13 Noyabr 2018 00:47
306
SİYASƏT
A- A+

Erməni KİV: “Paşinyan, cavab ver: Azərbaycan təşkilatın üzvü olmadan bizi baş katiblikdən necə uzaqlaşdırdı?”


Ermənistan mətbuatı və analitikləri ölkələrinin KTMT-nin baş katibliyindən təcridini Prezident İlham Əliyevin və onun dostlarının qələbəsi kimi qiymətləndirdi


Azərbaycanın işğalçı Ermənistana qarşı həyata keçirdiyi təcrid siyasəti bu ölkənin tənəzzülünü daha sürətli hala gətirib. Ermənistanın iflası təkcə iqtisadi müstəvidə yox, siyasi, diplomatik sferada da özünü qabarıq şəkildə büruzə verməkdədir.

İlham Əliyev diplomatiyasının beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirməsi və bu sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açıb. Bunun daha bir real təsdiqi yaxın günlərdə Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarının zirvə toplantısında özünü kifayət qədər qabarıq şəkildə büruzə verdi.


Ermənistanın növbəti məğlubiyyəti


Hadisələrin gedişi göstərdi ki, bu tədbir Ermənistan üçün növbəti dəfə böyük uğursuzluqla başa çatdı. Ermənistanın iddialarına və istəklərinə baxmayaraq, təşkilatın baş katibi postu Ermənistandan alındı. Halbuki, işğalçı ölkə bu postu 2020-ci ilə qədər saxlamağa çalışırdı.

Ermənistanda inqilab yolu ilə hakimiyyəti ələ alan Nikol Paşinyan bu məsələdə kifayət qədər arxayın bir mövqe sərgiləyirdi. Elə bunun nəticəsi idi ki, Paşinyan 2008-ci ilin martında Yerevanda prezident seçkilərinin nəticələrinə etiraz edən nümayişçilərə qarşı ordunun tətbiq edilməsi işindən yapışdı, bir-birinin ardınca bu işdə əli olanlara, o cümlədən həmin dövrdə Yerevan qarnizonunun komandanı olmuş KTMT baş katibi, Rusiyaya sıx bağlı general Yuri Xaçaturova cinayət işi qaldırılmasına getdi. Paşinyan hökuməti onun geri çağırılması və yerinə Ermənistanın başqa nümayəndəsinin göndərilməsi mexanizmini tapmağa çalışırdı ki, Xaçaturov Astana sammiti ərəfəsində özü istefa verdi. Baş nazir Nikol Paşinyan isə Astanaya yola düşməzdən əvvəl deyirdi ki, sammitdə Xaçaturovun istefasını baş katib postunun fors-major situasiyada boşalması ilə eyniləşdirəcək. Və israr edəcək ki, əsasnamədə bunun əksini göstərən heç bir müddəa olmadığından Ermənistan Xaçaturovun yerinə 2020-ci ilə qədər öz nümayəndəsini, indiki halda keçmiş müdafiə naziri Mikael Arutyunyanı göndərə bilər.

Bütün bunlardan sonra KTMT ölkələri başçıları Astanaya toplaşdılar və əsas məsələ-blokun yeni baş katibinin seçilməsi barədə 3 saatdan çox bağlı qapılar arxasında müzakirə apardılar. Müzakirələrdən sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayev elan etdi ki, bu məsələdə yekdil mövqeyə gəlmək mümkün olmayıb və dekabrın 6-da yenidən müzakirə aparılacaq. Amma Nazarbayev onu da elan etdi ki, daha Ermənistanın öz nümayəndəsini göndərmək şansı yoxdur, bloka rotasiya qaydasına uyğun olaraq Belarus nümayəndəsi başçılıq etməlidir.


İlham Əliyevin iki qələbəsi


Bununla yanaşı, barəsində bəhs edilən tədbir həm də onunla yadda qaldı ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Belə vəziyyətdə maraq doğuran odur ki, qurum Azərbaycanı burada müşahidəçi qismində görməyi planlaşdırır. Bu da o deməkdir ki, faktiki olaraq Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq təşkilat öz nizamnaməsində dəyişiklik etdi. Təşkilat yanında müşahidəçi dövlət statusunu müəyyən edir. Bu, Azərbaycan üçün hazırlanmış bir sənəddir. Ermənistan rəhbərliyi isə bu fonda gördü ki, KTMT-də Azərbaycanın çox böyük nüfuzu var.

