18 Noyabr 2018 01:12
491
İQTİSADİYYAT
A- A+

Reallaşan layihələr nailiyyətlərdən xəbər verir


Sənayenin və kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi insanların məşğulluğunu təmin etməklə yanaşı, ölkənin ixrac potensialına da müsbət təsir göstərmişdir. İnkişaf bölgələrdə də intensiv xarakter alıb. Belə rayonlardan biri Şəmkirdir.

Təkcə bu il Sahibkarlığın İnkişaf Fondu tərəfindən rayon sahibkarlarına 26 layihə üzrə 1 milyon 809 min manat güzəştli kredit verilib. Nəticədə 3 min 532 iş yeri açılmışdır. Onun 1232-si daimidir. Yerli və xarici investisiyaların həcmi də xeyli artmışdır. İş adamları rayonun müxtəlif sahələrinə 67 milyon 571 min manat vəsait qoymuşlar. Bu vəsait yeni müəssisələrin yaradılmasına və mövcud müəssisələrin genişləndirilməsinə sərf edilmişdir. Lakin qazanılan uğurlar şəmkirliləri arxayınlaşdırmır. Potensial imkanlardan istifadə etməklə yeni istehsal sahələrinin yaradılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.


Forel balıq yetişdirilir


Şəmkirdə bu dəfə başqa bir yeniliyə imza atılıb. Yaxın vaxtlarda illik gücü 5 min ton olan forel balığı istehsalı müəssisəsi istifadəyə veriləcək. Hazırda burada son tamamlama işləri görülür.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla söhbətimiz də həyata keçirilən layihələr barədə oldu. Masasının üstündə müxtəlif müəssisələrin yaradılması üçün hazırlanmış layihələr, istehsal olunacaq məhsulların daxili və xarici bazarlara çıxarılması üçün aparılacaq təbliğat işlərinə dair xeyli buklet var idi. Dedi ki, ölkə rəhbəri yenilikçi olduğu üçün bizdən də bunu tələb edir. Bu da təbiidir. Həyata keçirilən hər bir yenilik isə iqtisadi inkişaf, xalqın güzəranının yüksəlməsi, əhalinin bol kənd təsərrüfatı məhsulları ilə təminatı deməkdir. Sürətli inkişaf şəhərlə kənd arasındakı fərqi də azaldıb. Bunu Şəmkirin timsalında görmək olar. Yol infrastrukturu yenilənib, ən ucqar kəndlərimizin qaz, elektrik enerjisi, su təchizatı həll edilib.


Sonra qarşısındakı bir bukleti açıb sözünə davam etdi:


- Şəmkir iqtisadi cəhətdən zəngin bölgələrimizdəndir. Respublikamızın aqrar sahədə qazandığı uğurlarda şəmkirlilərin də payı var. Lakin qazanılan uğurlar bizi qane etmir. Rayon ərazisində 3 nəhəng dəryaça var və bu dəryaçalar əkin sahələrinin su ilə yanaşı, bölgəni elektrik enerjisi ilə də təmin edir. Dəryaçalardan digər məqsədlər üçün də istifadə etmək olar. Məsələn, balıqçılığın inkişaf etdirilməsi həm rayon iqtisadiyyatına xeyir verər, həm də balığa olan tələbatı müəyyən qədər ödəyər. Qərara aldıq ki, insanların çox xoşladığı forel balığının yetişdirilməsi üçün təsərrüfat yaradaq. Belə də etdik. Yaxın vaxtlarda burada istehsal ediləcək balıq və balıq məhsulları həm süfrələrimizi bəzəyəcək, həm də "Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac olunacaq. Təsərrüfatın loqosu da hazırlanıb təsdiq edilmişdir.

