13 Noyabr 2018 00:48
2411
SİYASƏT
A- A+

Milli mədəni intibahın parlaq üfüqləri


Bu, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir


"Hər bir ölkənin mədəni həyatı onun səviyyəsini göstərir. Azərbaycanın müstəqil ölkə kimi yaşaması üçün mədəniyyət, incəsənət çox böyük əhəmiyyət kəsb edir... İqtisadi cəhətdən nə qədər zəngin olursa-olsun, əgər mədəniyyət, incəsənət inkişaf etmirsə, ölkə uğurla inkişaf edə bilməz”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri ölkəmizin mədəniyyətinin qədim və zəngin irsini, keçdiyi böyük inkişaf yolunu diqqətə çatdırmaqla yanaşı, mədəniyyətə yüksək dövlət qayğısının vacibliyini bir daha vurğulayır. Əslində, mədəniyyətin inkişafı bütün zamanlarda ona münasibətdən asılı olub və bu gün də belədir. Mədəniyyət davamlı prosesdir və çox zaman dövrün ictimai-siyasi dalğalanmaları fonunda çətin sınaqlardan keçməli olur. Belə şəraitdə bu sahəyə dövlət səviyyəsində diqqətin göstərilməsi xüsusilə əhəmiyyət kəsb edir. Azərbaycan mədəniyyətinin inkişaf tarixinə nəzər salsaq, həmin tarixin özəlliklə son yarım əsrə yaxın dövrünü təhlil etsək, bunu yəqin edə bilərik.

Mədəniyyətimizin sistemli inkişafı, dünya səviyyəsində tanınması onun böyük himayədarı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın bir çox sahələrdə gələcək inkişafının möhkəm əsasları yaradılmış, o cümlədən mədəniyyətimiz özünün intibah dövrünü yaşamışdır. Paytaxtdan ucqarlaradək yüzlərlə kinoteatr, klub, mədəniyyət evi, kitabxana, muzeyin inşa edilməsi, kino, musiqi, teatr, rəssamlıq, memarlıq, heykəltəraşlıq və digər sahələrdə əldə edilən saysız nailiyyətlər həmin dövrdə mədəniyyətimizin inkişafı ilə bağlı görülən misilsiz işlərə nümunədir.

Mədəniyyətimizin himayədarı müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də bu sahəyə qayğısını əsirgəmədi. 80-ci illərin sonu - 90-cı illərin əvvəli yaşanan ictimai-siyasi böhran mədəniyyət sahəsinə də təsirsiz ötüşməmişdi. Bu baxımdan ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan mədəniyyətinə də yeni nəfəs gəldi. Sonrakı 10 il ərzində sənətə və sənətkara diqqətin artması, görkəmli mədəniyyət xadimlərinin fəxri adlara, Prezident təqaüdünə, müxtəlif mükafatlara layiq görülməsi, dünyasını dəyişən şəxsiyyətlərin yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, ev-muzeylərinin yaradılması - bir sözlə, Azərbaycan mədəniyyətinin inkişafı naminə qəbul edilən qərarlar, görülən işlər bu dahi siyasətçinin adı ilə bağlıdır. Ümummilli lider deyirdi: "Xalqımız öz mədəniyyəti, elmi ilə yüksəlibdir.

Biz mədəniyyətə nə qədər diqqət yetirsək, qayğı göstərsək, mədəniyyət xadimlərinin yaradıcılığı üçün imkanlar yaratsaq, xalqımızı da o qədər yüksəldəcək, xalqımızın mənəviyyatını daha da yüksəklərə qaldıracağıq”.

* * *

2003-cü ildən Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin dövlətçilik kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkəmiz dinamik inkişaf dövrünü yaşamaqdadır. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətə stimul verilməsində də özünü göstərir. Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi ilə müşayiət olunur. Möhtərəm Prezident mədəniyyətin xalqın taleyində əhəmiyyətini hər zaman yüksək qiymətləndirir: "Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir. Dünyanın müxtəlif yerlərində Azərbaycan günləri keçirilir. Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu artıq bütün dünya bilir. Azərbaycan cəmiyyəti həmişə mədəniyyətə çox bağlı olub və bu gün müstəqil Azərbaycan dövləti çox güclü əsaslar - tarixi, mədəni əsaslar, mənəvi dəyərlər üzərində qurulubdur”.

