15 Noyabr 2018 01:17
1892
PARLAMENT
A- A+

2019-cu ilin dövlət büdcəsi güclü sosial müdafiəyə təminat yaradır


Milli Məclisin noyabrın 14-də keçirilən iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirildi. Müzakirələr zamanı deputatlar gələn ilin dövlət büdcəsinin qanunvericiliyə uyğun tərtib olunduğunu və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində maliyyə təminatı yaratdığını dedilər.

Ali maliyyə sənədi qanunvericiliyə uyğun tərtib olunub

İlk çıxış edən deputat Rəşad Mahmudov müstəqillik dövründə ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsaitin 1 milyard manatı keçməsini yüksək qiymətləndirdi. Qeyd etdi ki, səhiyyə xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisi ilk dəfə olaraq 4,2 faiz təşkil edəcək. Bundan başqa, icbari tibbi sığortanın tətbiqi üçün 224 milyon manatın ayrılması nəzərdə tutulub. 2018-ci illə müqayisədə səhiyyəyə ayrılan artım 42 faizdir. Bu da səhiyyənin inkişafına real töhfəsini verəcək. Onun sözlərinə görə qəbul olunacaq büdcə layihəsi həm də 2019-cu ildən etibarən başlayan və gələcəkdə də davam edəcək dövlətin səhiyyəyə yeni maliyyə yanaşması kimi yadda qalacaq. Bu da Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqətin bariz nümanəsidir.

Deputat Jalə Əliyeva güzəştli ipoteka kreditlərinin digər kateqoriyadan olan vətəndaşlara - müəllimlərə, həkimlərə, mədəniyyət, incəsənət xadimlərinə, yaradıcılıqla məşğul olan şəxslərə də verilməsini, icbari tibbi sığortanın bütün ölkədə tətbiqinin sürətləndirilməsi üçün əlavə vəsait ayrılmasını təklif etdi, kino yaradıcılığı üçün daha sanballı vəsaitin nəzərdə tutulmasını məqsədəuyğun saydı.

Deputat Sona Əliyevanın təklifləri əsasən seçildiyi seçki dairəsini əhatə etdi. Deputat Şəmkir rayonunda bir sıra kəndlərin su ilə təminatında çətinliklərin olduğunu və gələn ilin dövlət büdcəsində bunların nəzərə alınmasını xahiş etdi. S.Əliyeva onu da dedi ki, Şəmkirin Ələsgərli kəndində də modul tipli məktəbin quraşdırılması məqsədəuyğun olardı. Çünki hazırkı məktəb günün tələblərinə cavab vermir. Deputat şagird çoxluğu səbəbindən Şəmkirin Şiştəpə kəndində və Dəllər qəsəbəsində də yeni məktəb binalarının tikintisinə ehtiyac olduğunu dedi.

"Son 13 ildə kino sahəsinə 65 milyon manat vəsait ayrılıb. Amma bu, yetərincə deyil”. Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov dedi. Onun sözlərinə görə, 2019-cu ildə kino sahəsinə 1,5 milyon manat vəsaitin ayrılması həddən artıq azdır və bu vəsait ən azından bir neçə dəfə artırılmalıdır. Vəsaitin ayrılması dublyaj sahəsinin inkiaşfına, eyni zamanda, dil məsələsinə töhfə verməsinə xidmət edər.

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrə ayrılan subvensiyanın dotasiya hesabına artırılmasını təklif etdi. Bir sıra kənd bələdiyyələrinin hesablarının sığorta borclarına görə bağlı olduğunu deyən komitə sədri həmin borcların silinməsini də məqsədəuyğun saydı.

Deputat Məlahət İbrahimqızı şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının problemlərini araşdıran komissiyanın yaradılmasını, eyni zamanda, ucqar rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlərin problemlərinə diqqətin gücləndirilməsini təklif etdi.

Elm və təhsilə də investisiya qoyulmalıdır

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev dedi ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi və icmal büdcəsi mövcud qanunvericiliyin bütün tələblərinə cavab verir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və bu, ictimai həyatın bütün sahələrində hiss olunur. Büdcənin sosial, eyni zamanda, investisiya yönümlü olması ölkənin iqtisadi potensialını daha da artırır, bir tərəfdən işçi qüvvəsinin, digər tərəfdən isə istehsal sahələrinin genişlənməsinə, irimiqyaslı milli layihələrin gerçəkləşdirilməsinə imkan yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi çox uğurlu siyasət nəticəsində növbəti illərdə də dövlət büdcəsi artacaq və əhalinin sosial rifahı daha da yaxşılaşacaq.

