18 Noyabr 2018 14:22
305
CƏMİYYƏT
A- A+

Füzuli məktəbliləri Qəbələ, Şəki və Zaqatala rayonları üzrə ekskursiyaya çıxıblar


"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Füzuli rayonunun məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Horadiz şəhərində tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirilib. Rayon ictimaiyyəti nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və təhsil şöbəsinin müdiri Ramella Məmmədova çıxış edərək, respublikamızın bölgələrinin sosial-iqtisadi inkişafından, aparılan geniş tikinti-quruculuq işlərindən, ölkəmizdə gənclərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən maarifləndirici tur-aksiyaların əhəmiyyətini vurğulayıblar.

Diqqətə çatdırılıb ki, Qəbələ-Şəki-Zaqatala zonası ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdəndir. Bu rayonlar həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, tarixi məkanları ilə tanınır, həm də öz mətbəxi, adət-ənənələri ilə fərqlənir. Eyni zamanda, bu bölgədə barama, tütün və fındıqçılıq da geniş inkişaf edib.

Şagirdlər müasir turizm infrastrukturuna malik olan Qəbələdə "Tufandağ” Xizəkçilik Kompleksinə, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcəklər. Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki xanlarının sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, "Marxal” müalicəvi istirahət kompleksi, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq. Məktəbliləri gülçülük, tütünçülük və fındıqçılıqla məşhur olan Zaqatalada da maraqlı ekskursiya gözləyir. Onlar Heydər Əliyev Mərkəzini ziyarət edəcək, müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər. Qədim və müasir Zaqatala haqqında məlumatlar da tur-aksiya iştirakçılarının böyük marağına səbəb olacaq.

Digər çıxış edənlər də tur-aksiyaların əhəmiyyətini yüksək qiymətləndirib, respublikamızda gedən sosial-iqtisadi inkişafdan, ölkəmizin bölgələrinin gündən-günə gözəlləşməsindən bəhs edərək, məktəblilərə getdikləri yerlər haqqında geniş bilgilər qazanmağı tövsiyə ediblər.

Tədbirdə şagirdlər vətənpərvərlik şeirləri söyləyib, mahnı və rəqslər ifa ediblər. Sonra "Cəbhə bölgəsində yerləşən Horadiz bu gün” adlı videoçarx nümayiş olunub.

Aşağı Yağlıvənd kənd tam orta məktəbin şagirdi Kərim Məhərrəmov AZƏRTAC-a müsahibəsində deyib: "Vətənimi gəzmək, onun hər bir guşəsini yaxından tanımaq mənim ən böyük arzumdur. Bu gün biz ölkəmizin gözəl təbiəti, tarixi məkanları ilə fərqlənən bir bölgəsinə səfər edirik. Səfər zamanı Qəbələ, Şəki və Zaqatala rayonlarını gəzəcək, bu bölgəni daha yaxından tanıyacağıq. Ekskursiyada iştirak etdiyimə görə çox sevinirəm".

Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçəklər qoyub, sülh rəmzi olan göyərçinləri havaya uçurub, sonra onlar üçün ayrılmış avtobusla Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video