Yaxşı məlumdur ki, Azərbaycanın Ermənistanı çıxmaqla KTMT üzvləri ilə ikitərəfli formatda çox yaxşı, Belarus və Qazaxıstanla isə xüsusi münasibətləri var. Məhz bu münasibətlər sayəsində iki il əvvəl Ermənistanın KTMT baş katibi vəzifəsinə öz nümayəndəsini seçdirməsi xeyli müddət baş tutmamışdı. İndi Astanada baş verənlərdə Azərbaycan Prezidentinin Qazaxıstan və Belarus liderləri ilə xüsusi münasibətlərinin rolunu inkar etmək olmaz. Ermənistanda da etiraf edirlər ki, Azərbaycan üzv olmasa da, KTMT-də çox güclü mövqeyə malikdir.

Əslində, başqa cür ola da bilməzdi. Çünki KTMT beynəlxalq təşkilatların qəbul etdiyi prinsiplərə qarşı çıxa bilməz. Elə olsa, onun heç bir əhəmiyyəti qalmaz, şəxsi maraqlar meydanına çevrilmiş olar. Sadəcə, Yerevan o dərəcədə riyakar və obyektivlik hissini itirmiş haldadır ki, çox sadə həqiqətləri belə görə bilmir. Ermənilər hələ də himayədarlarının iradəsini beynəlxalq hüquqdan üstün tutur, onlara güvənir. Bu isə siyasət deyil, erməni xalqını uçuruma aparmaqdır.


Ermənilər Astana sammitində baş verənləri faciə hesab edirlər


Elə bunun nəticəsidir ki, Ermənistan mətbuatı və işğalçı ölkənin ekspert dairəsi KTMT-nin Astana sammitində baş verənləri faciə kimi dəyərləndirir. 1995-1998-ci illərdə KTMT-nin baş katibi olmuş Stepan Qriqoryan Astana sammitində baş verənləri ciddi böhran kimi dəyərləndirir. Onun qənaətinə görə, Ermənistan üçün ən ciddi təhlükə Belarusun KTMT-nin baş katibi postuna irəli sürdüyü namizədlə bağlıdır. Belə ki, Belarusun irəli sürdüyü namizəd hərbi akademiyanı Bakıda bitirib və Azərbaycanla sıx əlaqələri var.

KTMT-nin sabiq baş katibinin sözlərinə görə, təşkilat artıq Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından etibarsız hala gəlib: "Əlbəttə, Ermənistan KTMT-nin üzvü kimi müəyyən qədər ucuz silah əldə edə bilir, amma siyasi baxımdan itkilərimiz böyükdür. Bu təşkilat etibarsızdır, ona görə ki, Belarus və Qazaxıstan birmənalı şəkildə Azərbaycanın maraqlarını müdafiə edir”.


"Paşinyan hökumətinin növbəti iflası”


Ermənistan müxalifətinin təmsilçisi, işğalçı ölkənin parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə bildirir ki, Ermənistanın təhlükəsizlik sahəsində öz mövqelərini itirməsi göz qabağındadır: "Baş katib postunun Belarusa keçəcəyinə artıq şübhə yoxdur və bu, Paşinyan hökumətinin növbəti iflasıdır”.

Ekspertlərin fikrincə, Eduard Şarmazanovun Ermənistanın yeganə istinad nöqtəsi olan KTMT-də də iflasa uğramasının səbəblərini Paşinyan hökumətində axtarması təbiidir. Astana sammitində baş verənlərlə bağlı "Moskovskiy komsomolets” qəzetində dərc olunan analitik şərhdə maraqlı bir məqama toxunulub. Qəzet yazır ki, Ermənistanın planları Aleksandr Lukaşenkonun müqaviməti ilə toqquşub. Lukaşenko bildirib ki, əgər Ermənistan öz təmsilçisini baş katib postundan geri çağırıbsa, o zaman bu məsələ, ümumiyyətlə, müzakirə edilməməlidir və rotasiya prinsipinə uyğun olaraq KTMT-nin baş katibi Belarusun namizədi olmalıdır. Məqalədə bildirilir ki, Aleksandr Lukaşenkonun bu yanaşması KTMT-nin Nizamnaməsinə əsaslanır və Ermənistanın bu məsələdə hər hansı bir iddia ilə çıxış etmək imkanı yoxdur.


"Ermənistan Azərbaycana uduzur”


Paşinyanın Astana uğursuzluğu Ermənistanda yaxınlaşan növbədənkənar seçkilər ərəfəsində müxalifətə də ona hücum etmək üçün yaxşı fürsət verib. Məsələn, Respublika Partiyasının seçki siyahısına başçılıq edən keçmiş müdafiə naziri Vigen Sarkisyan bildirir ki , Ermənistan KTMT-də ciddi iflas ərəfəsindədir: "Hökumət əlindən gələn hər şeyi etməlidir ki, dekabrın 6-da Sankt-Peterburqda KTMT baş katibi postunu itirməsin. Əgər bu baş versə, hökumət üçün tam iflas olacaq”.

