15 Noyabr 2018 01:04
315
SİYASƏT
A- A+

Etiraz aksiyaları Paşinyan üçün ciddi problemə çevrilir


Ermənistan siyasi-iqtisadi iflasın son mərhələsini yaşayır


Ermənistanda yaxınlaşan növbədənkənar parlament seçkiləri fonunda ölkənin siyasi səhnəsində yer alan qüvvələrin bir-birinə qarşı daha sərt formada mövqe sərgiləməsi açıq müşahidə olunur. Tərəflər rəqiblərinin ən zəif nöqtələrini tapıb bununla qalibiyyətlərini təminat altına almağa çalışırlar. İndi görünən budur ki, Nikol Paşinyana qarşı yer alanlar, o cümlədən Respublika Partiyası və digərləri iqtisadi problemləri əsas gətirərək onun cəmiyyətdə nüfuzunu aşağı salmağa çalışırlar.


Ağır iqtisadi vəziyyət hər keçən gün narazılıqları artırır


Məsələ bundadır ki, Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər keçən gün narazılıqları artırır. Hökumət mövcud problemləri aradan qaldırmaq iqtidarında deyil. Çünki ölkənin buna maddi gücü yoxdur. İqtisadçı Qrant Baqratyan vurğulayır ki, ölkədə sosial-iqtisadi vəziyyət olduqca ağırdır: "Bu da vətəndaşların səbir kasasını doldurub. Hər kəs yaxşı yaşamaq arzusundadır, amma ölkədə heç nə dəyişmir. Ermənistanın hazırkı iqtisadi vəziyyətini nəzərə alsaq, heç bir siyasi rejim bu vəziyyətdə özünü doğrulda bilməz. Ölkədə siyasi rejim dəyişsə belə, problemləri həll etmək mümkün deyil”.

Belə vəziyyətdə Paşinyan üçün artan problemlərdən biri də müxtəlif yerlərdə iqtisadi tələblərlə keçirilən aksiyalardır. Məsələn, elə bu günlərdə Ararat şəhərində fəaliyyət göstərən qızıl emalı zavodunun işçiləri tətil elan ediblər. Müəssisənin əməkdaşları məvaciblərinin aylarla gecikdirilməsindən, fəhlələrlə davranışdan narazıdırlar. Belə ki, zavodun təhlükəsizlik xidməti əvvəlcə qiymətli filizi gizlədir, sonra onu guya aşkar edərək mükafat alır, günahsız işçilər isə cəzalandırılır.

Erməni mediasının yazdığına görə, fəhlələrin 13 saat işləmələrinə baxmayaraq, onlara 8 saat üçün əməkhaqqı ödənilir.


Paşinyana qarşı etirazlar səngimək bilmir


Ermənistanda uzun müddətdir davam edən böhran ucqar kəndlərdə yaşayışı dözülməz edib. Xaçik kəndinin sakinləri də iqtisadi tənəzzülün qurbanına çevriliblər. Sakinlərin sözlərinə görə, kredit təşkilatından birinə külli miqdarda borcları yaranıb. İki ilə yaxındır ki, götürdükləri pulu qaytara bilməyən kəndlilər çıxış yolunu hökumətə müraciətdə görüblər. Vayotsdzor vilayətinin sakinləri qubernatorluq binasının qarşısında toplaşıb etiraz ediblər. Etirazçılar bildirirlər ki, ətraf kəndlərdəki yüzlərlə ailə çörəksiz qalıb.

Ərazidəki Amulsar qızıl mədənində çalışanlar sabit əməkhaqqına ümid edərək kredit götürüblər və nəticədə çıxılmaz vəziyyətə düşüblər. Ermənistandakı ekoloji təşkilatlar xəbərdarlıq edib ki, Amulsar dağ mədəninin istismarı ciddi və qarşısıalınmaz ekoloji fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də Cermuk şəhəri və ona yaxın kəndlərin sakinləri qeyd olunan məqamla bağlı vaxtaşırı aksiya keçirərək şəhərdən 13 kilometr aralıda yerləşən Amulsar dağ mədəninə gedən bütün yolları bağlayırlar.

