18 Noyabr 2018 01:08
375
İQTİSADİYYAT
A- A+

Bugünkü uğur gələcək inkişafın təməlidir


"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində ölkəmizin hər yerində olduğu kimi, Oğuz rayonunda da vacib addımlar atılıb. Dövlət proqramında Oğuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı daxil edilmiş 13 maddənin əksəriyyəti icra edilib.

Rayon icra hakimiyyətindən aldığımız məlumatda bildirilir ki, icrası nəzərdə tutulan tədbirlər sırasında ərzaq təhlükəsizliyinə də xüsusi diqqət yetirilib. Bu istiqamətdə hazırda südlük və ətlik üzrə cins mal-qara yetişdirilməsi işləri davam etdirilir. Mal-qaranın süni mayalandırılması işi də yaxşı təşkil olunub. Cari ilin 9 ayında süni mayalanmadan 670 baş buzov alınması bunun nəticəsidir.

Hələ ötən illərin sonlarında 2018-ci ildə görüləcək işlərin tədbirlər planı hazırlanmışdı. Bu planın icrası çərçivəsində yaşayış məntəqələri üzrə zəruri işlər görülüb. Belə ki, Bucaq-Muxas-Baş Daşağıl kənd və Oğuz-Xaldan avtomobil yollarına qum-çınqıl döşənib və asfalt salınıb. Eləcə də Oğuz şəhərində, Xaçmaz, Xalxal, Baş Daşağıl, Muxas, Bucaq kəndlərinə kabel xətləri çəkilib, yeni Kompleks Transformator Məntəqələri (KTM) sxemə qoşulub, 20 MVA gücündə yeni "Oğuz” yarımstansiyası tikilərək istismara verilib, istehlak olunan elektrik enerjisinin qeydiyyatının düzgün aparılması üçün 4373 sayğac elektron tipli sayğaclarla əvəz edilib. Bundan əlavə, Xaçmazqışlaq kəndində qaz tənzimləyici quraşdırılıb, Top kəndinə qaz xətti çəkilib, Zərrab, Şirvanlı və Tayıflı kəndlərində müvafiq istiqamətdə zəruri işlər görülüb.

Bu dövrdə meliorasiya və irriqasiya işlərinin görülməsi üçün sənədləşmə işləri də aparılıb, o cümlədən Bucaq, Sincan, Top, Padar, Kərimli, Xaçmaz kəndlərində subartezian quyularının qazılması üçün yerlər müəyyənləşdirilib. Həmin kəndlərdə subartezian quyuları qazılıb və hazırda son tamamlama işləri aparılır. Eləcə də Oğuzçay, Daşağılçay, Xalxalçay və Türyançay sistemlərində daşqın və selə qarşı mübarizə məqsədi ilə çay məcrasında təmizləmə, Oğuzçay sistemində Oğuz şəhərini mühafizə edən daş-beton bəndlərində təmir işləri görülüb, Türyançay sistemində Mollalı kəndinin və əkin sahələrinin, Qalaçay sistemində Yemişanlı, Filfilli, Xaçmaz, Dəymədağlı, Sincan kəndlərinin və əkin sahələrinin qorunması üçün qum-çınqıldan mühafizə bəndləri quraşdırılıb. Cari il ərzində Xaçmaz, Sincan, Dəymədağlı və Tərkeş kəndlərində tütün əkini ilə əlaqədar yeni suvarma arxları da qazılıb, qoz və fındıq bağlarına suvarma arxları çəkilib.

Oğuzda abadlıq-quruculuq işləri də genişlənib. Hazırda 7 illik uşaq musiqi məktəbinin dam örtüyü dəyişdirilir. Oğuz şəhərində iki körpələr evi-uşaq bağçasının tikintisi, Padar kənd tam orta məktəbində əsaslı təmir və bərpa gücləndirmə işləri davam etdirilir. Baş Daşağıl, Mollalı və Xaçmazqışlaq kəndlərində yeni modul tipli məktəblərin inşası planlaşdırılıb.

Oğuz royanu Muxas kəndi ərazisində Daşağıl çayı üzərində təməli qoyulmuş kiçik su elektrik stansiyalarının tikintialtı sahəsi 7,22 hektardır. Layihə üzrə burada hidroqovşaq, SES binası, basqılı boru və aparıcı kanal tikintisi nəzərdə tutulub. Hazırda bu istiqamətlərdə tikinti işləri aparılır. Yaxın vaxtlarda 1,5 meqavat gücündə kiçik su elektrik stansiyasının tikilib istifadəyə verilməsi nəzərdə tutulub.

Bundan başqa, rayonun Kərimli kəndində fındıq emalı sexinin, Calut kəndində ailəvi istirahət mərkəzinin, Bucaq kəndində cücə sexinin tikintisi başa çatdırılıb. Bucaq kəndində 2016-cı ildə inşasına başlanmış tütün qurutma sexinin bir hissəsi tikilib istismara verilib və hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, ilin əvvəlindən rayonda açılmış 178 yeni iş yerlərindən hamısi daimidir.

İcra edilən işlərin siyahısını daha da uzatmaq olar. Lakin qeyd olunanlar da Oğuzdakı real mənzərəni təsəvvür etmək üçün kifayət edir. Hazırda regionların sosial-iqtisadi inkişafı ilə bağlı növbəti dövlət proqramının qəbulu gözlənilir. Oğuzlular inanırlar ki, yeni proqramda da dövlətin dəstəyi ilə icra ediləcək layihələr onların sosial vəziyyətlərini daha da yaxşılaşdıracaq.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video