20 Noyabr 2018 03:30
1492
SİYASƏT
A- A+

“Ana qayğısını, nəvazişini Mehriban xanımdan görürük...”


Birinci vitse-prezident Mehriban Əliyevanın böyük himayədarlığı və şəfqəti nəticəsində uşaq evlərinin sakinləri artıq kimsəsiz deyillər


Bir ev var: çox rahat, isti, səliqəli, yataqları yumşaq, yeməkləri ləzzətli... O qədər oyuncaq var ki, elə bil nağıl dünyasının içərisindəsən...

Uşaqların ehtiyacı olan hər şey var burada, amma yenə də nə isə çatmır...

Bu evin balaca sakinləri hər gələn zəngin o başında anasının, hər açılan qapının arxasında atasının olacağını ümid edir, bunu çox istəyirlər.

Uşaq evindən danışırıq, atılmış, tərk edilmiş, imtina olunmuş uşaqların yeganə ümid yerindən...


Kimsəsizlərin ən böyük himayədarı


20 noyabr Ümumdünya Uşaqlar Günüdür. BMT Baş Məclisi 1954-cü ildə bütün ölkələrə Ümumdünya Uşaqlar Gününün dünya uşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsini tövsiyə edib. BMT-nin Baş Məclisi tərəfindən 1959-cu il noyabrın 20-də Uşaq Hüquqları Bəyannaməsi, 1989-cu ilin həmin tarixində isə Uşaq Hüquqları Konvensiyası qəbul olunub.

Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir.

Mehriban Əliyeva "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini rəhbər tutaraq, çox dəyərli bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək. O həm də kimsəsizlərin ən böyük himayədarıdır. Çünki ulu öndərin adını daşıyan fond yarandığı ilk gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır. Uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir. "Uşaq evləri və internat məktəblərinin inkişafı prqramı” və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunub.

Böyük qürur duyğusu ilə deyə bilərik ki, nəcib və ali məqsədlər, bəşəri ideyalar naminə çalışan, insan amilini daim uca tutan xoşməramlı şəxsiyyətlər arasında Mehriban Əliyevanın adı xüsusi çəkilir. Bu istiqamətdə həyata keçirdiyi nəcib missiya onu bütün Azərbaycan uşaqlarının ən yaxın dostuna, qayğıkeşinə çevirib. Mehriban xanım Əliyevanın mərhəmət və humanistlik nümunəsi, milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz fəaliyyəti ümummilli liderin siyasi məktəbindən, ideyalarından bəhrələnir. Azərbaycanın birinci xanımının gündəlik fəaliyyətini bu prinsiplər təşkil edir: Vətənə bağlılıq, millətinə, xalqına sonsuz məhəbbət, xəstə və kimsəsiz uşaqlara qayğı, zəngin mədəniyyətimizə dərin hörmət, bir sözlə, insanlıq və bəşəri duyğular naminə fədakarlıq.


Məzunların bir çoxu ali məktəblərə qəbul olunub


Mehriban xanım Əliyevanın diqqətində olan belə uşaq evlərindən biri də Bakının Nizami rayonundakı 1 saylı uşaq evidir. Uşaq evinin 1950-ci illərdə tikilmiş və uzun illər təmir edilmədiyindən yararsız hala düşmüş binasında 2005-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılmış və Mehriban Əliyeva uşaq evinin açılışında iştirak etmişdir.

Uşaqların Beynəlxalq Müdafiə Günü ərəfəsində həmin ünvana baş çəkirik. Hazırda 1 saylı uşaq evinin 110 sakini var. Burada 3 yaşdan 18 yaşadək uşaqlar yaşayır, təhsil və tərbiyə alırlar.

