14 Noyabr 2018 17:34
231
CƏMİYYƏT
A- A+

Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb


"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini nəzərə almaqla Hesablama Palatasının Kollegiyası layihəyə müsbət rəy verib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsinin layihəsi ilə bağlı çıxışı zamanı söyləyib.

V.Gülməmmədov bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisindən daxil olan "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatası tərəfindən "Hesablama Palatası haqqında” Qanunun 7-ci və "Büdcə sistemi” haqqında Qanunun 15-ci maddəsinin tələblərinə əsasən rəylər hazırlanaraq təqdim edilib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tədbirlər Planı”na əsasən tərtib edilib və layihənin strukturu və ümumi göstəriciləri qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun hazırlanıb. Bununla yanaşı, Hesablama Palatasının hər il üçün müvafiq rəyində göstərilməsinə baxmayaraq, qanun layihəsini əsaslandıran və dəstəkləyici sənədlər tam şəkildə əlavə edilməyib.

"Ümumiyyətlə Hesablama Palatası Fondun büdcəsinin layihəsi ilə bağlı iki istiqamətdə tədbirləri məqsədəmüvafiq hesab edir. Dövlət büdcəsində olduğu kimi, Fondun büdcəsinin də əsas parametrlərini arqumentləşdirən məlumatlar, izahlar və gözlənilən nəticələr barədə müvafiq ətraflı sənədlərin qanun layihəsinə əlavə edilməsi dövlət maliyyəsində şəffaflığın artırılması və məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin etmiş olar”,- deyə Hesablama Palatasının sədri söyləyib.

Bildirilib ki, eyni zamanda, Fondun büdcəsinin hazırlanması ilə bağlı yanaşmanın müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi təklif olunur. Belə ki, gəlirlərin strukturunun yalnız büdcə və qeyri-büdcə bölgüsü əsasında verilməsi ilə bağlı ənənəyə də yenidən baxılmalıdır. Hesab edirik ki, gəlirlərin strukturunun büdcə, dövlət müəssisələri, publik hüquqi şəxslər, bələdiyyə və sair kimi verməklə həm ödəyicilər haqqında dolğun təsəvvür yaradarıq, həm də şəffaflığı artırmış olarıq. Bu, həm də daxilolmanın mənbələrini konkretləşdirər.

Nəzərə alınmalıdır ki, büdcə təşkilatları üzrə ödəmələrin vaxtında daxil olmamasının subyektiv səbəblərdən baş verməsi inzibatçılıq məsələlərinə diqqətin artırılması zərurətini göstərir. Obyektiv səbəblərə gəldikdə isə həmin vəsaitin ilin sonunda tam məbləğdə daxil olmayacağını indi də qeyd etmək olar. Belə ki, vakansiyaların mövcudluğu, əmək qabiliyyətinin itirilməsi və s. kimi hallar dövlət büdcəsindən maliyyələşən təşkilatlardan proqnozlaşdırılan vəsaitin 100 faiz icra edilməməsi üçün obyektiv amillərdir və bu, dövlət öhdəliyinin artırılması kimi qəbul edilməməlidir.

Nəzərdə tutulmuş islahatlara toxunan V.Gülməmmədov deyib: "Belə ki, "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda sığorta haqqı normativinin strukturunun, həmçinin məcburi dövlət sosial sığorta haqqını minimum əməkhaqqına nəzərən ödəyənlərin (mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər, fərdi sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxslər) sığorta normativlərinin təkmilləşdirilməsi kimi mühüm məsələlərin bir qisminin 2019-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı büdcə-vergi siyasətinin əsas prioriteti kimi muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi, məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətinin tənzimlənməsi işlərinə başlanılmasını çox müsbət hal kimi vurğulamaq lazımdır”.

Diqqətə çatdırılıb ki, Fondun növbəti ildə gəlirlərinin 61,6 faizini təşkil edəcək məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,4 milyard manat olmaqla, cari ilin göstəricisindən 6,4 faiz çox nəzərdə tutulub. Büdcə zərfinə təqdim edilən məlumatlarda respublikada məşğul əhalinin sayı növbəti il cari ilə nisbətən 1,8 faiz, orta aylıq əməkhaqqı isə 14,9 faiz artımla proqnozlaşdırılıb. Beləliklə də, əməkhaqqı məbləğinə əsasən yığılan bu haqlarda nəzərdə tutulmuş artım tempinin respublika üzrə əməkhaqqının proqnozlaşdırılmış artım tempindən 8,5 faiz bəndi az proqnozlaşdırılması Fondun bu istiqamətdə gəlir potensialının olduğunu göstərir. Eyni zamanda, qeyd etməliyik ki, 2019-cu ildən Fondun yığım funksiyalarının vergi orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulur ki, bu da inzibatçılığın daha gücləndirilməsi deməkdir.

Palata sədri qeyd edib ki, Fondun 2019-cu ildə xərci 3,9 milyard manat nəzərdə tutulub ki, bu da cari ilin proqnoz göstəricisindən 9,8 faiz çoxdur və həmin vəsaitin 97,6 faizi əhaliyə ödənişlərdən ibarətdir. Hesablama Palatası məlumat bazasının təhlili ilə əmək pensiyalarının və bəzi müavinətlərin ödənilməsində cari ildəki və növbəti ildə yarana biləcək riskləri müəyyən edib. Belə ki, 2017-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunla müəyyən edilən dəyişikliklər pensiyaların maliyyələşdirilməsi baxımından əlavə maliyyə xərclərinin aparılmasına səbəb olub və bu xərclər 2018-ci ilin büdcəsində nəzərə alınmayıb. Bu, cari ilin ötən dövrü üzrə vəsaitlərin icra səviyyəsində də əks olunur.

Qanunvericiliklə müəyyən edilmiş indeksləşmə səviyyəsi, həmçinin cari ilin tendensiyaları növbəti il üçün əmək pensiyalarının ödənilməsi ilə bağlı əlavə vəsaitin nəzərdə tutulmasına ehtiyac olduğunu göstərir.

Eyni yanaşma məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağı müavinətlərə də şamil olunmalıdır. Belə ki, növbəti ildə bu istiqamətdə nəzərdə tutulmuş artım həmin müavinətin ödənilməsi üçün əsas olan əməkhaqqının artım tempi göstəricisindən nəzərəçarpacaq dərəcədə geri qalır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video