16 Noyabr 2018 21:48
249
CƏMİYYƏT
A- A+

Məktəblilərin Göygöl və Şəmkirlə tanışlığı zəngin səfər təəssüratları ilə başa çatıb


Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Sumqayıt şəhərindən, Yasamal, Nəsimi, Nizami, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan məktəblilər noyabrın 16-da Göygöl və Şəmkir rayonları ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tur–aksiya iştirakçıları Göygöl rayonuna gəliblər. Qonaqları şəhər mərkəzində Göygöl Rayon İcra Hakimiyyətinin, mədəniyyət idarəsinin əməkdaşları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tur-aksiya iştirakçılarını salamlayıb, məktəblilərə xoş səfər təəssüratları arzulayıb. Bildirilib ki, Göygöl şəhərinin əsası 1819-cu ildə Almaniyanın Virtemberq krallığından gələn koloniyaçılar tərəfindən qoyulub. Şəhərin adı da elə alman koloniyaçıları tərəfindən Helenendorf adlandırılıb. İkinci Dünya müharibəsi başlayana qədər burada dinc və əmin-amanlıq şəraitində yaşayan almanlar 1941-ci ildə Stalinin əmri ilə Sibirə və Qazaxıstana sürgün ediliblər. Ötən illərdə bir neçə dəfə adını dəyişən rayon 2008-ci ildən Göygöl adlandırılıb. Vaxtilə almanlar tərəfindən salınan küçələr, tikilən eyvanlı, çatmatağlı evlər və alman lüteran kilsəsi bu gün də olduğu kimi mühafizə edilir. Kilsədə rayonun keçmişini, eləcə də almanların tarixini və məişətini əks etdirən çoxlu sayda qiymətli eksponatlar qorunub saxlanılır.

Qeyd edilib ki, multikulturalizm ənənələrinə yüksək qiymət verilən Göygöl şəhərində küçələrlə irəlilədikcə burada almanlara məxsus onlarla maddi-mədəni tikiliyə, tarixi nişanəyə rast gəlmək mümkündür.

Tur-aksiya iştirakçıları şəhərlə tanışlığa Heydər Əliyev Mərkəzindən başlayıblar. Əvvəlcə məktəblilər burada Ümummilli Liderin həyatının, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən foto və sənədlərə baxıb, mərkəzin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, buradakı muzeydə gənclər üçün xalçaçılıq və bədii biçmə-tikmə evləri, həmçinin kinozal fəaliyyət göstərir.

Daha sonra Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn məktəblilərə məlumat verilib ki, vaxtilə alman koloniyaçıları tərəfindən tikilən kilsə hazırda muzey binası kimi fəaliyyət göstərir. Muzeydə nümayiş olunan tarixi eksponatlar, vaxtilə almanlar tərəfindən istifadə edilən məişət əşyaları, geyim nümunələri və tarixi fotolar şagirdlərdə böyük maraq yaradıb.

Açıq səma altında ölkəmizin multikultural ənənələrinin əks olunduğu muzeyi xatırladan Göygöl şəhəri buraya səfər edən hər kəsdə olduğu kimi, tur-aksiya iştirakçılarında da dolğun fikir və zəngin təəssürat doğurub.

Rayonla tanışlıqlarını başa vuran tur-aksiya iştirakçıları sonra Şəmkirə səfər ediblər.

Şəmkir şəhərinin mərkəzinə gələn məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi qarşılayıb.

Əvvəlcə tur-aksiya iştirakçılarına Heydər Əliyev Mərkəzi haqqında məlumat verilərək bildirilib ki, bina orijinal memarlıq üslubunda inşa edilib. Belə ki, mərkəzin daxilində yan divarlarda Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotolara baxan hər kəs irəlilədikcə istər-istəməz yüksəkliyə qalxmış olur. Bu cür memarlıq həlli isə həm rəmzi məna daşıyır, həm də ümummilli lider Heydər Əliyevin yüksələn siyasi fəaliyyətini əks etdirir.

Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini əks etdirən fotoşəkillərə, Ümummilli Liderə həsr olunan kitablara baxıblar. Bildirilib ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin müxtəlif vəzifələrdə olduğu dövrlərdə işlədiyi kabinetlərin və iş otaqlarının bənzərləri yaradılıb. Bayraq meydanında tarixən Azərbaycanda mövcud olan dövlətlərin bayraqlarının və nişanlarının əks olunduğu guşələr də tur-aksiya iştirakçılarında böyük maraq doğurub.

"Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanışlıq da tur-aksiya iştirakçıları üçün yaddaqalan olub. Bildirilib ki, "Zəka” mərkəzinin qalereyasında burada fəaliyyət göstərən dərnək üzvlərinin müxtəlif texnika və üslublarda hazırladıqları əl işləri, rəsm əsərləri sərgilənir.

Məktəblilər Şəmkirdə vaxtilə alman koloniyaçıları tərəfindən inşa olunan lüteran kilsəsi ilə də tanış olublar. Onlara Şəmkirin əsasını qoyan alman koloniyaçıları haqqında ətraflı məlumat verilib.

Şagirdlərin Göygöl və Şəmkir rayonları ilə tanışlığı zəngin səfər təəssüratları ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video