Həmin uşaqların təhsili ailələrdə böyüyən uşaqlardan heç nə ilə fərqlənmir. Onlar yaxınlıqda yerləşən 220 nömrəli məktəbdə oxuyurlar. Uşaq evinin rəhbərliyi fərdi şəkildə hər bir uşağın təhsili ilə maraqlanır. Bununla yanaşı, burada təcrübəli müəllimlər uşaqlarla xüsusi proqram əsasında məşğul olurlar. Aralarında əlaçılar da çoxdur. Məsələn, 11-ci sinfi əla qiymətlərlə bitirən Elvin artıq Azərbaycan Diplomatik Akademiyasının IV kursunda oxuyur. Elbrus adlı gənc Rəssamlıq Akademiyasının III, Təbriz isə Kooperasiya Universitetinin II kursunda təhsil alır. Builki məzunlardan 3 nəfər - Mirzə İdman İnstitutuna, Həmid və İlkin isə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Prezident yanında İdarəçilik Akademiyasına qəbul olublar. Onların təhsil haqqı və digər xərcləri Heydər Əliyev Fondu tərəfindən ödənilir.


Bacarıqlı əllər


Uşaq evinin direktoru Nərminə Zöhrabova qeyd edir ki, burada uşaqlara peşə qabiliyyətinin öyrədilməsi və əl işləri ilə bağlı inkişaf etmələri üçün də hər cür şərait yaradılıb. Kompüter, dülgərlik, xalçaçılıq, tikiş, rəssamlıq, rəqs və digər dərnəklər uşaqların müxtəlif peşələrə yiyələnmələrinə imkan yaradır. Nənələrimizin əl işi olan iynənin arxası ilə naxış vurma sənətinə isə qızlarla yanaşı, oğlanların da xüsusi marağı var və çox gözəl naxış vururlar.

Geniş rəsm otağına daxil oluruq. Molbertlərin üzərində səylə çalışan balaca rəssamların əl işləri çox rəngarəngdir. Kimisi fikirlərini sadəcə bir çiçək, kimisi göylərdə azad uçan quşlarla, kimisi də ata, ana və uşaqlardan ibarət ailə ilə bağlı rəsmi kağıza köçürür.

Uşaq evindəki akt, oxu, idman, rəqs zalları, hər yaş qrupunun öz yataq otağı, rəsm, tikiş, məşğələ, istirahət və kompüter otaqları, uşaqların əl işləri muzey-sərgisi, bərbərxana, müasir səviyyədə təchiz olunmuş tibb kabineti, hamam, üzgüçülük hovuzu, həyət yay konsert meydançası, yaşıllıqlar, stadion uşaqların fiziki və əqli cəhətdən sağlam inkişafı üçün hər cür şərait yaradıldığının bariz nümunəsidir.

Hazırda Milli Olimpiya Komitəsi ilə danışıqlar aparılır ki, stolüstü tennis üzrə dərnəklər də yaradılsın. Həmçinin qızlardan və oğlanlardan ibarət ayrıca futbol komandasının yaradılması da plandadır.

Oxu zalındakı rəflərdə uşaqların müxtəlif fənn olimpiadalarında, idman və əyləncəli yarışlarda qazandıqları mükafatlar da nümayiş etdirilir.

Uşaq evinin direktoru məlumat verdi ki, 2016-cı ildə Müasir İncəsənət Muzeyində uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib və orada 500 adda əl işi sərgilənib: "Sərginin 3 gün davam etməsi planlaşdırılsa da, Mehriban xanım Əliyeva baxışdan sonra deyib ki, qoyun bu əl işləri daha 15 gün də sərgilənsin”.


"Leyla Əliyeva hər ay buranı ziyarət edir, Adili tez-tez evlərinə qonaq aparır”


Uşaq evinin 2003-cü ildən fəaliyyətə başlamış "Azəri” mahnı və rəqs ansamblı dəfələrlə respublika müsabiqələrinin qalibi olub, xarici ölkələrə səfərlər edib. Kollektiv Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə hər ilin aprelində İstanbulda keçirilən ənənəvi uşaq bayramında fəal iştirak edir. Festivalda 16-17 ölkə çıxış edir və Azərbaycan yeganə ölkədir ki, orada uşaq evinin qrupu ilə təmsil olunur. Bu ilin oktyabrında isə uşaq evinin kollektivi Volqaqradda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib.