Ölkə həyatının son on beş ilinə nəzər salanda, ötən dövrün mədəniyyət salnaməsini vərəqləyəndə, ürəkaçan mənzərə ilə qarşılaşırıq. Mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir.

Bu illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 600-dən çox fərman və sərəncam imzalanıb. Dövlət başçısının sərəncamları ilə təsdiq olunan proqram sənədlərdən bir qismi icra olunub və ya yekunlaşmaqdadır ("Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı”, "Azərbaycan kinosu 2008-2018-ci illərdə”), digərlərinin ("Azərbaycan teatrı 2009-2019-cu illərdə”, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı: 2014-2020”) və s. icrası davam etdirilir.

Çağdaş dünyada mədəni irs, incəsənət xalqları tanıdan, insanları birləşdirən mühüm vasitələrdəndir. Azərbaycanın zəngin mədəniyyəti də ölkəmizdən çox-çox uzaqlarda uğurla təqdim və təbliğ olunur. Bu xüsusda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, mədəni irsimizin himayədarı Mehriban Əliyevanın müstəsna xidmətlərini qeyd etmək lazımdır. Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açdı. Azərbaycan muğam sənəti ilk olaraq UNESCO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə daxil edildi. 2009-cu ildə Azərbaycanın aşıq sənəti və ölkəmizin yaxından iştirakı ilə beynəlxalq nominasiya kimi təqdim olunan Novruz bayramı, 2010-cu ildə xalça sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə Qarabağ atları üzərində çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə ölkəmizin Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi lavaş - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti, 2017-ci ildə milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi, habelə kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənəti UNESCO-nun müvafiq siyahılarına salınıb. Həmçinin Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər, Qobustan qayaüstü rəsmləri UNESCO-nun Dünya İrsi Siyahısında yer alıb. Mədəni irsimizi dünyaya tanıdan bu böyük işlər Azərbaycanın birinci xanımının dəstəyi, rəhbərliyi, Mədəniyyət Nazirliyi və digər qurumların birgə əməkdaşlığı ilə həyata keçirilib. Sözsüz ki, Azərbaycanın irs nümunələrinə belə yüksək diqqət ayrılması ölkəmizin bu mötəbər təşkilatla sıx əlaqələrinin təsdiqidir. Bu həm də Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir.

* * *

On beş ilin mədəniyyət salnaməsinə nəzər yetirəndə ölkəmizdə musiqi sahəsinin yüksəliş çağını yaşadığını söyləyə bilərik. Bu xüsusda Heydər Əliyev Fondu hörmətli Mehriban xanımın rəhbərliyi ilə Azərbaycan musiqisinə misilsiz töhfələr verir. 2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan "Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təkcə musiqimizin deyil, ümumilikdə ölkəmizin dünya miqyasında təbliğinə xidmət edən mühüm mədəniyyət layihələridir. Eyni zamanda ənənəvi olaraq keçirilən Bakı Caz Festivalı, Rostropoviç Musiqi Festivalı, "İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi, iki ildir bu sıraya qoşulan Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları bir araya gətirərək dünya musiqi xəritəsində Azərbaycanı tanıdır.

Bu illərdə Azərbaycan musiqi sənəti dünya səhnələrini fəth edib, ifaçılarımız yüzlərlə sənət yarışmasında uğur qazanıb. TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ü.Hacıbəylinin "Koroğlu” və "Leyli və Məcnun” operaları türkdilli ölkələrin sənətçilərinin iştirakı ilə tamaşaya qoyulub, Q.Qarayevin "Yeddi gözəl” baleti ilk dəfə ABŞ-da (2014) səhnə həyatı qazanıb.

Azərbaycan musiqisinin inkişafına zəmin olan iri mədəniyyət ocaqlarının yaradılması paytaxtla yanaşı bölgələrimizi də əhatə edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə Muğam mərkəzləri tikilib istifadəyə verilib. 2017-ci ildə musiqi sahəsində əlamətdar hadisələrdən biri respublikanın ikinci böyük şəhərində - Gəncədə möhtəşəm filarmoniya binasının açılışı oldu. Bu günlərdə Ağdamda müasir üslubda tikilən möhtəşəm Muğam Mərkəzi Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə musiqi ictimaiyyətinin ixtiyarına verildi. Həmin mərasimdə dövlət başçısı demişdir: "Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi... Muğam Azərbaycan xalqının milli sənəti, eyni zamanda milli sərvətidir”.

