azərbaycanın əldə etdiyi bütün uğurların altında Yeni Azərbaycan Partiyasının imzasının olduğunun etirafıdır. Ona görə də mən digər siyasi həmfikirlərim kimi əbədiyaşar Heydər Əliyev məfkurəsinin məhsulu olan bu siyasət və mənəviyyat məktəbinin müdavimi olmağımdan qürur duyuram. Çünki Azərbaycanın ən ağır problemlərini çiyinlərində daşıyan, azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən YAP hər zaman üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Gələcəyə ümidlərin tükəndiyi bir vaxtda Yeni Azərbaycan Partiyası ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun əsasını qoyub. O, dünənin, bu günün və gələcəyin partiyası adını şərəflə doğruldaraq və bu məsuliyyəti dərindən dərk edərək Azərbaycanın siyasi sisteminin normal dayaqlar üzərində inkişaf etməsinə güclü əsaslar yaratmaqla bu tarixi missiyanı şərəflə daşıyır.

Böyük qürur hissi ilə deyə bilərəm ki, xalqımızın və Yeni Azərbaycan Partiyasının mənəvi lideri olan Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan etibarlı əllərdədir. Ulu öndərin müstəqil, dinamik inkişafının əsasını qoyduğu ölkəmizi Prezident İlham Əliyev inamla, qətiyyətlə irəliyə aparır və özünün gərgin, məhsuldar fəaliyyəti ilə dövlətçiliyimizə, müstəqilliyimizə, ölkəmizin sosial-iqtisadi tərəqqisinə şərəflə xidmət edir. "Mən istəyirəm Azərbaycanda yoxsul olmasın, işsiz olmasın. Hamı yaxşı yaşasın!”- bu, möhtərəm Prezident İlham Əliyevin ülvi arzusu və ən böyük devizidir. Bu deviz dövlətçiliyimizin qorunması, müstəqilliyimizin möhkəmləndirilməsi işinə, ölkəmizin tərəqqisinə, insanların rifahına xidmət edir. Onun "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” şüarı Azərbaycanın qarşıdakı illərdə də dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır, qarşıya qoyulmuş hədəfə - dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inamla aparır.

Cəmiyyətdə və siyasətdə sözübütöv, sağlam ideyalı şəxsiyyət kimi tanınmaq, birmənalı qəbul olunmaq üçün mövcud problemləri görmək, onları düzgün, peşəkarlıqla və ədalətlə həll etmək zəruridir. Prezident və partiya sədri kimi cənab İlham Əliyevin fəaliyyətinin əsas prinsipləri peşəkarlıq, prinsipiallıq, işgüzarlıq, ardıcıllıq, sadiqlik və düzlükdür. Tələbləri isə obyektivlik, ədalətlilik, təvazökarlıq, dəqiqlik, qayğıkeşlik, milli ayrı-seçkiliyə yol verməmək, qanunun aliliyi və mənəvi saflıqdır. Həqiqi mənada, sözübütöv, ideyaları sağlam olan dövlət xadimi və partiya lideri kimi İlham Əliyev nəyə söz vermişdisə, hansı proqramı qəbul etmişdisə, onların hamısının həyata keçirilməsini təmin etmişdir. O, bu keyfiyyətlərinə və şəxsi xarizmasına görə müasir siyasətdə fərqlənən ən dəyərli və güclü dövlət başçılarından biridir.

