15 Noyabr 2018 01:16
487
İQTİSADİYYAT
A- A+

AÇG-nin neft-qaz ehtiyatları hələ çoxdur


İlin ötən 10 ayı ərzində bu yataqlar blokundan 8 milyard dollardan çox gəlir əldə olunub


Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində bu il yanvarın 1-dən noyabrın 1-dək 8 milyard 296 milyon, o cümlədən "Şahdəniz” yatağından çıxarılan kondensatın satışından 181 milyon dollar həcmində gəlir əldə edilib. Bu barədə ARDNF (Azərbaycan Respublikası Dövlət Neft Fondu) məlumat verib.

Hazırda AÇG yataqlar blokunda 8 platforma fəaliyyət göstərir. Onlardan 6-sı hasilat, 2-si texnoloji platformadır. AÇG-dən əldə olunan gəlirlər bu qurğuların hamısının etibarlı şəkildə işləməsini və hasilatın ahəngdarlığını təsdiq edir. Birinci rüb ərzində AÇG-dən ümumi hasilat gündə orta hesabla 597 min barel olub. Rüb ərzində ümumilikdə təqribən 54 milyon barel, yəni 7 milyon ton neft alınıb. Gündəlik hasilat "Çıraq”dan 53 min, "Mərkəzi Azəri”dən 156 min, "Qərbi Azəri”dən 123 min, "Şərqi Azəri”dən 94 min, "Dərinsulu Günəşli”dən 109 min və "Qərbi Çıraq”dan 62 min barel təşkil edib.

Keçən il sentyabrın 14-də AÇG yataqlarının beynəlxalq tərəfdaş şirkətlərlə birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalandıqdan sonra şirkətlər arasında iştirak payı bu cür müəyyənləşdirilmişdir:

BP (operator, 30,37 faiz), SOCAR (25 faiz), "Şevron” (9,57 faiz), "İnpeks” (9,31 faiz), "Statoyl” (7,27 faiz), "EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), "İtoçu” (3,65 faiz), ONGC Videş Limited (2,31 faiz). Sazişdə AÇG-də SOCAR-ın iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb.

2050-ci ilədək bu yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Qeyd edək ki, cari il yanvarın 29-da ARDNF-yə AÇG üzrə imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

Bu il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimində Prezident İlham Əliyev bu barədə demişdir: "Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 24 il bundan əvvəl imzalanmış "Əsrin kontraktı”nın müddəti keçən il 2050-ci ilə qədər uzadıldı. Yəni bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. "Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün "Əsrin kontraktı”nın icrası çox uğurla gedir və kontraktın imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlamışdır”.

"Yeni əsrin müqaviləsi” çərçivəsində AÇG müqavilə ərazisində daha bir platformanın quraşdırılması nəzərdə tutulur. Qurğu keçən ilin sentyabr ayında AÇG üzrə imzalanmış yeni sazişin həyata keçirilməsinə xidmət edəcək. Xəzərdə "Mərkəzi Azəri” və "Şərqi Azəri” platformalarının arasında, mərkəzi nöqtədə yerləşəcək "Mərkəzi Şərqi Azəri” platforması adlanacaq.

Yeni müqavilənin imzalanması Azərbaycanın neft-qaz sektoruna marağın azalmadığını göstərdi. Göründüyü kimi, xarici şirkətlər Azərbaycanda bu sahəyə daha böyük həvəslə vəsait qoyurlar. Yeni saziş AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, texnologiyalar və birgə səylərlə blokun neftvermə əmsalını ən yüksək həddə çatdırmaq imkanı yaradır. Bu sazişin həyata keçirilməsi AÇG-nin Azərbaycana gətirdiyi iqtisadi mənfəətləri də maksimuma çatdıracaq.

ARDNF-nin məlumatına görə, AÇG yataqlarından əldə olunan ümumi gəlirlər 2001-ci ilin əvvəlindən bu il noyabr ayının 1-dək 136 milyard 782 milyon dollar təşkil edib. Xatırladaq ki, ARDNF 1999-cu ildə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində yaradılıb. Sonrakı illərdə ölkənin sosial-iqtisadi inkişafına sərf olunan daxili investisiyaların xeyli hissəsi məhz bu fondun hesabına formalaşıb.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video