11 Noyabr 2018 00:46
1602
İQTİSADİYYAT
A- A+

“Made in Azerbaijan” - keyfiyyət yüksəlir, kəmiyyət artır


Azərbaycan qeyri-neft məhsullarının fəal ixracatçısına çevrilir


Ölkəmizdə uğurla reallaşdırılan iqtisadi islahatların prioritetlərindən biri də ixracın genişləndirilməsi, "Made in Azerbaijan” brendi adı altında qeyri-neft məhsullarının istehsalının və ixracının təşviqidir.

Artıq demək olar ki, Azərbaycan brendi dünyada şöhrət qazanır və ixrac coğrafiyası hər keçən gün daha da genişlənir.

Xarici ölkələrə təşkil edilən ixrac missiyalarının uğurlu fəaliyyəti sayəsində həm tərəfdaşların sayı, həm də ixrac edilən məhsulların həcmi, ceşidi də çoxalır. Azərbaycanın xaricdəki ticarət evlərinin sayı getdikcə artır.


Əlaqələr genişlənir, ixracın coğrafiyası böyüyür


Ötən 9 ay müddətində bu istiqamətdə həyata keçrilən proseslər və əldə edilən uğurlar da bu fikirləri söyləməyə əsas verir. Beləliklə, bu ilin 9 ayı ərzində -

* 170-dən çox ölkə ilə xarici ticarət əlaqələri qurulub;

* 14,3 milyard dollarlıq məhsul ixrac edilib;

* dünyanın 22 ölkəsinə peyk xidmətindən 16,7 milyon dollar gəlir gəlib;

* "Azexport.az” portalına 43 milyon dollarlıq ixrac sifarişləri gəlib;

nsahibkarlara 3,7 milyon manat məbləğində ixrac təşviqi ödənilib;

* 12 ölkəyə 17 ixrac missiyası təşkil olunub;

* Ukrayna, Latviya və Çində "Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb;

* Çində iki "Azərbaycan Şərab Evi” açılıb.

Aydın şəkildə görünür ki, ixracın təşviqi, qeyri-neft sənayesinin inkişafı və "Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxarılan məhsulların ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində atılan addımlar, verilən qərarlar ölkəyə böyük dividendlər qazandırmaqdadır.

Qeyri-neft məhsulları ixracının təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını artırıb. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlər iş adamlarına geniş imkanlar yaradıb.


Qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon dollardır


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın bu ilin oktyabr sayında da əldə edilən uğurlar bir daha təsdiq olunur.

İcmalın bu sayında 9 ay ərzində 14,3 milyard dollar təşkil edən ixracın təsnifatı əksini tapıb. Bu müddətdə Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon dollar olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 138 milyon dollar və ya 13 faiz artıb.


Məhsullarımızı ən çox alan yenə Rusiyadır


İqtisadi əlaqələrini daim genişləndirən Azərbaycanın ixrac imkanları getdikcə artır. Xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik daha da təkmilləşdirilir. Bunun səbəbidir ki, ölkəmizlə ticarət tərəfdaşlığı quran dövlətlərin sayı da artır.

Məhsullarımızın ən çox ixrac olunduğu ölkələr arasında Rusiya yenə də liderdir. Belə ki, 9 ay ərzində Rusiyaya 402,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. İkinci yerdə isə Türkiyədir. Qardaş ölkə bu müddət ərzində Azərbaycandan 275,6 milyon dollarlıq mal alıb. Üçüncü yeri isə bu dəfə 105,2 milyon dollarla İsveçrə tutub. 4-5-ci yerlərdə 97,4 milyonla Gürcüstan, 34,3 milyon dollarla Qazaxıstan qərarlaşır.

2018-ci ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 114 milyon dollar təşkil edib və ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (27 milyon) başçılıq edib. Daha sonra siyahıda Türkiyə (25,7 milyon), İsveçrə (13 milyon), Gürcüstan (8,9 milyon) və Qazaxıstan (3,8 milyon) qərarlaşıb.


Pomidor liderliyini qoruyur - 145 milyon dollarlıq gəlir


Bu ilin 9 ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyaraq 145 milyon dollar həcmində olub. Bu siyahıda qızıl (93 milyon) ikinci, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (68 milyon) üçüncü olub.

Ümumiyyətlə, 2018-ci ilin yanvar- sentyabr ayları ərzində meyvə-tərəvəz ixracı 342,5 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 95,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 64,3 milyon, pambıq lifi ixracı 62,7 milyon, kimya sənayesi məhsullarının ixracı 56,9 milyon, pambıq ipliyi ixracı 17 milyon dollar təşkil edib.