Aksiyaya qatılanlar mədənin fəaliyyətinin dayandırılmasını və Nazirlər Kabinetindən Ermənistanın iqtisadi siyasətinə yenidən baxmağı tələb edirlər. Etirazçılar bəyan edirlər ki, "məxməri inqilab”da Paşinyanla "çiyin-çiyinə savaşıblar” və indi Paşinyan onların problemini həll etməlidir. Onların fikrincə, bu, təkcə iqtisadi yox, həm də etimad məsələsidir. Onlar hesab edirlər ki, əgər Paşinyan Amulsar dağ mədənini bağlamasa və məsələ ilə bağlı təcili tədbirlər görməsə, aprel inqilabının ideallarını zədələmiş, onu vəzifəyə gətirən əhalinin isə etimadını birdəfəlik itirmiş olacaq. Ötən müddət ərzində isə Paşinyan bu isttiqamətdə hansısa addım atmayıb.


Vergi orqanları işçilərinin özbaşınalığı


Yaranmış vəziyyətdə Vayotsdzor vilayətinin sərhədyanı Almalı yaşayış məntəqəsinin sakinləri də sosial problemlərdən şikayətçidirlər. Beş yüzdən çox sakini olan kənddə əsas iş yeri müqaviləli hərbi xidmətdir. Kəndin 50-dən artıq sakini müqavilə əsasında hərbi qulluqçu kimi xidmət edir. Almalıda bundan başqa iş yoxdur.

Bundan başqa, Artaşat şəhərində bizneslə məşğul olan şəxslər də etiraz aksiyası keçirirlər. Məlumatlara görə, orta və xırda sahibkarlar, mağaza və dükan sahibləri Ermənistanın Vergilər Nazirliyinin nümayəndələrinin işindən narazılıq edirlər. Onlar bəyan edirlər ki, vergi orqanları işçilərinin özbaşınalığı və dükan sahiblərinə təzyiqi sərhəd tanımır.

Etiraz edənlərdən biri qeyd olunan xüsusda bildirir: "Onlar bütün şəhəri terrora bürüyürlər, hamını qorxudurlar. 13-14 nəfər vergi işçisi birləşib yoxlamalar aparırlar. 300 min dram məbləğində malı olan mağazalara 500-600 min dram cərimə kəsirlər. Təlimata uyğun olaraq kassa-nəzarət aparatlarını yoxlamağa gələrkən qanun pozuntusu aşkarlamayanda başlayırlar təlimatsız formada işçiləri yoxlamağa. Təki yoxlamağa və cərimə yazmağa bir bəhanə olsun”.

Paytaxtdakı "Nairit” zavodunun işçiləri də aksiyalarını davam etdirirlər. Onların tələbi ödənilməyən maaşlarının verilməsidir. Lakin hələ də bu istiqamətdə yenilik yoxdur.


Məhsulların Rusiyaya ixracına müvəqqəti məhdudiyyətlər qoyulub


Belə vəziyyətdə Ermənistanın iqtisadi vəziyyətini ağırlaşdıracaq daha bir hadisə baş verib. Belə ki, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti ("Rosselxoznadzor”) Ermənistan müəssisələrindən gələn qida məhsulları ilə bağlı gücləndirilmiş laborator nəzarət rejimi tətbiq etməyə başlayıb. "Rosselxoznadzor” ekspertləri "Ayr Yev Vordi Buniatyanner” şirkətinin məhsullarında nitrofuran metabolitləri, "Fişart”ın nərə balığı kürüsündə və "Hayts İşxan”ın qızılbalıq kürüsündə isə maya aşkar ediblər.

Xatırladaq ki, bundan əvvəl Avrasiya İqtisadi Birliyinin sanitar-baytarlıq tələblərinin pozulması ilə əlaqədar Ermənistanın bəzi müəssisələrinin məhsullarının Rusiyaya ixracına müvəqqəti məhdudiyyətlər qoyulub. Bu hal Ermənistanda qida sənayesində çalışanların vəziyyətini daha da ağırlaşdıracaq. Elə Paşinyanın rəqibləri də bunu əsas gətirib ona qarşı cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışır. Paşinyanın əks gedişləri isə vəziyyəti daha da ağırlaşdırır.


Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video