Uşaqlar ilə söhbət edirik. Səbinə deyir ki, rəqsi çox sevir və gələcəkdə də bu sənəti davam etdirmək fikrindədir. Sevinc isə həkim olacaq. Söhbət əsnasında o da məlum oldu ki, uşaqların əksəriyyəti rəqsi sevsə də, bu igidlərin çoxu böyüyəndə hərbçi olmaq niyyətindədir.

Heydər Əliyev Fondunun layihəsi əsasında bu uşaq evi xarici ölkələrdə yerləşən uşaq evləri ilə mübadilə aparır. Məsələn, Rusiyanın Moskva şəhərindəki "Bizim ev” adlı uşaq evinin kollektivi 1 həftə ərzində 1 nömrəli uşaq evində olublar. Daha sonra 1 nömrəli uşaq evinin sakinlərini orada qonaq ediblər.

1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki düşərgəsinin fəaliyyəti də fondun uşaqlarla bağlı reallaşdırdığı layihələr silsiləsinə daxildir. Belə ki, 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən inşa olunan bu düşərgə 2013-cü ildə əsaslı təmir edilib, həyətyanı sahə abadlaşdırılıb. Burada yeni, müasir stadion inşa olunub, hovuz yenidən qurulub, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb.

Direktor vurğulayır ki, bütün görülən işlər, əldə olunan nailiyyətlərin hamısı Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın adı ilə bağlıdır: "Elə bir şey olmayıb ki, bizim ona ehtiyacımız olsun, Heydər Əliyev Fondu bunu etməsin, yetər ki, bu barədə onlara deyək. Heç deməsək belə, hər həftə, hər gün buradakı vəziyyətlə maraqlanırlar. Mehriban xanımın daim nəzarətindəyik, şəxsi himayəsindəyik. Fondun vitse-prezidenti Leyla Əliyeva hər ay bu uşaqları ziyarətə gəlir. Burada olan balaca Adili isə o qədər çox istəyir ki... Onu qucaqlayır, öpür, doğma balası kimi bağrına basır, onu öz evlərinə belə aparır. Bu doğmalığı hiss edən Adil də tez-tez ərk edərək soruşur ki, Leyla xanımgilə getmirik?”.


"Mehriban xanım Əliyevanın qayğısı anamızın yoxluğunu bizə hiss etdirmir”


Həyat 3 yaşından uşaq evinə verilib. Deyir ki, yalnız görüş günlərində və tətillərdə anasını görür. Buradakı uşaqların hamısı ona doğma olsa da, ən yaxın rəfiqəsi Gülzardır. Hər ikisi anasından ötrü çox darıxır. Gecələr anası yuxusuna gəlir, onu öpür, nəfəsi ilə isidir, Həyat isə balaca əlləri ilə onu bərk-bərk qucaqlayır, istəmir ki, ondan ayrılsın, amma hər dəfə də üzünü çevirib tələsik addımlarla uzaqlaşır, qaranlıqda yox olur... Öz ağlamasının səsinə oyanır və 11 ildir təkrarlanan bu yuxu və reallıq arasında nə edəcəyini bilmir...

Bayramla Ruslan qardaşdırlar və onlar da lap kiçik yaşlarından bu uşaq evinin sakininə çevriliblər. Tətillərdə analarının gəlib onları öz doğma evlərinə aparacağı günü səbirsizliklə gözləyirlər...

