12 Noyabr 2018 14:44
997
Səhiyyə
A- A+

RİİB və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə noyabrın 5-8-də Gəncə-Qazax bölgəsində tibbi müayinələr keçirilib.

Milli Onkologiya Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu müddət ərzində əhalinin müxtəlif təbəqələri üzrə 1838 nəfər üzərində kompleks müayinələr aparılıb, onların 28 nəfərində xərçəng xəstəliyinin bəzi simptomları şübhəsi aşkar olunub.

Yaranmış vəziyyətlə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Həmin xəstələr ciddi nəzarətə alınıb və daha geniş diapazonlu müayinə üçün Milli Onkologiya Mərkəzinə dəvət olunublar.

Noyabrın 9-da Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev Gəncədə üç xəstə üzərində mürəkkəb onkoloji əməliyyat keçirib. Bu lokal əməliyyat skrininq proqramı çərçivəsində aparılıb və tədbir iştirakçıları olan tibbi mütəxəssislərin treninqinin əyani şəkildə reallaşmasına əhəmiyyətli şəkildə yardım edib.

Bu tipli silsilə tədbirlərin yekunu kimi, noyabrın 10-da Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondu Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə "Bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşma” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda Gəncə, Goranboy, Göygöl, Samux, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarında çalışan 150-dən çox onkoloq, ginekoloq, endokrinoloq, uroloq və cərrah iştirak ediblər.

Tədbirdən əvvəl Milli Onkologiya Mərkəzindən olan qonaqlar Gəncədə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli açıb. O bildirib ki, son illər ərzində Azərbaycan rəhbərliyinin yüksək diqqət və qayğısı sayəsində Milli Onkologiya Mərkəzi ölkəmizdə ixtisaslaşdırılmış onkoloji yardımların göstərilməsi və elmi-metodiki, profilaktik işlərin əlaqələndirilməsi üzrə Cənubi Qafqaz bölgəsinin ən qabaqcıl və nüfuzlu aparıcı müəssisəsinə çevrilib.

Milli Onkologiya Mərkəzinin Baş direktorunun birinci müavini, baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına müsbət təsir göstərib. Əziz Əliyev Prezident İlham Əliyevin səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O bildirib ki, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun tikilməsi Azərbaycan Prezidentin dəstəyi ilə reallaşdırılıb. Mərkəzin Uşaq Onkoloji Klinikasının yaradılmasında isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri olub.

Baş-boyun şişlərinin müalicəsində cərrahi əməliyyatın əhəmiyyətindən danışan professor Əziz Əliyev xüsusi vurğulayıb ki, Milli Onkologiya Mərkəzində akademik Cəmil Əliyevin rəhbərliyi ilə yaradılmış müasir şərait, innovativ yeniliklər və modern avadanlıqlar bu əməliyyatların dünya standartlarına tam uyğun aparılmasına imkan yaradır. Ə.Əliyev son dövrdə dünyanın müxtəlif ölkələrindən onlarla insanın Milli Onkologiya Mərkəzinə üz tutmasının uzun illərdən bəri çəkilən gərgin zəhmətin bəhrəsi və sevindirici tendensiya kimi dəyərləndirib.

Konfransda Mərkəzin həkimlərinin "Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi”, "Süd vəzi və uşaqlıq boynu xərçənginin erkən mərhələdə aşkarlanmasının müasir metodları”, "Mədə xərçənginin cərrahi müalicəsində müasir prinsiplər”, "Uroonkoloji xəstəliklərə müasir yanaşma”, "Həzm və tənəffüs orqanlarında aparılan müasir endoskopik müayinə və müalicə metodları”, "Onkoloji diaqnostika və müalicədə yeni era: Nüvə təbabəti”, "Bədxassəli yenitörəmələrin dərman və şüa müalicəsində müasir prinsiplər” mövzularında çıxışları dinlənilib. Xərçəng xəstəliyinin müalicə və müayinəsində multidisiplinar yanaşmalarını özündə əks etdirən çıxışlar maraqla qarşılanıb.

Gəncə-Qazax bölgəsində Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondu Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə keçirilmiş kompleks tədbirlər sakinlər tərəfindən böyük mütəşəkkillik və razılıqla qarşılanıb, dövlətin bölgələrdə əhalinin sosial və tibbi müdafiəsi sahəsində reallaşdırılan strategiyasına böyük dəstəyi kimi dəyərləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video