16 Noyabr 2018 01:55
918
SİYASƏT
A- A+

İlham Əliyev Ermənistanın təcridi prosesini uğurla yekunlaşdırır


Belarus və digər müttəfiqlər Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyəcəklərini nümayiş etdirdilər


İqtisadi qüdrətini davamlı şəkildə yüksəldən Azərbaycan bu gün mövcud olduğu regionda proseslərin inkişaf axarını müəyyən edən əsas dövlət kimi qəbul olunur.

Belə vəziyyət öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçrilən siyasətin böyük uğurunun daha bir göstəricisi qismində çıxış edir. Bu nailiyyətlərdən məharətlə istifadə edən Azərbaycan Prezidenti işğalçı Ermənistana həm diplomatiya müstəvisində böyük zərbələr vurur, həm də bu ölkəni təcrid vəziyyətinə salmaqla onun sosial-iqtisadi çöküşünü sürətləndirir.

Azərbaycan diplomatiyasının beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirməsi və bu sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açmaqdadır. Bunun daha bir real təsdiqi keçdiyimiz günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada baş tutan dövlət başçılarının zirvə toplantısında oldu.

Azərbaycan Ermənistanı növbəti dəfə "ofsayt”a saldı

Ermənistan üçün növbəti dəfə böyük uğursuzluqla başa çatan KTMT-nin zirvə toplantısında iddialarına və istəklərinə baxmayaraq, təşkilatın baş katibi postu işğalçı ölkədən alındı. Halbuki Ermənistan bu postu 2020-ci ilə qədər saxlamağa çalışırdı.Yekunda belə məlum oldu ki, Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatında yer alan ölkələr Ermənistandan daha çox təşkilata üzv olmayan Azərbaycanın mövqeyi ilə hesablaşmağa üstünlük verirlər. Bu hal Qarabağ məsələsi ilə bağlı da özünü qabarıq büruzə verir.

Yaxşı məlumdur ki, Azərbaycanın Ermənistanı çıxmaqla KTMT üzvləri ilə ikitərəfli formatda çox yaxşı münasibətləri, Belarus və Qazaxıstanla isə xüsusi münasibətləri var. Məhz bu münasibətlər sayəsində iki il əvvəl Ermənistanın KTMT baş katibi vəzifəsinə öz nümayəndəsini seçdirməsi xeyli müddət baş tutmamışdı. İndi Astanada baş verənlərdə də Azərbaycan Prezidentinin Qazaxıstan və Belarus liderləri ilə xüsusi münasibətlərinin rolunu inkar etmək olmaz.

Aydındır ki, Ermənistan işğal siyasətinə son qoymayana qədər bu vəziyyətdə qalmağa, daha böyük problemlərlə üzləşməyə davam edəcək. Noyabrın 14-də Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşündə Prezident İlham Əliyev qeyd olunan məqamlara geniş şəkildə toxunub. Öncə hər iki ölkə arasında münasibətlərin və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu diqqətə çatdıran Prezident bildirib: "Regionumuzda baş verən vəziyyəti müşahidə edirik, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu yaxınlarda Qazaxıstanda keçirilmiş Sammitini çox diqqətlə izlədik. Biz buna laqeyd deyilik. Fikrimcə, bunu başa düşmək olar. Çünki Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik. Bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir. Biz beynəlxalq siyasətin digər məsələlərini də müzakirə edirik. Bu da Ermənistanda hər hansı təşviş doğurmamalıdır. Ermənistanın Xarici İşlər Nazirliyinin bu yaxınlardakı bəyanatını beynəlxalq təcrübədə tamamilə yolverilməz hesab edirik. Xarici İşlər Nazirliyi digər ölkənin, xüsusilə də müttəfiq sayılan ölkənin prezidentinin hərəkət və sözlərini şərh edə və yanlış adlandıra bilməz. Yanlışlıq belə əməlləri özünə rəva bilən Ermənistanın Xarici İşlər Nazirliyinin davranışıdır. Görünür, bu, onların dünyanı və dünya xəritəsində öz yerlərini qeyri-adekvat dərk etmələrinin nəticəsidir”.

KTMT-də Azərbaycan böyük nüfuza sahibdir

Bununla yanaşı, o da aydındır ki, işğal siyasətinin davam etməsi fonunda Azərbaycanın gördüyü tədbirlər Ermənistanın iflasını daha sürətləndirəcək. Bu isə Ermənistanda çoxsaylı problemlərin miqyasını bir qədər də genişləndirəcək. Elə 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejimin hakimiyyətdən qovulmasını təmin edən məqamlardan biri də məhz Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti oldu.

İndi dünya miqyasında birmənalı qəbul olunan həqiqət budur ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Bundan əlavə ölkəmiz ötən dövr ərzində yeni qlobal enerji və nəqliyyat layihələrinə start verməklə də Ermənistanın təcridini daha da dərinləşdirə bilib. Burada nəzərə almaq lazımdır ki, Azərbaycan diplomatiyası uğurlu addımları ilə konkret aspektlər üzrə dünyanın bir çox dövlətləri ilə səmərəli əməkdaşlıq sistemi yaradır. Ermənistan isə işğal siyasətnə görə bu sistemdən kənarda qalır.