Liderimizin bu nümunəvi keyfiyyətlərinin səciyyəvi xüsusiyyətləri onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına da xasdır. Bu gün iqtidar partiyası olan YAP müasir çağırışlara cavab olaraq özünün çoxşaxəli fəaliyyətinin coğrafiyasını və təsir dairəsini getdikcə genişləndirməklə beynəlxalq hüquq və prinsiplər əsasında dövlətlər arasında etimadın yaradılmasına da böyük töhfələr verməkdədir. Bölgənin ən güclü və nüfuzlu siyasi qüvvəsi kimi özünü təsdiq etmiş Yeni Azərbaycan Partiyası Avropada və Asiyada fəaliyyət göstərən nüfuzlu siyasi hərəkatlar və partiyalarla faydalı və səmərəli işgüzar əlaqələrə malikdir və bu münasibətlər getdikcə yüksələn xətlə inkişaf edir. Azərbaycanın beynəlxalq aləmə, dünyanın ayrı-ayrı nüfuzlu təşkilatlarına inteqrasiya olunması prosesində YAP fəal rol oynayır. Ölkəmizin beynəlxalq, mədəni, humanitar əlaqələrinin arzuolunan səviyyəyə çatdırılması, dünyada və regionda sülhün və təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən dövlət siyasətində YAP aparıcı və öncül mövqeyə sahibdir. Bir sözlə, bölgədə ən güclü və mükəmməl struktura malik olan Yeni Azərbaycan Partiyası ölkəmizin regionda əsas söz sahibi olmasında xüsusi əzmkarlıq göstərir və bu fəaliyyətini uğurla davam etdirməkdədir.

Yeni Azərbaycan Partiyası yarandığı gündən bütün məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, azərbaycançılıq, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində durmuşdur. Ölkəmizin tarixinin ən ağır sınaq zamanında yaranan Yeni Azərbaycan Partiyası dövlətçiliyin qorunması, ölkədə sabitliyin bərqərar olması, demokratik dəyərlərə üstünlük verilməsi prosesini nizamlayan real siyasi qüvvə kimi özünü təsdiq edə bilmişdir. Bunun ən bariz nümunəsi kimi onun sıralarında minlərlə həmfikir insanların bir yerdə cəmləşməsini və ölkəmizin uğurlu inkişafna əvəzsiz töhfələr verməsini qürurla qeyd etmək olar. Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapmasında və siyasi sistemin daha da demokratikləşməsində onların gərəkli və səmərəli fəaliyyətlərini xüsusi vurğulamaq lazımdır. Bu insanlar sabit cəmiyyətin formalaşmasında və dövlətin idarə olunmasında birbaşa iştirak edirlər və ölkəmizin möhtəşəm uğurlarına əhəmiyyətli töhfələr verirlər. Sıraları kəmiyyət və keyfiyyətcə yenilənən partiyamız bu fədakar insanların səmimi və gərgin əməyi sayəsində ölkəmizin daha da qüdrətlənməsi işinə xidmət etməkdədirlər.

Qətiyyətlə söyləmək olar ki, xalqımızın müqəddəs arzularının, sabaha olan inamlarının, müstəqilliyinin və azadlığının təminatçısı kimi yaranan Yeni Azərbaycan Partiyası ötən illər ərzində ümidləri bütünlüklə doğrultmuş, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilmişdir. Dahi insan, qüdrətli dövlət xadimi Heydər Əliyev tərəfindən əsası qoyulmuş, onun milli və ideoloji qayəsinin daşıyıcısı olan partiya bütün tarixi situasiyalarda özünün mübarizliyini nümayiş etdirərək mətinləşmiş, monolit siyasi qüvvə kimi özünü təsdiq etmişdir.

Mən bu gün böyük məmuniyyət hissi ilə partiyamızın ali rəhbərliyini, bütün əqidədaşlarımı, həmçinin təşkilatımızın fəaliyyətinə layiq olduğu dəyəri verən hər kəsi respublikamızın ictimai-siyasi həyatında çox əlamətdar hadisə olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 26 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir və onlara yeni-yeni nailiyyətlər arzulayıram.

Böyük əminliklə söyləyə bilərəm ki, bütün bu illər ərzində inkişafın hərəkətverici qüvvəsi kimi milli mənafeləri istənilən müstəvidə müdafiə etmək üçün yetərli ictimai dəstəyə malik və bu gün 700 mindən artıq üzvü olan YAP öz sıralarını keyfiyyətcə yeniləyərək partiyamızın lideri, ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək cəmiyyətin avanqard siyasi qüvvəsi kimi ölkəmizin daha da qüdrətlənməsinə və xalqımızın həyat səviyyəsinin daha da yüksəldilməsinə sanballı töhfələr verəcəkdir.


