16 Noyabr 2018 17:38
705
Məktublar
A- A+

Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına


Hörmətli Forum iştirakçıları,
Əziz gənclər!
Sizi – Azərbaycan Gənclərinin VIII Forumunun nümayəndələrini səmimi qəlbdən salamlayır və ali toplantınızın işinə uğurlar arzulayıram.

Gənclərin növbəti Forumunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz ildə, "Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” şüarı altında keçirilməsi rəmzi məna daşıyır. İstər Xalq Cümhuriyyətinin mövcud olduğu, istərsə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə gənclərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verilmişdir. Hazırda da gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir.

1996 cı ildə Azərbaycan gənclərinə geniş və açıq müzakirə tribunası vermiş ilk Forumun keçirilməsi təşəbbüsü gəncləri daha fəal, daha məsuliyyətli və daha yetkin görmək istəyən ulu öndər Heydər Əliyevə məxsusdur. Ənənəvi olaraq keçirilən forumlar ulu öndərin tarixi qərarına əsaslanaraq gənclərin fikir mübadiləsi aparmaları, öz təklif və ideyalarını səsləndirmələri üçün platformanı təmin etməklə, onların dövlət və cəmiyyətin həyatında fəal iştirakına şərait yaradır.

İqtisadi və hərbi qüdrəti, siyasi nüfuzu regional və qlobal miqyasda davamlı olaraq artan respublikamızda ötən dövr ərzində gənclərin hərtərəfli inkişafını təmin edən, onların intellektual və innovativ yaradıcılıq potensialının reallaşmasına şərait yaradan, ictimai təşəbbüslərini dəstəkləyən çoxsaylı tədbirlər həyata keçirilmişdir. Bu gün Azərbaycan gənci layiqli vətəndaş kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artması, siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfə verir. Gənclər ölkəmizi beynəlxalq arenada da layiqincə təmsil edir, ictimai diplomatiyanın genişlənməsində, xarici həmyaşıdları ilə əlaqələrin qurulmasında səylərini əsirgəmir, Azərbaycanın milli mənafeyini yüksək tuturlar.

Gənclər Siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi, "Gənclər sahəsində Bakı Öhdəlikləri”nin qəbul edilməsi ölkəmizin gənclər siyasəti sahəsində uğurunu, yeni yanaşmaların və standartların tətbiqini əks etdirir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan "Azərbaycan gənclərinin İnkişaf Strategiyası (2015-2025-ci illər)”, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” gənclərin fərdi inkişafı və qərarların qəbulu prosesində iştirakının artırılması istiqamətində yeni imkanlar yaradır.

Əminəm ki, Forum dövlət gənclər siyasətinin daha səmərəli icrası ilə bağlı geniş və hərtərəfli müzakirələr, parlaq və innovativ ideyalar məkanına çevriləcək, gəncləri yeni uğurlara ruhlandıracaqdır.
Bir daha Sizin hamınıza və VIII Forumun işinə uğurlar arzu edirəm.
Hörmətlə,


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2018-ci il.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video