KTM-nin son toplantısında da Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, təşkilat çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Belə vəziyyətdə maraq doğuran odur ki, qurum Azərbaycanı burada müşahidəçi qismində görməyi planlaşdırır. Bu da o deməkdir ki, faktiki olaraq Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq təşkilat öz nizamnaməsində dəyişiklik etdi. Təşkilat yanında müşahidəçi dövlət statusunu müəyyən etdi. Bu, Azərbaycan üçün hazırlanmış bir sənəddir. Ermənistan rəhbərliyi isə bu fonda gördü ki, KTMT-də Azərbaycanın çox böyük nüfuzu var.

Prezident İlham Əliyev bununla bağlı qeyd edib: "Ermənistan tərəfi bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının problemləri mövcuddur. Yəqin ki, burada onlar haqlıdırlar. Bu problem, ilk növbədə, elə Ermənistanın özüdür və Ermənistanın törətdiyi problemlərdir. Biz, əlbəttə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibin Ermənistan nümayəndəsinin təyinatını narahatlıqla qəbul etdik. Əvvəla, ona görə ki, bu dövlət Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. İkincisi də əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş namizədin özünün şəxsiyyətinə görə. Burada da, deyildiyi kimi, bizdə personajın özünün hansı keyfiyyətlərə malik olması şübhə doğurmur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibinin rəhbərlik etdiyi və Ermənistan ordusu üçün ağır məğlubiyyətlə nəticələnən Azərbaycan və Ermənistan ordularının döyüş qarşıdurmaları zamanı rüsvayçı davranışını xatırlamaq kifayətdir. Yəni, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi mühüm beynəlxalq quruma bu şəxsin təyinatı müəyyən dərəcədə təşkilata hörmətsizlik idi... Buna görə də bir daha demək istəyirəm ki, əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hər hansı bir problemi varsa, o da Ermənistandır və onun yaratdığı problemlərdir”.

Ermənistanı daha böyük sarsıdıcı zərbələr gözləyir

Bu gün güc yoluna əl atılmasının nə ilə nəticələnəcəyini əslində, ermənilər də yaxşı bilir. Ən azından o fonda ki, ötən dövr ərzində Ermənistanda bütün sahələr üzrə ciddi tənəzzül qeydə alınıb, ölkənin formal müstəqilliyi də aradan qalxmaq təhlükəsi ilə üzləşir. Ermənistandan fərqli olaraq keçən illər ərzində davamlı şəkildə güclənməyi bacaran Azərbaycan inkişaf parametrlərinə görə düşmən ölkəni xeyli qabaqlayıb. İndi real mənzərə ondan ibarətdir ki, kifayət qədər güclənən Azərbaycan hərbi güc yolu ilə işğal faktını qısa müddətdə tam aradan qaldırmaq iqtidarındadır. Ermənistanda açıq etiraf olunur ki, Azərbaycan indi kifayət qədər yaxşı təchiz edilmiş silahlı qüvvələr yarada bilib. Amma hələlik Ermənistanın yeni iqtidarı da bu məsələdə birmənalı mövqe sərgiləmir.

Belə vəziyyətdə Bakı Ermənistanı sarsıdan addımlar atmaqda davam edəcək və Prezident İlham Əliyev bu xüsusda konkret mesajlar verib: "Biz Belarusdan hərbi texnika alırıq və onun keyfiyyətindən, göstəricilərindən çox razıyıq. Belarus hərbi sənaye sahəsində də çox yüksək səviyyə nümayiş etdirir və biz hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Doğrudur, Siz bilirsiniz ki, bu, Ermənistanda, belə deyim, psixoz tutmalara səbəb olur. Bu da son dərəcə təəccüblüdür. Çünki Azərbaycan təkcə Belarusdan silah almır. Azərbaycana hərbi texnikanın ən iri tədarükçüsü Rusiyadır. Həmçinin biz Türkiyədən, İsraildən, Pakistandan, Avropa ölkələrindən böyük həcmdə silah-sursat və texnika alırıq. Buna görə də təəccüblüdür ki, iradlar müstəsna olaraq Belarusa göstərilir. Mən hesab edirəm ki, bu, Ermənıstanda Belarusa qarşı acizlik kompleksinin təzahürüdür. Səbəblər də kifayət qədər sadədir. Həm Belarus, həm də Ermənistan eyni vaxtda müstəqillik əldə ediblər. Bu gün Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir və həyatın girdabındadır. İyirmi il ərzində öz xalqını istismar və qarət edən hakimiyyətin erməni xalqı tərəfindən devrilməsi bunun parlaq təzahürüdür”.

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycana qarşı yürütdüyü təcavüz və işğal siyasətinə görə Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir. Ermənistanın düşdüyü bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycana qarşı işğala son qoyması, qonşu dövlətlərlə sivil münasibətlər qurmasıdır. Əks təqdirdə, bilməlidir ki, bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər istənilən hakimiyyət dəyişikliyi bu ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video