17 Noyabr 2018 03:06
752
Məktublar
A- A+

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına


Hörmətli avtomobil yolu təsərrüfatı işçiləri!

Sizi ölkəmizdə avtomobil yolu təsərrüfatının yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə nailiyyətlər arzulayıram.

1918-ci ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Yollar, Poçt və Teleqraf Nazirliyi yaradılmış, bununla da ölkəmizin yol təsərrüfatının ayrıca sahə kimi bünövrəsi qoyulmuşdur. Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini layiqincə yaşadan müstəqil Azərbaycan Respublikasının ötən müddət ərzində iqtisadiyyatının sürətli inkişaf modeli ilə formalaşmasına yol təsərrüfatı və nəqliyyat sektoru dəyərli töhfələr vermişdir.

Avtomobil yollarının tikintisi, təmiri və saxlanılması ilə məşğul olmuş və ayrı-ayrı illərdə fərqli adlar altında fəaliyyət göstərmiş idarə və təşkilatların bugünkü varisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Qurum ümummilli lider Heydər Əliyevin "Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” sözlərini haqlı olaraq öz fəaliyyətinin başlıca devizinə çevirmişdir.

Ulu öndər respublikamıza rəhbərlik etdiyi illərdə yol infrastrukturunun kompleks şəkildə inkişaf etdirilməsi, avtomobil yolu təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və onun kadr potensialının gücləndirilməsinə həmişə xüsusi diqqət yetirmişdir. Yol təsərrüfatında əsaslı dönüşün yaradılması və onun idarəetmə mexanizminin bacarıqlı, işgüzar mütəxəssislər hesabına komplektləşdirilməsi məhz Heydər Əliyevin bu istiqamətdə gerçəkləşdirdiyi məqsədyönlü inkişaf strategiyasının bəhrəsidir.

Strategiyanın uğurlu davamı olaraq ölkə həyatının bütün sahələri ilə yanaşı, yol infrastrukturunun sistemli yeniləşdirilməsi və müasir standartlar səviyyəsində avtomobil yolları şəbəkəsinin genişləndirilməsi indi də diqqət mərkəzində saxlanılır. Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir. Getdikcə dərinləşən yeniləşmə prosesləri fonunda yol infrastrukturunun sürətlə yaxşılaşması Azərbaycanın hazırkı dinamik inkişaf mənzərəsini səciyyələndirən başlıca cəhətlərdəndir.

İnanıram ki, yüksək peşəkarlığa malik kollektiviniz öz üzərinə düşən vəzifələri bundan sonra da dərin məsuliyyət hissi ilə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artırılması naminə böyük əzmkarlıq və qətiyyətlə çalışacaqdır.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video