Musiqi sahəsinə dövlət qayğısı yaradılan infrastrukturla bitmir. İstedadlı gənc musiqiçilərimiz Prezident təqaüdünə layiq görülür, xaricdə dövlət hesabına təhsil alırlar. Fitri istedadı ilə seçilən heç bir gəncimiz dövlət rəhbərliyinin diqqətindən kənarda qalmır. Onlarla gənc musiqiçi, adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitab”ına yazılmaqla, xüsusi Prezident təqaüdünə layiq görülüb.

* * *

Müstəqil Azərbaycanın son on beş ilində ölkənin inkişafından xüsusilə bəhrələnən mədəniyyət sahələrindən biri də teatrdır. Köklü ənənələrə malik olan, bu il 146-cı mövsümünə qədəm qoyan Azərbaycan peşəkar milli teatrı zəngin inkişaf yolu keçib. Teatrlarımızın maddi-texniki baxımdan inkişafı ilə yanaşı, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. MDB məkanında ilk dəfə ölkəmizdə "Teatr və teatr fəaliyyəti haqqında” qanun (2007), habelə "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı qəbul edilib. Prezidentin müvafiq sərəncamları ilə paytaxtdakı beş teatrın (Kukla, Rus Dram, Gənc Tamaşaçılar, Milli Dram, Musiqili teatrlar), eləcə də Mingəçevir, Füzuli, Ağdam, Şəki, Sumqayıt dram, Gəncə kukla teatrlarının binaları əsaslı şəkildə təmir-bərpa olunub, İrəvan, Şuşa, Pantomima teatrlarına binalar verilib.

Teatrların maddi-texniki bazasının yaxşılaşdırılması yaradıcı fəaliyyəti də təşviq edir. Bu illər ərzində teatr kollektivləri 30-dan çox ölkədə qastrol səfərində olub, onlarla beynəlxalq festivala qatılıb. Ölkəmiz teatrla bağlı beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir, dünya teatr sənətinin problemləri Azərbaycan paytaxtında müzakirə olunur. 2010-cu ildə əsası qoyulan Bakı Beynəlxalq Teatr Konfransı ötən müddətdə həm ölkəmizin evsahibliyi etdiyi beynəlxalq mədəniyyət tədbirləri sırasında, həmçinin beynəlxalq teatr təşkilatlarının fəaliyyət təqvimində özünə mühüm yer qazanıb. Bir neçə gün öncə, paytaxtımız 5-ci dəfə Beynəlxalq Teatr Konfransına evsahibliyi etdi. 40-dan çox ölkədən mütəxəssislərin, bu sahə üzrə beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirə Prezident İlham Əliyev tərəfindən ünvanlanan təbrik məktubu dövlətimizin mədəniyyətə, o cümlədən teatr sənətinə nə dərəcədə diqqət ayırdığının, ölkə rəhbərinin bu sahənin daha da inkişaf etməsində nə qədər maraqlı olduğunun bariz göstəricisidir. Müraciətdə deyilir: "Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən milli dramaturgiyanın təməlinin qoyulması ölkəmizdə xalq teatrının peşəkar teatr sənətinə çevrilməsi ilə nəticələndi. Ötən müddət ərzində dolğun fəaliyyət göstərmiş və əsl milli sərvətə çevrilmiş Azərbaycan teatrı bu gün də xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur”.

Ötən illərdə ölkəmizdə teatr sahəsində digər beynəlxalq tədbirlərin də əsası qoyulub. Bakı Beynəlxalq Kukla Teatrları Festivalı (2011, 2013), Şəki "Üç məkan” Beynəlxalq Teatr Festivalı (2014, 2016, 2018) ölkəmizin dünya teatr aləminə inteqrasiyasının nümunələridir. Həmçinin teatrlarımızın peşəkarlığını artırmaq məqsədilə respublika miqyaslı festivallar keçirilir.

* * *

"Müasirlik, yenilik və eyni zamanda milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”.

