13 Noyabr 2018 20:12
181
CƏMİYYƏT
A- A+

Nəsimi rayon məktəbliləri növbəti dəfə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edəcəklər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2018-ci il 14-17 noyabr tarixlərində "Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiya təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu tur aksiya çərçivəsində Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl rayonlarına səfər edəcəklər.
Tur–aksiyada iştirak edəcək Nəsimi rayon məktəbliləri ilə rayon icra hakimiyyətində məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat verib, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, şəhər məktəblilərinin respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan regionların, şəhər və rayonlarımızın yeniləşən siması ilə yaxından tanış olması onlarda xüsusi təsüratlar yaradacaq. "Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi və Azərbaycanın üçüncü peyki olan "Azərspace-2” peykinin orbitə buraxılması xalqımızın şanlı tarixinə yazılmış əlamətdar hadisələrdir. Həmçinin bu gün Azərbaycanın üçrəngli bayrağının Lələ Təpədə, Cocuq Mərcanlıda dalğalanması və Silahlı Qüvvələrin hərbi paradının keçirilməsi Azərbaycan xalqının, xüsusilə gənclərin qürur mənbəyidir”,- deyə icra başçısı vurğulayıb.

Azərbaycanın artan iqtisadi qüdrətindən danışan Asif Əsgərov "Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtının uzadılmasından, TAP və TANAP layihələrinin uğurla icra olunmasından, istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətindan danışıb. O, ölkəmizdə təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, ekologiyanın qorunması istiqamətində görülən işlərdən də ətraflı bəhs edib.

Bildirilib ki, tur-aksiya zamanı məktəblilərin Gəncə şəhərində Qədim Qala divarlarına, Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi Mərkəzinə, Cavad xan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Xan bağına, amfiteatra, Gəncə Dövlət Filarmoniyasına, Gəncə bulvarına, Gəncə avtomobil zavoduna, Göygöl rayonunda Hacıkənd qəsəbəsi və Göygöl milli parkına, Şəmkir rayonunda Abidələr, İstiqlal parklarına, "Nəfis” çörək zavoduna, Şəmkir Aqroparkına ekskursiyaları təşkil olunacaq. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, tarix diyarşünaslıq muzeylərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.

"Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 şagird seçilib. Rayon icra hakimiyyətində yaradılmış qərargah tərəfindən qrupa rəhbər təyin olunub, şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilib. Şagirdlər xususi geyimlər və tələb olunan ləvazimatlar ilə təmin olunublar.

Görüşdə valideyinlər və şagirdlər çıxış edərək doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışmış, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda təşkil olunmuş konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video