15 Noyabr 2018 01:01
1071
Mədəniyyət
A- A+

XƏTTATLIQ: zövqlərin incəsi - yazıların incisi


Mədəniyyətin, o cümlədən incəsənətin müxtəlif növləri var ki, onlardan biri də yazmaqdır. Yazının yaranması insan şüurunun inkişafının ən bariz nümunələrindən hesab edilir. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupudur. O həmçinin insanlar üçün ən böyük kəşflərdən biridir. Yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnız şifahi formada olub, yazı nümunələrinin isə 7000 ilə yaxın tarixi var.

Yazıların da müxtəlif formaları və üslubları var: şəkilli, hüsnxət, xəttatlıq və s. Xalqımızın malik olduğu qədim sənət növləri arasında xəttatlığın özünəməxsus yeri var. Sənət kimi formalaşması X-XII əsrlərə təsadüf edir. Şərq aləmində, o cümlədən ölkəmizdə orta əsrlərdə meydana gələn xəttatlıq müxtəlif mərhələlərdən keçib. İslam aləmi tərəfindən mənimsənilib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn bu yazı forması incəsənətin bir növü sayılmasa da, ayrıca sənət qolu kimi daim inkişafda olub. İslamın mədəni dəyərlərini özündə əks etdirən xəttatlıq bu gün həmin dinin simvollarından biri kimi də qəbul edilir.


"Quran”ı ən gözəl şəkildə yazmaq cəhdləri


Xəttatlığın tarixi hərflərin dekorativ şəkildə təsvir olunması ilə başlanıb. Allahın Kəlamına duyulan hörmət və "Quran”ı ən gözəl şəkildə yazmaq cəhdləri xəttatlıq sənətini meydana çıxarıb.

Xəttatlıqdan əvvəllər daha çox kitab yazılmasında istifadə olunub, sonralar isə bu sənətdən memarlıqda istifadə edilməyə başlanıb. Görkəmli Azərbaycan xəttatlarından Mübarək şah Zərrinqələm Təbrizi, Şeyx Əhməd Sührəvərdi, Xacə Mir Əli ibn İlyas Təbrizi, Cəfər Təbrizi və digər istedadlı xəttatlar bu sənətin inkişafında xüsusi rol oynayıblar.

İlk "Quran” nüsxələri də məhz kufi xətti ilə yazılıb. Əcəmi xəttatlıq məktəbinin özündən sonra qoyub getdiyi abidələrdə bu xətt növü daha çox müşahidə olunur. Bunun bariz nümunəsini Möminə xatın türbəsinin giriş qapısında dəqiqliklə görmək mümkündür.


Daş kitabələrin nəsx xətti


Bu yazı növü on ikinci yüzillikdə ibn Muğlə Şirazi tərəfindən ixtira edilib. Nəsx xətti sadəliyi, rahat oxunuşu və asan yazılışı ilə diqqəti daha çox çəkir. Meydana gəldiyi ilk günlərdən bədii və elmi əsərlərin yazılışında, üzünün köçürülməsində və dəftərxana işlərində ondan geniş istifadə edilib. Naxçıvan ərazisindəki daş kitabələrdə və qədim əlyazmalarda bu xəttə daha çox rast gəlmək olur.

Şikəstə adlanan yazı nümunəsi XII əsrdə nəsx xətti əsasında yaradılıb. Əsasən, sınıq xətlərdən ibarət olduğuna görə ona belə bir ad verilib. Təsadüfi deyil ki, "şikəstə” sözünün mənası da "sınıq” deməkdir. Şikəstə xətti ilə yazmaq daha tez və rahatdır.

Nəstəliq xətti XIV əsrin sonlarında məşhur xəttat Mir Əli Təbrizi tərəfindən nəsx və təliq xətlərinin əlaqələndirilıməsi nəticəsində yaradılıb. XV-XVI əsrlərdə Yaxın Şərqdə, Azərbaycanda, o cümlədən Naxçıvanda geniş yayılıb. Bu xətt növündən də, əsasən, əlyazma kitabların üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında geniş tətbiq olunub. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüş, bürünc və saxsıdan hazırlanan qabların, eləcə də bəzək əşyalarının bəzədilməsində daha çox istifadə edilib. AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda saxlanılan yazılarda və Naxçıvan Dövlət Tarix Muzeyində mühafizə olunan bir kəşkülün üzərində həkk olunanlar nəstəliq xəttinə aiddir.