"Azforel” balıqçılıq təsərrüfatının hovuzlarında xırda forel balıqları var idi. Layihəyə əsasən, illik gücü 5 min ton olacaq təsərrüfat müasir səviyyədə qurulub. Balığın inkubasiya dövründən satışınadək olan mərhələ üçün bütün şərait yaradılıb. Türkiyədən avadanlıqlar gətirilib quraşdırılıb. 5 hektar ərazidə salınan, illik gücü 2 min ton olan təsərrüfatda 12 çeşiddə balıq, 42 çeşiddə balıq məhsulları istehsal olunacaq. Burada balıq kürüsü istehsalı da nəzərdə tutulmuşdur.


Pomidor ixracında öndədirlər


Məlum olduğu kimi, ölkəmizin ixrac məhsulları sırasında pomidor birinci yerdədir. Bunun da 60 faizdən çoxu Şəmkirin payına düşür. Hər il rayonun istixanalarında yetişdirilən bu ərzaq məhsulu daxili bazarlarla yanaşı, xarici bazarlarda da satılır. Məhz buna görə də bu sahədə zəngin təcrübə toplayan şəmkirlilər hər il istixana sahələrini genişləndirməklə çoxlu qazanc əldə edirlər.

Hazırda rayonda 807 hektar istixana var. Keçən il bu istixanalarda 111 min ton pomidor yetişdirən təsərrüfat sahibləri istehsal etdikləri məhsulu çətinlik çəkmədən xarici bazarlara, əsasən də Rusiya Federasiyasına göndərmişlər. İstixanalarda 5 min 600 ton xiyar, 724 ton göyərti, 17 ton çiyələk də yetişdirilmişdir.

Rayonda elə bir yaşayış məntəqəsi yoxdur ki, orada istixana olmasın. Məsələn, Dəllər Cəyirdə 81 hektar, Əliyaqubluda 97 hektar, Düyərlidə 82 hektar, Keçilidə 55 hektar, Qaracəmirlidə 70 hektardan çox istixana var. Bu istixanalarda 10 minə yaxın insan işləyir.

Ali təhsilli aqronom Firdovsi Quliyev uzun illərdir ki, istixana sahibidir. Əvvəllər istixanada gül yetişdirirdi. Sonralar xarici ölkələrdən Rusiya bazarlarına külli miqdarda gül ixrac edildiyindən çıxış yolunu pomidor istehsalında görən təsərrüfat sahibi tezliklə vəziyyətdən çıxdı. Rusiyada özünə yaxşı bazar tapdı. 40 sot istixanada həm pomidor-xiyar, həm də göyərti yetişdirir. Qazancından da çox razıdır. Söhbət zamanı dedi ki, əvvəlki çətinliklərdən indi əsər-əlamət qalmayıb. Bu şəraiti bizə yaradan ölkə rəhbəridir. Onun iş adamlarına dəstəyi bizə imkan verir ki, məhsul bolluğu yaradaq.

Pomidor istehsalında və ixracında heç bir çətinliyin olmadığını Düyərli kənd sakini Şakir Hüseynov, Dəllər Cəyir kənd sakini Tahir Hüseynov və Qapanlı kənd sakini Məhərrəm Musayev də bildirdilər.


"Şəmkir Aqroparkı”nın həyata keçirdiyi işlər sakinləri razı salır


Təməli 2014-cü ildə qoyulan "Şəmkir Aqroparkı”nın loqistika mərkəzində xeyli iş görülmüşdür. 12,3 hektar ərazisi olan logistika mərkəzinin istehsal sahəsi 3,9 hektardır. Burada Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqlar quraşdırılmışdır. İri meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik meyvələri çeşidləyən avadanlıqların gücü 2 tondur. Burada 200 ton məhsul qəbul edə bilən 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal da inşa edilib. Parkın logistika mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyasında meyvə və tərəvəzlərin keyfiyyəti, bakterioloji və bioloji göstəriciləri, həmçinin toksikliyi üzrə analizlər aparılır.

Mərkəzdə meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanılması müasir standartlara uyğun aparılır. Başqa sözlə, laboratoriya nəticələri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir.

