18 Noyabr 2018 01:29
412
İQTİSADİYYAT
A- A+

Qubanın var alması


Qubanın iqtisadiyyatında alma bu gün də xüsusi çəkiyə malikdir. Onun daha geniş sahələrdə becərilməsi ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrə təsadüf edir.

Ümummilli liderin təşəbbüsü ilə hələ 1974-cü ildə "Meyvəçiliyin intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında daha da inkişaf etdirilməsi tədbirləri haqqında” qərar qəbul edilmiş və bundan sonra ölkəmizdə bağçılıq təsərrüfatının inkişafında yeni mərhələ başlanmışdır. Həmin qərara əsasən, cəmisi bir neçə il ərzində Quba rayonunda 14 min hektarda, Qusar, Xaçmaz və Şəki rayonlarının hər birində 1000 hektar olmaqla, intensiv meyvə bağları salındı. Bu məqsədlə əsasən Macarıstan və Moldovadan respublikaya 20-yə qədər məhsuldar alma sortları gətirilmişdi.

1983-1984-cü illərdə həmin bağların hər hektarından orta hesabla 450-500 sentner məhsul toplanıldı. 1984-cü ildə Quba bağbanları rayonun tarixində ilk dəfə olaraq 100 min tondan çox meyvə yığmağa müvəffəq oldular.

Ulu öndərin təşəbbüsü ilə aqrar islahatlara start veriləndə Qubada 37 kolxoz, sovxoz və digər bu tip dövlət müəssisəsi var idi. İslahat zamanı həmin təsərrüfatlara məxsus olan 13424 hektar meyvə bağı vətəndaşların xüsusi mülkiyyətinə verildi. Hazırda Qubada 20 min hektara yaxın meyvə bağı var. Bunun 15 min hektarı alma bağlarıdır. Son bir neçə ildə rayonda daha 5000 hektardan çox yeni meyvə bağları salınıb. Həmin bağlarda cırhacı, sarıturş, Şirvan gözəli, qızıləhmədi, sinab, qəndisinab, qaraturş kimi ənənəvi meyvə sortları ilə yanaşı, xaricdən gətirilərək rayonlaşdırılmış yüksək məhsuldarlıqlı palmet sortları da geniş yayılıb.

Bağçılığın inkişafının elmi əsaslarını işləyib hazırlamaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Qubada Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu fəaliyyət göstərir. 1926-cı ildə yaranan, 1960-cı illərin əvvələrinədək Mərdəkanda fəaliyyət göstərən bu institut 1964-cü ildə Qubaya köçürülüb. Hazırda 4 şöbə və 3 laboratoriyadan ibarət olan bu institutda 194 nəfər çalışır. İnstitutun Lənkəranda sitrus bitkiləri filialı, Abşeronda təcrübə stansiyası, Qəbələdə və Zaqatalada dayaq məntəqələri fəaliyyət göstərir.

Hər il Quba bağlarından 100 min tondan çox meyvə yığılır. Onun bir hissəsi bağlardan birbaşa emal müəssisələrinə, bir hissəsi satışa göndərilir. Satışa çıxarılan məhsulun çox hissəsi ənənəvi meyvə növlərinə aiddir. Çünki alıcı daha çox geni dəyişdirilməyən meyvə sortlarına üstünlük verir. Qubada ayrı-ayrı sahibkarlar tərəfindən ümumi tutumu 20 min tona yaxın olan 11 soyuducu-kamera da tikilib. Bu, bağbanlara imkan verir ki, istehsal etdikləri məhsulun bir hissəsini soyuducularda saxlayaraq daha sərfəli vaxtlarda bazara çıxara bilsinlər. Bağlardan bol məhsul götürən hər bir qubalı bu gün də ulu öndər Heydər Əliyevin diqqət və qayğısını minnətdarlıqla xatırlayır.

Digər bölgələr kimi, Quba rayonunun inkişafına dövlət daim dəstək verir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qubaya etdikləri hər səfər unudulmaz anlarla yadda qalır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, sonuncu səfər zamanı Zərqava-Qasımqışlaq-Çayqışlaq-Xaspolad-Aspərəsti yolunun, Quba Rayon Mərkəzi Xəstəxanasının yeni binasının, "Günəş” körpələr evi-uşaq bağçasının, "ABAD Factory” istehsalat kompleksinin, "Qubaekoaqrar” MMC kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışı olmuşdur. Ölkə rəhbəri və xanımı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərdabi qəsəbəsində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu binasının əsaslı təmirdən sonra orada yaradılan şəraitlə, Quba şəhərinin girişində ən müasir tələblər səviyyəsində yaradılmış "Gənclər parkı” ilə tanış olmuşlar.

Dövlət başçısı Qubanın daha sürətli inkişafı üçün müvafiq tapşırıq və tövsiyələrini vermiş, rayonla bağlı dörd sərəncam imzalamışdır. Bu sərəncamlara əsasən, Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi, Susay-Xınalıq avtomobil yolunun, Quba şəhərində 48 mənzilli yaşayış binasının və Alekseyevka kəndində 960 şagird yerlik məktəb binasının tikintisi üçün müvafiq məbləğlərdə vəsait ayrılmışdır.

Artıq Qubada alma yığımı başa çatıb. Cari təsərrüfat ilində rayon üzrə 101 min 800 ton alma tədarük edilib. Almanın çox hissəsi Azərbaycan brendi kimi Rusiyaya, Belarusa, Qazaxıstana, Ukrayna respublikalarına idxal edilib. Qubanı cənnətə çevirən, onun bir növ brendi sayılan almanı qubalılar sevə-sevə becərdikləri kimi, səliqə ilə dərirlər. Rayonun Zərdabi, Alekseyevka, Vladimirovka, Barlı, Gültəpə və digər kəndlərində dərilən almanın böyük hissəsi ixrac olunur. Sahibkarların bağladıqları müqavilələr əsasında yetişdirilən meyvə Rusiya, Özbəkistan, Türkmənistana və digər ölkələrə göndərilir. Yeri gəlmişkən qeyd edək ki, həmin ölkələrdən gələn nümayəndələr dəfələrlə Qubada olmuş, almanın becərilməsini yaxından müşahidə etmişlər.

Qubalılar respublikamızın şəhərlərində yaşayanları da yaddan çıxarmırlar. Respublikanın müxtəlif şəhərlərində keçirilən yarmarkalara minlərlə ton alma göndərilib. Qiyməti də münasib olduğu üçün əhali tərəfindən razılıqla qarşılanır.

Qubada yeni bağlar da salınır. Almaniya, Fransa, Türkiyə və digər ölkələrdən gətirilən alma sortları 350 hektar ərazidə becərilməyə başlanıb. Yaxın gələcəkdə daha bir neçə yüz hektar yeni bağın salınması nəzərdə tutulub. Onu da qeyd edək ki, yeni alma bağlarının salınmasında rayonun bütün idarə və təşkilatlarında çalışanlar yaxından iştirak edirlər. Hətta rayon mərkəzindəki məktəblərin çoxunun alma bağı var. Bu günlərdə aztəminatlı ailələrə yardım etmək məqsədilə yeni bağlar da salınıb.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video