13 Noyabr 2018 00:52
1507
SİYASƏT
A- A+

Qafqazın ən böyük investisiya və sosialyönümlü büdcəsi


İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq 2019-cu ildə də sosial-iqtisadi layihələr icra ediləcək


İqtisadi baxımdan özünü tamamilə təmin edən və ciddi maliyyə çətinliyi olmayan müstəqil Azərbaycan 2018-ci ili də uğurla başa vurmaqdadır. Ölkədə son 10 ay ərzində həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində sosial-iqtisadi inkişafın dayanıqlığı təmin olunub.

Prezident İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli yüksəlişi istiqamətində həyata keçirilən çoxşaxəli islahatlar, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər sayəsində əldə edilən uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2019-cu ildə də öz inkişaf dinamikasını qoruyub saxlayacaq və iqtisadi artımın müsbət meyilləri davam edəcək.


28 dəfə artan valyuta ehtiyatları


Bu bir həqiqətdir ki, Azərbaycan son 15 ildə dünyanın heç bir dövlətinə müəssər olmayan sürətli inkişaf yolu keçib. 2004-cü ildən bu yana iqtisadiyyatın üç dəfədən çox artması, ölkənin valyuta ehtiyatlarının 28 dəfə çoxalaraq 45 milyard dollara yüksəlməsi, iqtisadiyyata 250 milyon dollar investisiyanın yatırılması bunu təsdiq edən ən vacib faktlardır. İnkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşması Azərbaycanın regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrildiyini sübut edir.

Bütün bunları şərtləndirən amil isə əlbəttə ki, iqtisadi müstəqillikdir. Bu müstəqillik sayəsində Azərbaycan iqtisadiyyatının xarici kreditlərdən asılılığı tam aradan qaldırılıb. Dövlət nəinki kreditlərin alınmasını dayandırıb, hətta bəzi ölkələrə kreditlər verməsinə başlayıb. Bir vaxtlar öz əhalisini elektrik enerjisi ilə təmin edə bilməyən Azərbaycan indi bu sahə üzrə ixracatçıya çevrilib. Təkcə bu ilin doqquz ayında 50 milyon dollardan çox həcmdə elektrik enerjisi ixracı bunun əyani sübutudur.

Azərbaycanın həyata keçirdiyi beynəlxalq transmilli layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu xətti, "Cənub qaz dəhlizi”, iştirakçısı olduğu Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi nəinki bölgədə, dünya miqyasında da güclü nəqliyyat-tranzit mərkəzinə çevirməkdədir.


Gələn ilin dövlət büdcəsinin xərcləri artırılır


Əvvəlki illərdə olduğu kimi, 2018-ci ilin ötən 10 ayı ərzində də makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Görülən işlər, həyata keçirilən sosial-iqtisadi layihələr, iqtisadiyyata yatırılan investisiyalar, regionların inkişafı ilə bağlı hazırlanan (2019-2023-cü illər) yeni dövlət proqramı onu deməyə əsas verir ki, gələn il də Azərbaycanda bütün sahələr üzrə inkişaf müşahidə olunacaq. Bu, gələn ilin dövlət büdcəsi zərfində də öz əksini tapıb.

Öncə onu vurğulayaq ki, bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi başlanır.

2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır. Göründüyü kimi büdcənin xərcləri artırılır. "2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilir ki, xərclərin artımının əsas səbəbi 2018-ci ildə dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının və bəzi sosial müavinət və təqaüdlərin məbləğlərinin, məktəbəqədər təhsil müəssisələrində ərzaq məhsullarının alınması xərclərinin artması, ezamiyyə xərclərinin, mühafizə xərclərinin, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənişlərin artması ilə bağlı olub.


Proqnozlar özünü doğruldur


İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2019-cu il və sonrakı 3 il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına, eləcə də proqnoz göstəricilərinə əsasən, gələn il ümumi daxili məhsulun (ÜDM) real iqtisadi artımı 3,6 faiz olmaqla, 81,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 50,5 milyard manat təşkil edəcək.

Xatırladaq ki, bir müddət öncə beynəlxalq reytinq agentlikləri olan "Moody's” və "Standard&Poor's”un (S&P) növbəti illər üçün açıqladıqları proqnozlarda da Azərbaycan iqtisadiyyatının artım tempi öz əksini tapmışdı. Analitiklər Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3 faiz təşkil edəcəyini proqnozlaşdırırlar. 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul istehsalının artımının 3,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılıb. Proqnozlara əsasən, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq.


18 milyard manata yaxın investisiya


Büdcə zərfində qeyd edilir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi növbəti illərdə də əsas iqtisadi prioritetlərdən olacaq. Ölkə iqtisadiyyatının inkişafına yönəlmiş investisiya qoyuluşlarnın artımı 2019-cu ildə də davam edəcək.

Xatırladaq ki, bu ilin dövlət büdcəsində əsas kapitala yönəldilən investisiyaların həcmi 15,9 milyard manat idi. Gələn il üçün isə bu məbləğin artaraq 17,9 milyard manat olması proqnozlaşdırılır. Bunun 58,1 faizi daxili investisiyaların, 41, 9 faizi xarici investisiyaların payına düşür. Sənəddə qeyri-dövlət investisiyalarının həcmi də göstərilib. Bu rəqəm 8,9 milyard manat olmaqla, ümumi investisiyaların 50 faizini təşkil edəcək.