Onun sözlərinə görə, bu riski Xaçaturova qarşı cinayət işi qaldıranda düşünmək lazım idi: "Ermənistan həmişə KTMT-nin fəal üzvü olub. Baş nazir Paşinyan xarici siyasət vektorunun dəyişməyəcəyi haqda bəyanatlarına əməl etməsə, biz ciddi problemlərlə üzləşəcəyik”.

Amma reallıq bundan ibarətdir ki, Ermənistan KTMT baş katibi postunu itirməli olacaq və Paşinyanın situasiyanı xilas etmək üçün praktiki olaraq şansı yoxdur. Ermənistan”1in.am” saytı bu xüsusda yazır: "KTMT-nin Astanada baş tutan sammitində, ən azı, təşkilatın bəzi üzvlərinin baş katibliklə bağlı Ermənistanın kvotasının davam etdirilməməsi niyyətində olmaları və onun əlifba sırası üzrə Belarusa verilməsini təklif etmələri haqqında yayılan informasiya təsdiq olundu. Bunu, onsuz da erməni kvotasına cəmi bir ilin qalması və yeni baş katibin tam həcmdə işə başlaması üçün hətta bütün üzv dövlətlərə baş çəkə bilməyəcəyi ilə əsaslandıraraq, Nursultan Nazarbayev bəyan etdi.

Paşinyan cavab ver: Azərbaycan təşkilatın üzvü olmadan bizi baş katiblikdən necə uzaqlaşdırdı? Nazarbayevin izahatı ilk baxışda əsaslandırılmış görünür. Digər tərəfdən, Nazarbayevin izahatı daha çox Ermənistana kvota verilməməsi üçün gətirilən bəhanədir. Bu, həm də Xaçaturov işinə görə verilən cəzadır. O da faktdır ki, əslində, Azərbaycanla hərbi-texniki sferada və açıq şəkildə Ermənistanın - müttəfiq dövlətin maraqlarına toxunan siyasi məsələlərdə sıx əməkdaşlıq edərək, Qazaxıstan, Belarus və Rusiya indiyə kimi Ermənistanla oynayıblar. Burada Belarus və Qazaxıstan durumdan istifadə edirlər. Ermənistan isə bu durumda Azərbaycana uduzur”.

İşğlaçı ölkədə son hadisələrdən sonra yekdilliklə vurğulanır ki, bu vəziyyətdə Qarabağ cəbhəsində müharibə yenidən başlasa, Ermənistana heç bir kömək də olmayacaq. Elə bu da Ermənistanın Azərbaycan qarşısında yeni diplomatik, hərbi-siyasi məğlubiyyəti sayılır.


Sarkisyan-Koçaryan koalisiyası siyasətə generallarla qayıdır


Siyasi şərhçilər isə bildirirlər ki, KTMT uğursuzluğundan sonra Ermənistanda artıq Paşinyana qarşı hərbi müxalifət formalaşa bilər. Çünki həm Yuri Xaçaturovun, həm də sabiq prezidentlər Robert Koçaryanın, Serj Sarkisyanın ordu içindəki nüfuzu yüksəkdir və onlar siyasətə güc strukturlarının yardımı ilə qayıda bilərlər. Bu da Ermənistanda daha böyük daxili qarşıdurmanın başlanğıcı deməkdir.

Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda, Ermənistanda gələn ayın əvvəllərində keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində Paşinyana növbəti zərbə Respublika Partiyasından gəldi. Partiyanın iclasında Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan partiya sədrinin birinci müavini seçilib. Deyib ki, növbədənkənar parlament seçkilərində Respublika Partiyası siyahısı ilə iştirak edəcək və siyahıya da özü başçılıq edəcək. Deyib ki, siyahıya dostları, partiya üzvləri, həmçinin digər partiyaların təmsilçiləri və bitərəflər daxil ediləcək. Onun sözlərinə görə, təqdim olunan prinsiplər yekdilliklə qəbul edilib.

Bununla da Sarkisyan-Koçaryan koalisiyası əslində uzaqgedən məqsədlər güdərək separatçı rejimin dəstəyi ilə yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünürlər. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq sabiqlər bu xüsusda separatçı rejimin dəstəyinin onlar üçün həyati əhəmiyyət kəsb etdiyini yaxşı başa düşür. Bu mənada onların separatçı rejim təmsilçiləri ilə əlaqələrini genişləndirməsi, intensivləşdirməsi heç də təsadüfi xarakter daşımır. Əsas niyyət separatçı rejimin köməyi ilə Yerevana qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durum yaratmaqla, güc yolu ilə olsa belə, hakimiyyəti qəsb etməkdir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video