"Şəmkir Aqroparkı”nın ərazisində 49 hektar yeni meyvə bağı da salınmışdır. Onun 9 hektarı albalı, 2 hektarı gavalı, 3,5 hektarı armud, 2,5 hektarı heyva, 2 hektarı badam, 14 hektarı xurma, 15 hektarı ərik və digər meyvələrdir. Bağı 70 hektara çatdırmaq nəzərdə tutulmuşdur.

"Şəmkir Aqroparkı”nın dünyanın istənilən nöqtəsinə məhsul ixrac etmək imkanları var. Hazırda bu parkın logistika mərkəzi Rusiya, Belarus, Ukrayna, habelə Yaxın Şərq ölkələrinə ixrac olunan kənd təsərrüfatı məhsullarının qəbul məntəqəsidir. Bu imkandan istifadə etməyə çalışan rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları daim "Şəmkir Aqropark”la əlaqə saxlayır, onun xidmətlərindən istifadə edirlər. Hazırda fermerlərin istəyi ilə onların 12 min ton məhsulu soyuducu kameralarda saxlanılır. Həmin məhsullar qış mövsümündə ixrac olunacaqdır.


Mal-qaranın cins tərkibi yaxşılaşdırılır


Şəmkir rayonu heyvandarlığın inkişaf etdirilməsi üçün əlverişli mühitə malikdir. Son illər bu sahə ilə də bağlı bir sıra layihələr uğurla həyata keçirilmişdir. Nəticədə mal-qaranın sayı artmış, əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsi istiqamətində irəliləyişlərə nail olunmuşdur. İcra başçısı Alimpaşa Məmmədov bizə bir şəkil göstərib dedi ki, şəkildəki qoyunlar Avropa ölkələrində geniş yayılıb. Hər birinin çəkisi 120 kiloqramdan çoxdur və ildə 4 bala verir. İstəyirik ki, rayonda onun təsərrüfatını yaradaq. Bunun üçün axtarışlarımız bəhrə verdi. Həmin qoyunlar Cənubi Afrikada geniş yayıldığı üçün qiymətləri də ucuzdur. Yaxın vaxtlarda oradan 1000 baş damazlıq qoyun gətirməyi planlaşdırmışıq.

Heyvandarlığın sürətli inkişafı üçün ən çox diqqət iri təsərrafatların yaradılmasına verilir. Bu məqsədlə yaradılan təsərrüfatlardan biri Şəmkir heyvandarlıq fermasıdır. Ferma 10 min baş iribuynuzlu mal-qara üçün nəzərdə tutulub. Hazırda burada 3 min baş heyvan saxlanılır. Mal-qaranı yemlə təmin etmək üçün 650 hektar sahədə yem bitkiləri əkilir. Müasir üsullarla yetişdirilən taxıl sahələrində pivot suvarma qurğuları quraşdırılıb.

"Arzu-99” heyvandarlıq təsərrüfatı da son illər uğurlu göstəricilərə nail olub. Təsərrüfatın rəhbəri Zeynalabdin Zeynalov söhbət zamanı dedi ki, 1999-cu ildə yaradılan təsərrüfatda hazırda 150 baş mal-qara saxlanılır. Heyvanların sayının az olmasının əsas səbəbi onların cins tərkibinin yaxşılaşdırılması ilə bağlıdır. Çalışırıq ki, süni mayalanma yolu ilə heyvanların cins tərkibini yaxşılaşdıraq. Bu məqsədlə 100 başlıq 5 tövlə inşa etdirmişik. Bu il süni yolla mayalandırılmış inəklərdən 60 baş bala gözləyirik. Süni yolla doğulmuş balaların hər birinə 100 manat subsidiya alacağıq. Yaxın bir neçə ildə heyvanların baş sayını 500-ə çatdırmağı qarşımıza məqsəd qoymuşuq.

Beləcə, Şəmkir rayonunda mütərəqqi medotlardan bəhrələnməklə digər layihələr də həyata keçirilir və hər bir yenilik, hər bir təşəbbüskarlıq uğurların sayını artırır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video