Prezident İlham Əliyev bu fikirləri ölkə rəhbərliyinə gəldiyi ilk dövrlərdə səsləndirmişdi. Milli-mənəvi dəyərlərə söykənən və müasir çağırışlara cavab verən mütərəqqi ideyaları yaşadıb inkişaf etdirəcəyini xüsusi vurğulayan dövlət başçısı bütün fəaliyyətində qeyd olunan bu sahələri daim diqqət mərkəzində saxlamışdır. Hərtərəfli, ahəngdar inkişaf ölkənin bütün regionlarını əhatə edən inkişafdır. Uğurlu islahat real nəticələr verən islahatdır. Sevindirici haldır ki, son on beş ildə ölkəmizdə aparılan islahatlar paytaxt və digər böyük şəhərlərlə məhdudlaşmayaraq ən ucqar bölgələrimizi də əhatə edib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası yerlərdə mədəni həyata da mühüm və müsbət təsir göstərib. Dövlət başçısının bölgələrimizə hər bir səfəri müasir mədəniyyət ocaqlarının açılışı ilə də yadda qalır. Regionların mədəniyyət infrastrukturunun yenilənməsi ilə bərabər, tarixi-mədəni abidələrimiz də təmir-bərpa olunur.

Dövlət başçısının mədəni irsə, eləcə də bölgələrimizin mədəni inkişafına diqqət və qayğısı bu sahədə mühüm layihələrə zəmin yaradır. Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə qabaqcıl dünya təcrübəsi də nəzərə alınaraq müxtəlif proqramlar, layihələr icra olunur, festivallar keçirilir. "Xalq yaradıcılığı paytaxtları” proqramı (2010-2014), "Ədəbiyyat paytaxtı” və "Milli mətbəx paytaxtı” (2015), "Bölgələrdən paytaxta” (2016-2017) layihələri bu qəbildəndir. 2018-ci ilin yay aylarında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı da şəhər və rayonlarımızın mədəni irsinin təbliğinə daha bir töhfə oldu.

Bu illərdə bir sıra regional layihələr geniş miqyas qazanaraq beynəlxalq tədbirlərə çevrilib. Qəbələdə mürəbbə, Şəkidə şirniyyat festivalları buna nümunədir. Milli mətbəxlə bağlı digər festivallarda (dolma, plov) da müxtəlif ölkələr təmsil olunur.

Sevindirici haldır ki, bəzi bölgələrimiz beynəlxalq təşkilatlar formatında "mədəniyyət paytaxtı” adını qazanır. 2013-cü ildə Qəbələnin "MDB-nin mədəniyyət paytaxtı”, 2016-cı ildə Şəkinin "Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi regionlarımızın mədəni irsinin tanıdılmasına əlavə imkanlar açdı. 2017-ci ildə Şəki şəhəri UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salındı.

Mədəniyyət Nazirliyi tərəfindən "Azərbaycan - doğma diyar” devizi altında keçirilən (2006, 2008, 2011, 2014, 2016) milli azlıqların incəsənət festivalları ölkəmizdəki mədəni müxtəlifliyi hər kəsə nümayiş etdirir. Prezident tərəfindən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili”, 2017-ci ilin "İslam həmrəyliyi ili” elan olunması ölkəmizin mədəni zənginliyini, tolerantlıq mühitini dünyaya bəyan etməklə yanaşı, bu xüsusda yeni mədəni təşəbbüslərə də mühüm zəmin yaradır.

Ölkəmizdə tarixi mədəni irsin qorunub saxlanılmasına xüsusi qayğı göstərilir. Prezidentin sərəncamları ilə 2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna "Milli qoruq” statusu verilib, Abşeron rayonunda "Yanardağ”, Ağstafada "Keşikçidağ”, paytaxtın Suraxanı rayonunda "Atəşgah məbədi”, Qubada "Xınalıq” tarix-mədəniyyət, tarix memarlıq və etnoqrafiya qoruqları təşkil edilib. Dövlət başçısının fərmanı ilə yaradılan (2014) Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu istiqamətdə kompleks işlər həyata keçirir.

