19 Noyabr 2018 21:28
347
CƏMİYYƏT
A- A+

Azərbaycan ədliyyəsinin 100 ili


Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən 100 il ötür


Noyabrın 22-də Azərbaycan ədliyyəsinin yaradılmasının 100 illik yubileyi tamam olur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ölkəmizdə geniş qeyd olunur.

AZƏRTACəlamətdar gün münasibətilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri vəzifəsini icra edən hakim Zeynal Zeynalovun məqaləsini təqdim edir.

Dövlətimizin başçısının 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Azərbaycan Xalq Cümhuriyyətinə verilən ən böyük qiymətdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli və parlaq səhifələrindən biri kimi böyük ruh yüksəkliyi ilə qeyd edilməklə xalqımız müasir Azərbaycan dövlətinin müstəqilliyinin və suverenliyinin bütün atributlarına sahib olmasından və onun qorunub saxlanılmasının etibarlı əllərdə olmasından qürur hissi duyaraq işıqlı gələcəyinə tam inamla baxır.

Cümhuriyyət dünyanın siyasi nizamının yenidən qurulduğu bir dövrdə XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb. Ümummilli lider Heydər Əliyev Cümhuriyyətin dövlətçilik tariximizdə yerinə yüksək qiymət verərək bildirmişdi: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir”.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, əldə etdiyi uğurlara yüksək qiymət verən ulu öndər Heydər Əliyev Cümhuriyyətin süqutunun verdiyi dərslərdən yaxşı nəticə çıxarmağı tövsiyə edərək deyirdi: "1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin həyatında olmuş çəkişmələr, hakimiyyət mübarizəsi və şəxsi mənafeyinə görə ümummilli mənafeyə zərbələr vurulması acı həqiqətdir. Biz keçmişimizdən ibrət götürməliyik, keçmişimizin zərərli tərəflərinin yenidən cücərməsinə yol verməməliyik”.

1993-cü ilin iyunun 15-də xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyəti qurucularının tam müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, möhkəm dövlətçilik təsisatlarının siyasi, hüquqi, iqtisadi bünövrəsini qoydu, ölkəni parçalanmadan və xalqımızı müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi. Möhkəm təməllər üzərində qurulan Azərbaycan Respublikası artıq dünyanın önəmli və müasir ölkələrindən birinə çevrilərək beynəlxalq aləmdə layiqli yerini tutmuşdur.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlər xalqımızın tarixi-hüquqi yaddaşını özünə qaytardı, müstəqil dövlətçilik ənənələrinin inkişafına təkan verdi. Bu dövr Azərbaycan dövlətinin qurulması ilə yanaşı, ölkədə demokratiyanın inkişafı, insan haqlarının qorunması, siyasi-iqtisadi və sosial islahatların reallaşdırılması ilə əlamətdardır.

Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə öz tarixinin mühüm mərhələsinə qədəm qoyub. Ötən dövrə nəzər salanda Ədliyyə Nazirliyinin ölkəmizin hüquq sisteminin inkişafında əvəzsiz rolunun bir daha şahidi oluruq.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunub.

Ədliyyə sisteminin inkişafına əsaslı dönüş mərhələsi də məhz ulu öndərin adı ilə bağlı olmuş, Ədliyyə Nazirliyi müasir dövrün tələblərinə uyğun islahatlar aparılmaqla təkmil bir struktura çevrilib.

Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətdə yeri və rolu artıb, ona hüquq-mühafizə orqanı statusu verilib. Bu gün böyük səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, onun qarşısında duran mühüm vəzifələrin miqyası ciddi şəkildə genişlənib.

Dövlətimizin başçısının 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanununun qəbul edilməsi və sair bu kimi tədbirlər Azərbaycan Xalq Cümhuriyyətinin, o, cümlədən Azərbaycan ədliyyəsinin 100 illiyinə verilən ən böyük qiymətdir.

Qeyd edildiyi kimi, əsrə bərabər zəngin və şərəfli yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 100 il ötür.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlərə uyğun olaraq, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uyğurlara imza atıb.

2015-ci ilin noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev deyib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla davam edir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olub. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində hüquqi dövlət quruculuğu sahəsində ciddi addımlar atılıb. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilib. Həmin vaxt belə bir strateji istiqamət müəyyən edilib ki, Azərbaycanda hüquqi dövlət qurulmalı, qanunun aliliyi təmin edilməli və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır.

Ədliyyə işçilərinin peşə bayramı münasibətilə 2015-ci il noyabrın 22-də keçirilən tədbirdə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov qeyd edib ki, ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinə xüsusi diqqət yetirilir, qanunvericilik əsaslı surətdə yenilənir, ədliyyənin, məhkəmə orqanlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamlar imzalanıb, Dövlət proqramları icra olunub. Bu müddətdə bir çox ədliyyə işçisinin, hakimlərin yüksək fəxri adlara, ali xüsusi rütbələrə, orden və medallara layiq görüldüyünü vurğulayan ədliyyə naziri bildirib ki, bütün bunlar üzərimizə daha böyük və məsuliyyətli vəzifələr qoyur. Çalışmalıyıq ki, bu etimadı layiqincə doğruldaq.

Bir daha qeyd edilməlidir ki, müstəqil Azərbaycanın ədliyyə sistemi geniş islahatlar aparılmaqla müasir inkişaf yolu keçir və bunun da nəticəsində ədliyyə orqanlarının fəaliyyət istiqamətləri genişlənir. Görülən işlər nəticəsində fəaliyyətinin əsasları ulu öndər tərəfindən yaradılmış Ədliyyə Nazirliyi isə dövlət orqanları sistemində çox nüfuzlu quruma çevrilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video