Dövlət və xalq üçün yaranan partiya


Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı:

- Demokratik, hüquqi, dünyəvi dövlətçiliyin əsas atributlarından sayılan siyasi partiyalar, adətən, obyektiv zərurətdən və milli tələbatdan yaranırlar. 1990-cı illərin əvvəllərində müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması da tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu obyektiv şəraitdən irəli gəlmişdir.

Azərbaycanda siyasi qurumların formalaşması prosesi ötən əsrin 80-ci illərinin sonundan başlanan xalq hərəkatının gedişində özünü büruzə vermiş, 1990-cı ilin əvvəllərində bir sıra siyasi təşkilatlar yaranmışdı. Lakin yaradılan qurumlar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bildi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz ona görə də Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında birləşdilər.

Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladıqları müraciətdə də həmin dövrün acınacaqlı mənzərəsi öz əksini tapırdı. Ümummilli lider Heydər Əliyev müraciətə cavabında: "Əgər belə partiya yaradılmışsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram” - söyləməklə Azərbaycanın düşdüyü ağır vəziyyətə biganə qalmadığını, hər zaman xalqla bir olduğunu təsdiqlədi.

Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gələn Heydər Əliyevin 1993-cü ilin oktyabr ayının 3-də ölkə prezidenti seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Heydər Əliyevin prezident seçilməsi bütün Azərbaycan xalqının gələcəyə ümidlərini artırdı. Çünki xalq gözəl bilirdi ki, məhz Heydər Əliyev ölkəni bürümüş böhrandan, anarxiyadan, özbaşınalıqdan, dövlətçiliyi itirmək təhlükəsindən qurtara bilər. Xalq öz müdrik oğluna inanır və dəstəkləyirdi. Tarixi gedişat Azərbaycan xalqnının öz istək və tələbində yanılmadığını, Heydər Əliyevi hakimiyyətə dəvət etməklə ən düzgün addım atdığını sübuta yetirdi. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan bütün təhlükələrdən xilas oldu, dövlətimizin müstəqilliyi təmin edildi, ölkə tənəzzüldən inkişaf yoluna qədəm qoydu.

2003-cü ildən sonra ulu öndər Heydər Əliyevin siyasi yolunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin ötən 15 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdi. Bu mənada, YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir.

Azərbaycan tarixində indiyə qədər 700 min üzvü olan siyasi təşkilat olmayıb. Bu, insanların YAP-a, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətin, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri yüksək qiymətin göstəricisidir.

Fərəhli haldır ki, Prezident İlham Əliyev YAP üzvlərinin cəmiyyətdə gedən siyasi və iqtisadi proseslərdə nümayiş etdirdikləri fəallığı yüksək qiymətləndirməklə bərabər, bu yönümdəki fəaliyyəti daha da genişləndirməyi məqsədəuyğun sayır. Dövlət başçısı ölkəmizin əldə etdiyi bütün uğurların müəllifinin mövcud iqtidar, eyni zamanda, hakimiyyətin siyasi istinadgahı olan YAP olduğunu bildirib. Hakim partiyanın cəmiyyətdə böyük nüfuz sahibi olduğunu və onun üzərində şərəfli missiya dayandığını söyləyən Azərbaycan Prezidentinin bu fikirləri YAP-ın fəaliyyətinə verilən dəyər və təşkilatın malik olduğu potensialın dəqiqliklə qiymətləndirilməsidir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Hətta digər bütün siyasi qüvvələr birləşsələr, yenə də bizim işimizə, siyasətimizə bunun heç bir təsiri olmayacaqdır”.

YAP daim irəli baxan, inkişafda olan partiyadır. 700 mindən artıq üzvü olan partiyamızın sıraları gündən-günə genişlənir. Sevindirici haldır ki, YAP-ın sıralarına qoşulanlar əsasən gənc nəsli təmsil edənlərdir. Onların arasında xaricdə təhsil alan, yüksək elmi biliklərə və dünyagörüşünə malik olan gənclərimiz də kifayət qədər çoxdur. Bu, bizi həm sevindirir, həm də qürurlandırır. Çünki yeni ruhlu gənc nəslimizin formalaşması və onların YAP-a üzv olmaları gələcəyimizin etibarlı əllərdə olmasından xəbər verir.