"Azərkosmos” bir ayda 1,4 milyon dollarlıq xidmət ixrac edib


"İxrac İcmalı” xidmət ixracına da yer ayırıb. Göstərilir ki, ötən müddətdə "Azərkosmos” tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. 9 ayda "Azərkosmos” peyk və telekommunikasiya xidmətlərinin ixracından 16,7 milyon dollar məbləğində gəlir əldə edib.

Sentyabr ayında isə "Azərkosmos”un xidmət ixracının dəyəri 1,4 milyon dollar olub. Qurumun 9 ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.


21 ay ərzində 106 ölkədən 885 milyon dollarlıq sifariş


Bu müddət ərzində "Azexport.az” portalına daxil olan ixrac sifarişləri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 15 faiz artıb. Quruma 43 milyon dollar məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2018-ci ilin ötən 9 ayı ərzində portala daxil olan ixrac sifarişlərinin dəyəri 410 milyon dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 30 sentyabr tarixinə kimi (21 ay ərzində) portala dünyanın 106 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 885 milyon dollar olub.


İxracın təşviqi - 180 tədbir, 9 anlaşma memorandumu


Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, rəqabətədavamlı qeyri-neft istehsalının stimullaşdırılması, ixracatçılara yaradılmış əlverişli imkanlar, "Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər göz önündədir. Ötən müddət ərzində 170-dən çox ölkə ilə yaradılan xarici ticarət əlaqələri daha da genişləndirilməkdədir.

Prezident İlham Əliyevin ixracın stimullaşdırılması və təşviqi istiqamətində imzaladığı fərman və sərəncamlara əsasən bu istiqamətdə genişmiqyaslı işlər görülməkdədir. Belə ki, ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə 9 ay ərzində Azərbaycanda və xarici ölkələrdə 180 tədbir (biznesforumları, ikitərəfli görüşlər və s.) təşkil olunub. Bu ilin əvvəlindən 8 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 9 anlaşma memorandumu imzalanıb.


İndiyədək sahibkarlara 6,9 milyon manat ixrac təşviqi ödənilib


Ötən dövrdə İxracatçılar Klubunun keçirdiyi 17 iclasdan 14-ü Bakıda, 3-ü isə regionlarda təşkil olunub. Ümumilikdə indiyədək sahibkarlara 6,9 mliyon manat, bu ilin yanvar-sentyabr aylarında isə 3,7 milyon manat məbləğində ixrac təşviqi ödənilib.

Qeyri-neft məhsullarının ixracı üçün mövcud və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə tətbiq olunan mexanizmlərdən biri də bazar araşdırmalarının aparılmasıdır. İndiyədək ixracla məşğul olan sahibkarlıq subyektlərinin müraciətləri əsasında ümumilikdə 12 bazar araşdırması aparılıb.


4 ölkəyə ixrac missiyası təşkil olunub


Yerli məhsulların xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Rusiya, İsveçrə, Çin və Qazaxıstana ixrac missiyası həyata keçirilib.

Ümumilikdə isə indiyədək 12 ölkəyə 17 ixrac missiyası təşkil olunub və Azərbaycan şirkətləri 6 olkədə keçirilən 14 beynəlxalq sərgidə "Made in Azerbaijan” vahid ölkə stendində öz məhsullarını nümayiş etdiriblər.

Bu ilin 9 ayı ərzində Ukrayna, Latviya və Çində "Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb. Ümumilikdə isə, hazırda 4 xarici ölkədə "Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Bu ilin sentyabrında Çində ilk "Azərbaycan Şərab Evi” açılıb.


Bu il 3 ölkədə "Ticarət Evi”, 2 ölkədə "Şərab Evi” açılacaq


Onu da vurğulayaq ki, yerli məhsulların xarici bazarlarda tanıdılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, bu ay Çinin Şanxay şəhərində "Şərab Evi”, ilin sonunadək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Polşa və Qazaxıstanda "Azərbaycan Ticarət Evi”, Rusiyada isə "Şərab Evi”nin açılması nəzərdə tutulur. Bununla yanaşı, hazırda Azərbaycanın xarici ölkələrdə 4 ticarət nümayəndəliyi fəaliyyət göstərir: Rusiya, Çin, Şərqi Avropa və BƏƏ.

Ölkəmizin ixrac və investisiya imkanlarının təşviqi, Azərbaycan məhsullarının xarici bazarlarda tanıldıması tədbirlərinin davamı olaraq ilin sonunadək Çin, Bolqarıstan, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil ediləcək.


Yeni mərhələnin əsas hədəfləri


Bu gün qarşıda duran əsas vəzifə ixracın həm çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə ixracın təşviqi, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınması istiqamətində işlər davam etdirilir.

İqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir.

Yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video