Paytaxtda və bölgələrdə muzeylərin inkişafı da dövlət başçısının diqqət mərkəzindədir. Tarix-diyarşünaslıq muzeyləri ilə yanaşı, yerlərdə yaradılan Heydər Əliyev mərkəzlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına böyük önəm verilir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun yeni muzey kompleksi, Qız qalasında yaradılan ekspozisiya müasir texnologiyaların uğurlu tətbiqinin nəticəsidir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində işlər davam etdirilir. Mədəniyyət Nazirliyinin Avropa İttifaqının dəstəyi və İtaliyanın müvafiq sahə üzrə nazirliyinin iştirakı ilə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində ötən il İtaliyaya təlim səfərləri, Bakıda muzey işçiləri üçün treninqlər təşkil edilib.

* * *

Ötən dövrdə ölkəmizdə kitab və nəşriyyat işi sahəsində mühüm nailiyyətlər əldə olunub. Azərbaycan kitablarının sorağı dünyanın nüfuzlu beynəlxalq sərgilərindən gəlir, nəşrlərimiz beynəlxalq müsabiqələrdə müxtəlif mükafatlara layiq görülür. 2009-cu ildən etibarən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda ənənəvi (iki ildən bir) beynəlxalq kitab sərgi-yarmarkası keçirilir. Bu tədbir ölkə ictimaiyyətini dünyanın müasir kitab mədəniyyəti ilə tanış etməklə bərabər, Azərbaycanda nəşriyyat-poliqrafiya işinin inkişaf mənzərəsinin beynəlxalq səviyyədə təbliğinə xidmət edir.

Respublikamızda kitabxana-informasiya sahəsi dünyanın qabaqcıl ölkələri ilə müqayisə ediləcək səviyyədə yenidən qurulur. Azərbaycan Milli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET), ölkə kitabxanalarını vahid məkanda birləşdirən Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin (ALİSA) yaradılması bu sahədə inkişafın göstəricisidir. Nazirliyin dəstəyi ilə keçirilən Buktreyler festivalı kitab və mütaliənin təbliği baxımından diqqətəlayiq hadisədir. Hazırda ölkəmizdə bütün sahələrdə tətbiq olunan innovativ yeniliklər kitabxana-informasiya istiqamətini də əhatə edir. "Açıq kitabxana”, "Book-kafe”, "Səyyar kitabxana” xidmətləri insanların kitaba olan marağını artırmağa xidmət edən layihələrdir.

* * *

Bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan kinosunun 120 illiyi geniş şəkildə qeyd olunur. Ötən dövrdə zəngin mədəniyyət salnaməmizə parlaq səhifələr yazan Azərbaycan kinosu müstəqillik dövründə yeni inkişaf mərhələsini yaşayır. O cümlədən son 15 ildə milli kinematoqrafiya mühüm yol qət edib. Ölkə rəhbəri tərəfindən "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 200-dən çox sənədli, 20-dən çox cizgi filmi çəkilib. Kinoda gənclərə geniş meydan açılıb, 60-dan çox rejissor özünün ilk ekran əsərini çəkib. Son dövrdə çəkilən filmlərimiz 50-dək ölkədə beynəlxalq festivallarda iştirak edib, təkcə ötən il 15 filmimiz 20-dək beynəlxalq festivalda mükafata layiq görülüb.

Son illərdə "Azərbaycanfilm” kinostudiyasında, həmçinin Bakı Media Mərkəzində milli tarixi yaddaşın bərpasına, Azərbaycanın ictimai-siyasi həyatına, görkəmli şəxsiyyətlərə həsr olunan qiymətli bədii və sənədli ekran əsərləri ərsəyə gətirilir. Bu qəbildən filmlərin ölkəmizlə yanaşı, xaricdə də təqdimatları keçirilir.

Kino irsinin qorunması, filmlərin nümayişi sahəsində də mühüm işlər görülür. 2009-cu ildə istifadəyə verilən Dövlət Film Fondunun binası texniki imkanlarına görə dünyada ən müasir kino-arxiv müəssisələrindəndir. Əsaslı yenidənqurmadan sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi ilə müasir səviyyəli kino prokatının əsası qoyulub. Dövlətin bu sahədə nümunə olan addımından sonra müasir tələblərə uyğun özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb.

