15 Noyabr 2018 18:03
269
CƏMİYYƏT
A- A+

Tur-aksiya iştirakçıları cənub bölgəsi ilə tanış olublar


Noyabrın 15-də "Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Gəncə şəhərinin, Ağstafa, Qazax, Səbail və Xətai rayonlarının məktəbliləri Lənkəran rayonuna, Gədəbəy, Daşkəsən, Şəmkir və Samux rayonunun şagirdləri isə Astara və Masallıya səyahət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəblilər Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra məktəblilər Lənkərandakı Hirkan Milli Parkına və "Xanbulan” istirahət mərkəzinə səyahət ediblər.
Məlumat verilib ki, Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara rayonlarının ərazisində yerləşir. Ümumi sahəsi 21 min 435 hektar ərazini əhatə edir. Diqqətə çatdırılıb ki, 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hirkan Milli Parkı yaradılıb. Milli Parkın ərazisi Hirkan qoruğundan və qoruğa bitişik meşə fondu torpaqlarından ibarətdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı UNESCO-nun "Ümumdünya Mədəni və Təbii İrs Siyahısı”na daxil olunması üçün qeydiyyata alınıb.

Bildirilib ki, Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.
Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar.
Tur-aksiyanın iştirakçılarına cənub bölgəsində çayçılığın inkişafı tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verilib.
Lənkəran şəhərindəki "Qoşa Qala qapıları”, "Mayak” binası, "Dairəvi qala”, Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.

Daha sonra tur-aksiya iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın igid oğlunun ev-muzeyi 1969-cu il mayın 9-da yaradılıb. Muzeydə 5 ekspozisiya otağı fəaliyyət göstərir.

Həmin gün tur-aksiyanın Samux, Gədəbəy, Şəmkir və Daşkəsən rayonlarından olan iştirakçıları Astara və Masallı rayonuna səfər ediblər.
Məktəblilər Astara rayonunda Heydər Əliyev Mərkəzində, "Gənclər evi”ndə, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində, "Yanar Bulaq”da və "Astaraçay” MMC-nin çay fabrikində, Masallı rayonunda Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Tarix-Diyarşünaslıq Muzeyində, Uşaq İncəsənət Məktəbində, Dövlət Rəmzləri Muzeyində, Olimpiya İdman Kompleksində, "ASAN həyat” kompleksində, Viləşçay su anbarında və Masallı Sənaye Məhəlləsində olublar.
Məktəblilər səfərdən zəngin təəssürat aldıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video