Nərminə Zöhrabova dedi ki, hər həftənin bazar günü onlarda "açıq qapı” günü keçirilir və uşaqların valideynlərinin, yaxınlarının gəlib onlarla zaman keçirmələri, söhbət etmələri üçün hər cür şərait yaradılır: "Övladını bura verən hər bir kəs istənilən zaman gəlib onu götürə bilər. Onu da vurğulayım ki, 10 yaşdan sonra uşaqların uşaq evlərində qalmaları o qədər də uyğun olmur. Təsəvvür edin, 17 yaşında uşaq var ki, ömrünün 14 ilini burada keçirib. Bu yaşda olan uşaqların psixologiyası xüsusilə çox həssas olur. Çox zaman görürsən ki, onlar öz talelərini, yazılmış qismətlərini qınayırlar. Deyirlər ki, görün bizim taleyimiz necə təzadlıdır, bir dəfə dünyaya gəl, onu da uşaq evində böyü...”

15 yaşlı Emil deyir ki, bu uşaq evinə yeni gələndə çox pis olurmuş, özünü tənha hiss edirmiş: "Amma burada hər birimizə göstərilən qayğını, diqqəti gördükdən sonra əmin oldum ki, biz kimsəsiz deyilik. Mən lap kiçik yaşlarımdan bu uşaq evinin sakiniyəm və bu illər ərzində Mehriban xanımın xüsusi qayğısının şahidiyəm. Hətta onun diqqəti, mehribanlığı, qayğıkeşliyi sayəsində anamızın yoxluğunu belə o qədər hiss etmirik. Buna görə də hər zaman qürurla deyirəm ki, biz kimsəsiz deyilik. Heç himayədarı Mehriban xanım olan uşaq kimsəsiz ola bilərmi?!”

Uşaq evində böyüyüb məzun olan tam kimsəsiz qızlar müvəqqəti olaraq uşaq evinin yataqxanasında qalırlar. Bəziləri isə Heydər Əliyev Fondunun Abşeron rayonu Masazır qəsəbəsində uşaq evləri və internat məktəblərinin məzunları üçün tikilmiş binada evlə təmin olunurlar. Həmçinin fond 2016-cı ildə toyu olan uşaq evinin məzunları İbrahim və Yasəmənə "Koroğlu” metrostansiyası yaxınlığında 2 otaqlı ev verib. Hazırda onların 11aylıq bir övladları da var. Toy mərasimində Mehriban xanım Əliyevanın adından cütlüyə avtomobil də hədiyyə olunub. Digər ailəsi olan uşaqlar isə buranı tərk edərək öz evlərinə gedirlər.


Bu yuva nə qədər isti olsa da...


Artıq günortadır və uşaqlar nahar etmək üçün yeməkxanaya yığışıblar. Ətrafı boranı plovun gözəl ətri bürüyüb. Böyük uşaqlar yeməklərin, çörəyin paylanmasına, balacaların yemək yeməsinə kömək edirlər.

Balaca Qənirə deyir ki, ən xoşladığı xörək dovğadır. Mirzə isə şirniyyat, xüsusilə tort yeməyi sevir, istəyir ki, hər gün tort yesin...

Balacaların həvəslə boşqaba vurduqları qaşıqların cingiltisi altında yavaş-yavaş bu balaca sakinlərin evini tərk edirik...

1 saylı uşaq evində valideyn himayəsindən məhrum uşaqların mənəvi sıxıntı keçirməmələri üçün dövlətimizin və Heydər Əliyev Fondunun xətti ilə bütün lazımi addımlar atılır. Yalnız belə rahat şərait və cəmiyyətin bütün təbəqələrinin xoş, qayğıkeş münasibəti uşaqların ata-anasızlıq dərdini azalda bilər.

Bəli, məhz azalda bilər, amma tam yox edə bilməz. Çünki heç bir yuva ana hərarətini, ana qucağını əvəz edə bilməz. O yuva nə qədər isti olsa, nə qədər qayğı ilə əhatə olunsa belə... Onları tərk edən valideynlərinin gətirdikləri əsasların hamısı bir uşağın gözlərində donub qalan yaşa, ürəyində cığır salan həsrətə bir bəhanədir.


Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video