* * *

Ölkənin mədəni inkişafının davamlılığının təmin olunması bu sahədə kadr hazırlığından, müasir tədris sisteminin qurulmasından da asılıdır. Ötən illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bədii təhsil sahəsində mühüm işlər görülüb. Paytaxtda və regionlarda onlarla musiqi və incəsənət məktəbinin yeni binaları inşa edilib, mövcud binalar əsaslı təmir olunub, maddi-texniki bazası yaxşılaşdırılıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumtəhsil, orta ixtisas və ali təhsil pilləsində tədris verən Bakı Xoreoqrafiya Akademiyasının yaradılması milli xoreoqrafiya sənətinin inkişafına dövlət qayğısının bariz nümunəsidir.

Hazırda Mədəniyyət Nazirliyi sistemində 200-dən çox uşaq musiqi, incəsənət və rəssamlıq məktəbində müxtəlif ixtisaslar üzrə tədris aparılır. Təhsil ocaqlarında tədrisin keyfiyyətinin yüksəldilməsinə, istedadlı uşaq və gənclərin üzə çıxarılmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə müxtəlif müsabiqələr təşkil olunur, şagird və tələbələrin yaradıcılığının stimullaşdırılması prioritet təşkil edir.

* * *

Əvvəldə qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi ilk illərdən tarixi-mədəni irsə bağlılıqla müşayiət olunub. Çünki hər bir xalqın mədəni irsi onun ən gözəl təqdimatıdır. Ötən illər ərzində mədəni irsimizin dünyada təbliği istiqamətində çox mühüm addımlar atılıb. Xalça ustası Lətif Kərimovun (2006), Ü.Hacıbəylinin "Leyli və Məcnun” operasının (2008), "Arşın mal alan” operettasının (2013), görkəmli yazıçı Mir Cəlal Paşayevin (2008), xalq rəssamı Səttar Bəhlulzadənin (2009), xalq yazıçısı İlyas Əfəndiyevin (2014) 100 illik yubileyləri, böyük mütəfəkkir Seyid Yəhya Bakuvinin vəfatının 550, şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 (2013), "Kitabi-Dədə Qorqud” dastanının alman dilinə tərcüməsi və nəşrinin 200 illiyi (2015) UNESCO səviyyəsində qeyd edilmişdir. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü, görkəmli şair Molla Pənah Vaqifin 300 illiyi UNESCO-nun 2016-2017-ci illər üzrə yubileylər proqramında yer alıb. 2018-ci ildə UNESCO-nun yubileylər proqramına dahi bəstəkar Qara Qarayevin 100 illiyi daxil edilib. Cari ilin oktyabrında isə böyük musiqiçinin Bakı şəhərində ev-muzeyinin açılışı keçirilib.

Dövlət başçısı Azərbaycana dünya şöhrəti gətirən, onu tanıdan mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsinə də hər zaman xüsusi önəm verir. Bu illər ərzində paytaxtımızda dahi bəstəkarlar Fikrət Əmirovun, Qara Qarayevin, maestro Niyazinin, peşəkar vokal sənətimizin banisi Bülbülün, görkəmli müğənni Rəşid Behbudovun abidələrinin ucaldılması təkcə bu şəxsiyyətlərə ehtiramın göstəricisi deyil, həmçinin onların simasında Azərbaycan mədəniyyətinin ölkəmizə gələn qonaqlara, bütövlükdə dünyaya tanıdılmasıdır.

2009-cu ildə Bakı şəhərinin, bu il isə ölkəmizin qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərinin "İslam mədəniyyətinin paytaxtı” elan edilməsi, bu çərçivədə keçirilən tədbirlərə müxtəlif ölkələrdən nümayəndələrin qatılması da nəticə etibarilə Azərbaycanın zəngin mədəni irsinin və müasir inkişafının dünyaya təqdimatı üçün tarixi imkanlardır. Ötən illərdə ölkəmizin evsahibliyi etdiyi bir çox beynəlxalq tədbirlər, I Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017) kimi böyük idman yarışmaları da eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin tanıdılması baxımından mühüm bir fürsət olub.

* * *

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, Avropa Şurası, Avropa İttifaqı, ISESCO və başqa təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. Bu əlaqələrin mühüm bir müstəvisini mədəniyyət təşkil edir. Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mərkəzidir. 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair "Bakı prosesi” regional təşəbbüsdən beynəlxalq platformaya çevrilib. Azərbaycan paytaxtı 2010-cu ildən Beynəlxalq Humanitar Foruma, 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi edir. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi Azərbaycanın dünyaya sülh mesajı oldu.