Bəxtiyar Əliyev, həmçinin bildirdi ki, istənilən ölkənin gücü, potensialı onun elmi və təhsili ilə ölçülür: "Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında çox böyük islahatlar gedir. Bu islahatların davamlı olması üçün təbii ki, ilkin mərhələdə böyük maliyyə vəsaitinə ehtiyac var. Hesab edirəm ki, Azərbaycan elmə və təhsilə də investisiya qoymağa başlamalıdır. Bu baxımdan növbəti ilin büdcəsində investisiya istiqamətində Azərbaycan elminin inkişafı üçün konkret danışıqların aparılması və AMEA-ya ilkin mərhələdə ən azı 50 milyon manat vəsait ayrılması Azərbaycan elminin inkişafına, iqtisadiyyatın güclənməsinə böyük töhfə verə bilər”.

Müzakirələr zamanı deputatlardan Elçin Quliyev, Sahib Alıyev, Ağalar Vəliyev və Fazil Mustafa da büdcə layihəsi ilə bağlı fikirlərini bildirdilər. "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Gələn il ölkədə mütərəqqi vergi islahatları aparılacaq

Daha sonra "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Qeyd etdi ki, gələn ilin dövlət büdcəsi 2008-ci ildən başlayaraq dünyada gedən bütün iqtisadi kataklizmlərə baxmayaraq həmişə sosialyönümlü və investisiya tutumlu olmuşdur. Buna əyani sübutlardan biri gələn ilin büdcə xərclərinin 33,4 faizinin sırf sosial məqsədlərə yönəldilməsidir. Eyni zamanda, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il üçün büdcəsi də əvvəlki illərdən xeyli çox, təqribən 500 milyon manat artaraq 3 milyard 928 milyon manat olması nəzərdə tutulur. Bu büdcənin 61,5 faizi bilavasitə dövlət sığorta yığımlarının toplanması hesabına nəzərdə tutulur.

Hadi Rəcəbli dedi ki, gələn il üçün gözlədiyimiz ən maraqlı və fundamental inqilabi dəyişikliklərdən biri ölkədə mütərəqqi vergi islahatlarının aparılması olacaq. Nəticədə özəl bölmədə 7 il müddətinə sabikarlıq subyektlərində çalışan şəxslər 14 faiz gəlir vergisindən tamamilə, işə götürənlər və işçilər həm də sığorta ödəmələrindən qismən azad olacaqlar. Bu hesaba da bütövlükdə 26 faiz miqdarında olan sosial və işsizlikdən sığorta haqları ödənişləri azaldılaraq, yığım mexanizmləri dəyişdirilərək bir qurum - vergi orqanları tərəfindən tutulacaqdır. Beləliklə, nəzərdə tutulan qanun layihəsinə əsasən artıq işçi bir mənbəyə, yəni vergi qurumlarına 10 faiz, işə götürən isə 16 faiz sığorta haqqı ödəyəcək.

Komitə sədri, eyni zamanda, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirəyə təqdim etdi. Qeyd etdi ki, artıq ikinci ildir ki, parlamentdə İşsizlikdən sığorta fondunun büdcəsi müzakirə olunur. İlk dəfə olduğu üçün ötən il sığortaolunanların siyahısına aid olmayan qruplar da salındığından 2018-ci il üçün fondun büdcəsi 89 milyon manat nəzərdə tutulmuşdu. Korrektə edildikdən sonra bu ilin yığım reallığı 83 milyon 421 min 400 manat təşkil edir. Maraqlıdır ki, bu büdcədə qeyri-büdcə sektorundan sığorta gəlirləri təxminən 69 faizə qədər müəyyənləşmişdir. Prezident İlham Əliyevin qarşıya qoyduğu ən önəmli tələblərdən biri olan passiv sosial müdafiədən aktiv sosial müdafiəyə keçid yanaşmasına uyğun olaraq bu büdcənin təxminən 44 milyon manatı özünüməşğulluğa və ödənişli ictimai işlərin təşkilinə yönəlib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkədə sosial sahədə görülən işlər barədə məlumat verdi. Qeyd etdi ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50,2 min ailənin 200 min 200 üzvü isə sosial yardım alır: "Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir. Onun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsi ölkədə sosial müdafiənin daha da gücləndirilməsinə imkan yaradacaq.

