13 Noyabr 2018 00:24
252
SİYASƏT
A- A+

Melburnda Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib


9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Avstraliyanın Melburn şəhərinin mərkəzində yerləşən Federasiya meydanında Azərbaycan dövlət bayrağının qaldırılması mərasimi təşkil edilib.

Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü, eləcə də Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Melburndakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə Melburn şəhərində yaşayan həmvətənlərimiz, burada təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycanın Dövlət himninin sədaları altında dövlət bayrağımızın Federasiya meydanında ucaldılması ilə başlayıb. Ümumilikdə həmin gün şəhərin mərkəzi meydanında dörd Azərbaycan bayrağı ucaldılıb ki, bu bayraqlar da gün ərzində Avstraliyanın dövlət bayraqları ilə bərabər dalğalanıb.

Tədbirdə çıxış edən ölkəmizin Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Azərbaycan hökuməti adından Dövlət Bayrağı Günü münasibətilə soydaşlarımızı təbrik edib və mərasimin təşkilində əməyi və dəstəyi olan hər kəsə təşəkkürünü çatdırıb. Azərbaycan dövlət bayrağının qaldırılması mərasiminin Avstraliyada ilk dəfə keçirildiyini qeyd edən diplomat bunun iki ölkənin əlaqələrinin tarixində əlamətdar hadisə olduğunu vurğulayıb və belə tədbirlərin bundan sonra da xoş ənənəyə çevriləcəyinə ümidvar olduğunu qeyd edib. Elcan Həbibzadə indiki dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edildiyini xatırladaraq, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncama əsasən hər il 9 noyabrın ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edildiyini bildirib. Diplomat üçrəngli bayrağımızın bütün dünyada yaşayan azərbaycanlılar üçün dövlətçiliyimizin və suverenliyimizin rəmzi olduğunu vurğulayıb. Eyni zamanda, o, dövlət başçısının digər sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini qeyd edərək, bugünkü mərasimin cümhuriyyətimizin 100 illiyi çərçivəsində keçirildiyini qeyd edib və Bayraq Gününün əhəmiyyətindən danışıb.

Mərasimdə digər çıxış edənlər - Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası idarə heyətinin üzvü Tatyana Zemlinskaya, assosiasiyanın fəalları Nicat Hacıyev, Vəfa Sadıqzadə, Səbinə Əliyeva bayram münasibətilə təbriklərini çatdıraraq, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının qürur mənbəyinə çevrildiyini vurğulayıblar. Tarixi vətənimiz Azərbaycanın sosial-iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilməsinin ölkə hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının qəlbində fərəh hissi doğurduğunu qeyd ediblər.

Qeyd edək ki, paytaxtı Melburn şəhəri olan Viktoriya ştatında çoxlu sayda soydaşımız yaşayır. Belə ki, Melburnda "Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası” diaspor təşkilatı, eləcə də "Azərbaycan Evi” fəaliyyət göstərir. Viktoriyada yaşayan Azərbaycan icması tariximizin, mədəniyyətimizin və incəsənətimizin Avstraliyada təbliğinə xüsusi töhfələr verir.

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video