Gələn il üçün ölkəmizə investisiyaların cəlb edilməsi ilə bağlı xarici ölkələrdə yerləşən və fəaliyyət göstərən ticarət nümayəndəliklərimizin saxlanması xərcləri üçün 3,7 milyon manat vəsait proqnozlaşdırılır.

Əlavə edək ki, bu ilin 9 ayında ölkə iqtisadiyyatına 9 milyard dollar investisiya qoyulub. Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna yatırılıb. 9 ayda xarici ticarət dövriyyəsi 37 faiz, qeyri-neft ixracı isə təxminən 14 faiz artıb.

Dövlət büdcəsində investisiyaların həcmi ilə bağlı nəzərdə tutulan artım və builki göstəricilər onu deməyə əsas verir ki, 2019-cu ildə də dayanıqlı və tarazlı inkişafın təmin olunmasında iqtisadiyyata investisiyaların cəlb edilməsi xüsusi rol oynayacaq.

Bütün bunlar isə ölkə iqtisadiyyatının bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcək.


Sosialyönümlü xərclər yenə artırılır


Əvvəlki illərdəki kimi, 2019-cu ilin də dövlət büdcəsinin sosialyönümlülüyünün təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, bir çox mühüm sosial proqramların reallaşdırılması istiqamətində dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərə ümumilikdə 8 milyard 265,8 milyon manat vəsait yönəldiləcək. Büdcənin yerli xərcləri 840,8 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2018-ci illə müqayisədə 116,9 milyon manat çoxdur.

Gələn ilin büdcəsində sosialyönümlü xərclər (əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları, ərzaq məhsullarının alınması xərclərinin cəmi) üçün 7919,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2018-ci illə müqayisədə 797,5 milyon manat çoxdur. Bu sosialyönümlü xərclərlə yanaşı əhaliyə bilavasitə xidmət göstərən bir sıra dövlət müəssisələrinə və tədbirlərə büdcədən 8265,6 milyon manat vəsaitin ayrılması da nəzərtə tutulur.


Gələn il 4 rayonda "ASAN xidmət” mərkəzləri açılacaq


Gələn il həmçinin struktur islahatlarının davam etdirilməsi, yerli təşkilatlar və xidmətlərin fəaliyyətə başlaması ilə bağlı onların maliyyə təminatı üçün müvafiq məbləğdə vəsait ayrılacaq.

Bu vəsaitlər gələn il açılacaq 4 "ASAN xidmət” (Tovuz, Ağcabədi, Şamaxı və Kürdəmir) mərkəzinə, xarici ölkələrdə (Çin, Qətər, İraq) yaradılan diplomatik nümayəndəliklər, bəzi təşkilatlarda ştat sayının artırılmasına yönəldiləcək. Bununla yanaşı, publik hüquqi şəxs kimi fəaliyyət göstərən təşkilatlara maliyyə yardımı üçün 397,6 milyon manat vəsait nəzərdə tutulur.


Şagird, tələbə, magistr və doktorantların təqaüdlərində də artım olacaq


Gələn il ali, orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrinin tələbələri və şagirdlərinin, AMEA-nın magistrantları və doktorantlarının təqaüdlərinin, ali məktəblərin tələbələri üçün Prezident təqaüdləri, həmçinin Prezidentin fərdi təqaüdü və fəxri adlara görə təqaüdün məbləğləri artırılmaqla 189,5 milyon manat vəsait proqnozlaşdırılır.

Ölkədaxili ezamiyyə xərclərinin bir günlük normasının orta hesabla 40 faiz artımı ilə əlaqədar büdcədən əlavə olaraq 8,8 milyon manatın, icbari tibbi sığortanın tətbiqinin genişləndirilməsi üçün əlavə olaraq 223,5 milyon manatın ayrılması nəzərdə tutulur.


Bələdiyyə seçkilərinin keçirilməsi üçün - 54 milyon manat


Bundan başqa, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün 262 milyon manat, icbari tibbi sığortaya 224 milyon manat, gələn il 5-ci bələdiyyə seçkilərinin keçirilməsi üçün 54 milyon manat, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün 18 milyon manat, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri üçün 6 milyard 368,4 milyon manat vəsait ayrılıb.


34 şəhər və rayon öz büdcələrini müstəqil formalaşdıracaq


2019-cu ildə yerli xərcləri tənzimləmək üçün büdcənin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 12, 4 faiz təşkil edəcək. Belə ki, 34 şəhər və rayon dövlət büdcəsindən dotasiya olmadan öz büdcələrini müstəqil formalaşdıracaq.

Büdcə zərfində qeyd olunub ki, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları xərclərini öz gəlirləri hesabına təmin edəcək.


Prioritetlər düzgün seçilərsə...


Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev gələn ilin büdcəsi ilə bağlı fikirlərini bildirərkən də vurğulamışır ki, 2019-cü ilin büdcəsi həm investisiyayönümlü, həm də sosialyönümlü olacaq. Bütün sosial layihələr icra ediləcək.

Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur. Ancaq ən vacib məsələ bu vəsaitdən səmərəli şəkildə istifadə edilməsidir. Əgər prioritetlər düzgün seçilərsə, ölkə qarşısında duran əsas məsələlərin həlli təmin edilər. Eyni zamanda, Dövlət İnvestisiya Proqramı iqtisadiyyatın real sektoruna xidmət göstərməli, eyni zamanda, bu günə qədər öz həllini tapmayan infrastruktur layihələrinin icrasına da istiqamətləndirilməlidir.

Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Dövlər başçısının söylədiyi kimi, son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bu günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video