Müzakirələr zamanı deputatlardan Aydın Hüseynov və Fazil Mustafa qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər. Deputat Siyavuş Novruzov dedi ki, ölkədə sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir. Onun sözlərinə görə, Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən veteranların sosial müdafiəsi istiqamətində kifayət qədər addımlar atılır. Özəl sektor da onların müdafiəsi istiqamətində müəyyən işlər görməlidirlər.

Azərbaycanda da özəl sosial sığorta fondları yaradılsın

Qısa fasilədən sonra deputat Elmira Axundova I qrup əlillərə qulluq edən ailə üzvünə əlavə məvacibin verilməsi təklifi ilə çıxış edərək bildirdi ki, həmin şəxslər xəstəyə baxdıqları üçün heç bir əməklə məşğul ola bilmirlər.

Deputat Vahid Əhmədov isə hesab edir ki, xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da özəl sosial sığorta fondları yaradılmalıdır. Belə olan halda insanların seçim imkanları daha da çoxala bilər. Vahid Əhmədovun fikrincə, pensiya sisteminə aid qanunun yenidən işlənməsinə ehtiyac var.

Son vaxtlar sosial sahədə aparılan islahatları təqdirəlayiq adlandıran deputat Qüdrət Həsənquliyev isə düşünür ki, 2019-cu ildə ölkəyə daha çox valyuta axınını təmin etmək üçün sahibkarlara aşağı faizlərlə kreditlər verilməlidir.

Deputat Azər Badamov dedi ki, 2019-cu ilin büdcəsi ölkədə makroiqtisadi sabitliyi qoruyub saxlamaqla iqtisadiyyatın inkişaf dinamikasının təmin olunmasına şərait yaradacaq.

DOST sosial müdafiənin çox innovativ üsulu olacaq

Deputat Fəzail Ağamalı da hesab edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan xalqının yüksək həyat səviyyəsini təmin etmək, sosial durumunu daha da yaxşılaşdırmaq prioritet məsələdir. Hər il pensiyaların, maaşların artırılması da buna xidmət edir. Dövlət büdcəsinin də hər il olduğu kimi, sosialyönümlülüyü təmin edilib.

Əlillərlə bağlı aparılan islahatları dəstəkləyən deputat Əli Məsimli bildirdi ki, əhaliyə göstərilən səmərəli xidmətin sırasına - DOST mərkəzləri də əlavə olunub. Deputat hesab edir ki, mühüm əhəmiyyət kəsb edən mərkəzin artıq maliyyə məsələsi də həll olunub və bu iş kifayət qədər uğurla icra olunarsa, sosial müdafiənin çox innovativ üsulu olacaq.

Deputatlardan Fəzail Ağamalı, Elman Məmmədov, Sahib Alıyev, Qənirə Paşayeva çıxışlarında şəhid ailələrinə veriləcək birdəfəlik müavinətlərdən söz açdılar. Bildirildi ki, ölkədə 24 min şəhid var. Əgər şəhid ailələrinin hər birinə 11 min manat təzminat ödənilərsə, bu 264 milyon manat edir.

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov deputatların təkliflərini dəstəklədi. Ancaq onlara məsləhət də verdi. Bildirdi ki, çıxışlar zamanı hansısa sahələrə aid vəsaitlərin artırılmasını təklif edərkən onun ümumi məbləğini və mənbəyini göstərsələr daha məqsədəuyğun olar.

Çıxışlardan sonra Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” və "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihələri ərtafında aparılan müzakirələrdə 21 deputat çıxış edib. Sonra sənədlər ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

Yaşayış minimumu 180 manat, ehtiyac meyarı 143 manat

"Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” və qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək bildirdi ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əməkqabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyənləşib.

Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə məlumat verdi. Qeyd etdi ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə gələn il üçün ehtiyac meyarının həddinin 143 manat məbləğində götürülməsi nəzərdə tutulub. Komitə sədrinin fikrincə, ölkə üzrə əsas göstərici yaşayış minimumudur. Bu səbəbdən minimum əməkhaqqı 180 manata yaxınlaşdırılmalıdır.
Sənəd səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olundu. Büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi bu gün davam etdiriləcək.


Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video