12 Noyabr 2018 14:45
523
Mədəniyyət
A- A+

Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib


Kaliforniyanın Los-Anceles şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Heydər Əliyev Fondunun dəstəyilə Bakı Media Mərkəzinin çəkdiyi və Arzu Əliyevanın baş prodüseri olduğu, 1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən "Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun Los-Ancelesin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində keçirdiyi tədbirdə seçkili orqanların nümayəndələri, xarici ölkələrin baş konsulları, müxtəlif icmaların üzvləri, tanınmış elm və mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən Kilsənin ictimai əlaqələr üzrə direktoru Mət Bol bu cür mühüm tədbirə ev sahibliyi etdiklərindən məmnun olduğunu bildirib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu və Los-Anceles konsulluq korpusunun duayeni Nəsimi Ağayev çıxışında 100 il əvvəl, 1918-ci il 28 may tarixində Azərbaycan xalqının tariximizin ilk respublikası olan Xalq Cümhuriyyətini yaratdığını qeyd edib. Bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü bildirib.
Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb. N.Ağayev Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini bildirib.
"Əbədi Ezamiyyət” filmi haqda məlumat verən N.Ağayev ilk azərbaycanlı diplomatların ölkəmizin müstəqilliyinin tanıdılması sahəsində göstərdikləri fədakarlıqları yüksək peşəkarlıqla tamaşaçıya çatdıran bu filmin böyük sənət əsəri olduğunu qeyd edib.

Daha sonra premyerada iştirak etmək üçün Los-Ancelesə gəlmiş Vayominq ştatının senatoru Leland Kristensen çıxış edərək belə bir yüksək önəmli tədbirdə iştirakından məmnunluğunu bildirib. Azərbaycan-ABŞ dostluğunu və tərəfdaşlığını yüksək qiymətləndirdiyini qeyd edən senator Azərbaycanın regionda və dünyada mühüm rol oynadığını və iki dövlət arasındakı münasibətlərin qarşıdakı illərdə daha da güclənəcəyinə ümid etdiyini bildirib.
Sonra "Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib. Bu, filmin ABŞ-da ilk nümayişi olub. Film tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Nümayişdən sonra tanınmış amerikalı pianoçu, Yuta Universitetinin professoru Suzan Duelmayerin ifasında Azərbaycan musiqisinin nümunələri təqdim olunub. Qonaqlar, həmçinin Azərbaycan mətbəxinin müxtəlif ləziz təamları ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video