2017-ci ilin mayında Bakıda dördüncü dəfə reallaşan Dünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin hesabatında və qurumun baş katibinin xüsusi məruzəsində dünyanın mədəniyyətlərarası dialoq mövzusunun əsas tərkib hissəsi kimi qeyd edilib.

25-26 oktyabr 2018-ci il tarixdə yüksək səviyyədə keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu bu nüfuzlu platformaya dünya miqyasında marağın azalmadığını ortaya qoydu. "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən forumda bəşəriyyəti narahat edən məsələlər müzakirə olundu, dünyaya sülh mesajları verildi. Forumda çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz dəyər və ənənələrinə bağlı, eyni zamanda dünyaya açıq ölkədir: "Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır”.

* * *

Mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahənin inkişafı onun effektiv, dövrün tələblərinə uyğun idarə edilməsindən bilavasitə asılıdır. Bu mühüm məqam ötən dövrdə cənab Prezidentin mədəniyyət sahəsində idarəçiliklə bağlı qəbul etdiyi qərarlarda, aparılan struktur islahatlarında öz əksini tapıb. 2006-cı ildə dövlət başçısının fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yaradılarkən qarşıya qoyulan vəzifələrdən biri mədəniyyətin inkişafı ilə bərabər, mədəni irs, zəngin incəsənətimiz və qonaqpərvərlik ənənələrimizlə yeni təşəkkül tapan turizm sənayesinə də dəstək verilməsi idi. Ötən dövrdə nazirlik həmin vəzifənin öhdəsindən gəldi, mədəniyyət sektoru milli turizm sənayesinin inkişaf etdirilməsində mühüm rol oynadı, bu istiqamətdə dünya təcrübəsinə əsaslanan layihələr həyata keçirildi.

Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı. Dövlət başçısının 6 iyun 2018-ci il tarixli fərmanı ilə Mədəniyyət Nazirliyinin Əsasnaməsi və strukturu, həmçinin nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edildi. Eyni zamanda, Prezidentin 29 mart 2016-cı il sərəncamı ilə aparılan struktur islahatları nəticəsində nazirliyin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional idarəsi fəaliyyət göstərir. Həyata keçirilmiş islahatlar mədəniyyət sahəsində daha çevik idarəçiliyin təmin olunması, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması məqsədi daşıyır.

Prezident İlham Əliyevin tapşırığına əsasən, 2014-cü ildən etibarən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri yerlərdə vətəndaşların müntəzəm qəbullarını keçirir. Əhali ilə bu görüşlər nazirliyin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, mədəni xidmətin yaxşılaşdırılması, problemlərin operativ şəkildə aradan qaldırılması və vətəndaş təşəbbüskarlığının təşviq olunmasında mühüm rol oynayır.

* * *

Ay yarımdan sonra başa vuracağımız 2018-ci il ölkəmizin həyatında əlamətdar hadisələrlə zəngindir. Azərbaycan xalqının müsəlman Şərqində tarixə bəxş etdiyi cümhuriyyətin 100 illiyi dövlət səviyyəsində qeyd edilir. Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Bu, Azərbaycanın dövlətçilik tarixinə, milli yaddaşa dərin ehtiramının bariz nümunəsidir. Cümhuriyyətin 100 illiyi respublikamızla yanaşı, xarici ölkələrdə də qeyd olunur, bu münasibətlə mədəni tədbirlər, təqdimatlar keçirilir.

Müstəqilliyimizin son 15 ili, tariximizdə yeni mərhələ olmaqla bərabər, ölkə həyatının bütün sahələrinin dinamik inkişafı ilə, Azərbaycanın regionda güc-qüdrətinin, dünyada nüfuzunun artması ilə müşayiət olunub. Ölkəmizdə mədəniyyət sahəsinin də ahəngdar inkişafının təmin edilməsi dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısının nəticəsi, eyni zamanda ulu öndər Heydər Əliyevin milli mədəni intibah amalının əbədi yaşayacağının təminatıdır.


Əbülfəs QARAYEV,

Azərbaycan Respublikasının mədəniyyət naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video