Xəttatlıq tarixinin "altı usta”sı


Xəttatlıq və ya kalliqrafiya (yunanca "gözəl xətt” deməkdir) təsviri incəsənətin sahələrindən biridir. Onu nəfis məktub incəsənəti də adlandırırlar.

"Xəttatlar olmasaydı, Nizaminin, Füzulinin, Tusinin yaradıcılığını bizə kim çatdıra bilərdi?! Onlar gecələr lampa işığında, böyük zəhmət bahasına əllə qalaq-qalaq kitablar yazıblar. Biz bunlarsız indi nə ədəbiyyatı öyrənərdik, nə tarixi, nə də elmi!”

Bu sözlər tanınmış xəttat, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Müzafəddin Əzizova məxsusdur. Onun dediyinə görə, Azərbaycanda xəttatlıq sənəti Mübarək şah Zərrinqələm Təbrizinin işlərindən başlanır. O, XIII əsrin məşhur ərəb xəttatı Cəmaləddin Müstəsiminin yetirdiyi altı şagirddən biri idi. Onlar xəttatlıq tarixinə "altı usta” adı ilə daxil olmuşlar.


Qibtə edilən incə xətt - süls


XIV əsrə qədər xəttatlar əsasən bu xətlərlə işləyiblər. Onların ən çox işlənəni nəsx, bədiiliyinə və incəliyinə görə isə süls xəttidir. Bu iki xətt daha çox məşhur olub. Digər xətlər - mühəqqəq, sauqi, reyhani və rüqa bir-birinin oxşarıdır. Müzafəddin Əzizov onu da bildirdi ki, XIV əsrdə Mir Əli Təbrizi xəttatlıq sənətində inqilab etdi: "O, yeni bir xətt yaratdı. Bundan sonra bütün bədii əsərlər və digər yazılar nəstəliq xətti ilə yazılmağa başlandı. Nəstəliq İran, Əfqanıstan, Hindistan və Pakistanın ana xətti, yazı növüdür. Yeni xətt yaratmaq hər kəsə nəsib olmaz, bunun üçün ustaddan ustad olmalısan. Türkiyədə xeyli peşəkar xəttat var. Onların sərgilərində iştirak etmişəm. Qoymayıblar ki, sənət ölsün. Bu gün türk xəttatlarına qibtə etmək, həsəd aparmaq lazımdır. Çünki bizdə bu sənət getdikcə ölür, gələn nəsil isə maraq göstərmir. Ərəb ölkələrində xəttatlığı öyrədən ayrıca bir akademiya var. İncəsənət profilli universitetlərin nəzdində xəttatlıq fakültəsi mövcuddur. İstərdim ki, bizdə də sənəti öyrətmək üçün heç olmasa xüsusi kurslar açılsın. Bunun üçün də mütəxəssis lazımdır: ya gərək xaricdən dəvət olunsun, ya da özümüzünkülərə müraciət edək”.

Azərbaycanda xəttatlıq sənətini yaşadan, bu sənətin mahir bilicilərindən biri də Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı, xəttat Seyfəddin Mənsimoğludur. Onun fikrincə, xəttatlıq sənəti təşəkkül tapdığı orta əsrlərdə yüksək savad, bilik dərəcəsi hesab edilib. Ona görə də bu sənətdə şöhrət qazanmaq olduqca çətin idi.

Kökü sənət tariximizin dərin qatlarına gedib çıxan xəttatlığın müasir düzümü yeni tərzdə, ağac üzərində meydana çıxıb. Xəttatlıq tariximizdə ömrünü ağacişləmə sənətinə həsr etmiş Usta Hacı Əhməd oğlunu (XIV əsr, Təbriz), Usta Babanı (XVIII əsr, Bakı), Usta Abuzər Bədəlovu (XVIII-XIX əsrlər, Şahbuz), Usta Əhmədi (XIX əsr, Lənkəran), Usta Məhəmmədi (XIX əsr, Gəncə) və onlarla digər sənətkarın adını çəkmək olar. Bu gün də bədii ağacişləmə sənətinin ənənələrini ölkəmizin bir çox şəhər və rayonlarında yaşadan ustalar var.

Zaman keçdikcə islamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilən xəttatlıq dekorativ-ornamental sənətlə qovuşub. Bu bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan, ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzədiyi üçün daim diqqət mərkəzində saxlanılıb. Heç şübhəsiz ki, belə mədəniyyət nümunələrimizin yaşadılması çox vacibdir - ulu tariximiz və mədəniyyətimizin qorunması naminə...


Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video