Onu da qeyd edim ki, 5 il əvvəl - 2013-cü ildə partiyanın V qurultayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın YAP-ın sədr müavini seçilməsi YAP-ın fəaliyyətində və gələcək inkişafında mühüm faktor oldu. Bu seçim ilk növbədə, Azərbaycanın birinci xanımının partiyanın cəmiyyətdəki nüfuzunun yüksəlməsinə verdiyi əvəzsiz töhfələrlə şərtlənir. İnkişaf və sosialyönümlü layihələrə dəstək verən Azərbaycanın birinci xanımı partiya daxilində qadın hərəkatının genişlənməsini təmin etdi. Bu gün YAP üzvləri Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə sosial məsələlərin yoluna qoyulması istiqamətində fəaliyyətini yüksək qiymətləndirir və bu prosesə öz töhfələrini verməyə çalışırlar.

2018-ci ilin aprelində keçirilən prezident seçkiləri də deməyə əsas verir ki, YAP bu gün güclü, mütəşəkkil partiya olmaqla yanaşı, xalq tərəfindən ciddi şəkildə dəstəklənir. Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi milli siyasət hər bir vətəndaşın maraq və mənafeyini özündə ehtiva etməklə yanaşı, ölkənin uğurlu gələcəyi ilə bağlı nikbin qənaətləri daha da gücləndirir. Bu gün ölkə vətəndaşlarının mütləq əksəriyyəti əmindir ki, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra da sürətlə inkişaf edəcək, daha qüdrətli və güclü dövlətə çevriləcək.

Yaranmasının 26-cı ildönümünü qeyd etdiyimiz YAP dövlətçilik tariximizdə ümummilli mənafeləri tam əks etdirən, bütün xalqın səfərbərəedici siyasi gücünə çevrilən, birbaşa demokratiya və müstəqillik ideyaları ilə çıxış edən yeganə partiyadır. İndiyədək YAP qədər azərbaycançılıq ideyalarına bağlı olan, siyasi proseslərdə əsl xalq partiyası kimi iştirak edən təşkilat olmayıb, hazırda da yoxdur və gələcəkdə də mümkün deyil. Çünki ümummilli lider Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bu günün və sabahın partiyasıdır.

Yaranmasından qısa müddət sonra iqtidar partiyasına çevrilən YAP-ın geridə qoyduğumuz dövrü həm də partiyamızın uğur hesabatıdır. Əminəm ki, YAP bundan sonra da iqtidar partiyası kimi dövlətə və xalqa ləyaqətlə xidmət edəcək və biz partiyamızın yaranma tarixini hər il yeni-yeni nailiyyətlərlə qeyd edəcəyik.


Azərbaycanın ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi


Tahir MİRKİŞİLİ,

Milli Məclisin deputatı:

- 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası dövlət idarəetməsində səriştəsiz və təcrübəsiz qərarlar ucbatından bütün sahələrdə tənəzzülə uğramışdı. Sağlam siyasi qüvvələrin və güclü liderin çatışmaması dövlət quruculuğunun da uğursuzluğuna səbəb olurdu.

Belə bir şəraitdə Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayıldı. Ulu öndər Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla, Azərbaycanın tarixində yeni dövr başladı. Müxalifət partiyası kimi yaranan YAP dağıdıcı qüvvələrə qarşı qanuni və barışmaz mübarizə apararaq Azərbaycanın xilası üçün fəaliyyət göstərdi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 26 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi və mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramının ana xəttini təşkil edir.

Bu gün YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Bu gün Azərbaycan bütün sahələr üzrə tərəqqi etməkdədir. Regionda iqtisadi güc mərkəzinə çevrilən Azərbaycan qlobal layihələr həyata keçirir, dünyanın nüfuzlu təşkilatlarına rəhbərlik edir, humanizm ideyalarını dünyaya yayır.

YAP-ın sədri cənab İlham Əliyevin siyasi nüfuzu və güclü iradəsi bütün regionun inkişafına xidmət edir. Bu uğurların əsasında isə YAP-ın tarixi konsepsiyası və bu konsepsiyanı yaradan ulu öndər Heydər Əliyevin strategiyası dayanır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video