11 Noyabr 2018 00:44
1564
SİYASƏT
A- A+

Azərbaycan parlamenti dövrün yeni inkişaf mərhələsində


Artıq 23 ilə yaxındır ki, Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla yerinə yetirir.


Bu dövr ərzində parlament ölkəmizdə həyata keçirilən hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun möhkəm hüquqi bazasını yaratmış və təkmilləşdirmişdir. 1995-ci ildən indiyədək Milli Məclis ölkə daxilində gedən proseslərin və beynəlxalq aləmdə baş verən hadisələrin mahiyyətinə uyğun olaraq dövlətin və cəmiyyətin həyatının müxtəlif sahələrini nizama salan minlərlə qanun və qərar qəbul etmişdir.

2015-ci ilin noyabr ayından fəaliyyətə başlamış beşinci çağırış Milli Məclis də əvvəlki dövrlərdə formalaşmış parlamentarizm ənənələrini yeni keyfiyyətdə daha da inkişaf etdirmiş və zənginləşdirmiş, parlamentin peşəkarlıq səviyyəsi yüksəlmişdir. Respublikanın ali qanunvericilik orqanı ölkəmizin neft erasından sonrakı yeni inkişaf mərhələsində cəmiyyətin təkamül yolu ilə daim dəyişən həyat şəraitinə uyğunlaşmasını təmin edən ən mühüm vasitələrdən biri kimi üzərinə düşən missiyanı yüksək səviyyədə daşımaqdadır. Bu istiqamətdə əldə edilən nəticələr, daxili həyatımızın bütün sahələrini, habelə xarici siyasət fəaliyyətini əhatə edən genişmiqyaslı işlər Milli Məclisin müasir çağırışlara cavab verən məhsuldar fəaliyyətinin göstəricisidir.

Yeni inkişaf mərhələsinin müvafiq tələbləri Milli Məclisin həm mahiyyətcə, həm də struktur cəhətdən yeniləşməsini gündəmə gətirmişdir. Bununla bağlı bəzi qanunvericilik komitələrinin səlahiyyət çərçivələri genişləndirilmiş və əsasən sosial və ictimai sahələri əhatə edən 4 yeni komitə formalaşdırılmışdır ki, bunun da nəticəsində cəmiyyətin bütün təbəqələrini daha çox maraqlandıran məsələlərə dair müzakirəyə çıxarılan qanun layihələrinin daha dərindən araşdırılması və geniş fikir mübadiləsi üçün münbit şərait yaranmışdır. Bu gün artıq Milli Məclisdə 15 qanunvericilik komitəsi daha səmərəli fəaliyyət nümayiş etdirir.

Bu illər ərzində ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların, demokratikləşmə prosesinin hüquqi mexanizmi daha da inkişaf etmiş və təkmilləşdirilmişdir. Beşinci çağırış parlament seçkilərindən sonra, yəni 2015-ci il noyabrın 1-dən bəri Milli Məclisin 80-ə yaxın plenar iclası keçirilmiş, 1300-dək qanunvericilik aktı qəbul edilmişdir. Hər il olduğu kimi, bu dövrdə də hökumətin və Hesablama Palatasının hesabatları və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) məruzəsi müvafiq komitələrdə geniş müzakirə olunaraq plenar iclaslarda qəbul edilmişdir.

"Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, "Normativ hüquqi aktlar haqqında” və "Azərbaycan Respublikası Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişikliklər edilmişdir.

Həyata vəsiqə almış 30-dan çox yeni qanunun sırasında "Dini ekstremizmə qarşı mübarizə haqqında”, "Lisenziyalar və icazələr haqqında”, "Kənd təsərrüfatı kooperasiyası haqqında”, "Elm haqqında”, "Kredit büroları haqqında”, "Nağdsız hesablaşmalar haqqında”, "Hərbi vəziyyət haqqında”, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, "İşsizlikdən sığorta haqqında”, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında”, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”, "Peşə təhsili haqqında”, "Ələt azad iqtisadi zonası haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında”, "Məşğulluq haqqında”, "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanunlar xüsusi əhəmiyyətə malikdir.

Mövcud qanunlara edilən dəyişikliklər, də öz növbəsində, Azərbaycan vətəndaşının bütün həyatını əhatə etməklə ölkə rəhbərliyi tərəfindən aparılan islahatların səmərəliliyinin təmin olunmasını hədəf götürərək ilk növbədə insanların yüksək sosial rifahının, əmin-amanlıq şəraitində demokratik, azad həyat tərzinin təmin olunmasına yönəldilmişdir. Bu baxımdan mülki, inzibati xətalar, ailə, şəhərsalma və tikinti, torpaq, vergi, gömrük, mənzil, miqrasiya, cəzaların icrası, seçki, əmək, ticarət gəmiçiliyi, cinayət, su, meşə və prosessual məcəllələrə edilən vacib dəyişikliklər qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün əsaslı hüquqi zəmin yaradır.

Heydər Əliyev Fondunun Prezidenti, o dövrdə deputat statusunda olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli qərar böyük humanist dəyərlərə sədaqətin nümunəsidir. Parlamentdə yekdilliklə dəstəklənmiş bu addım nəticəsində 10 mindən çox məhbus azadlığa qovuşmuş, minlərlə ailənin kədəri sevinclə əvəzlənmişdir. Bu qərar beşinci çağırış Milli Məclisin qəbul etdiyi hüquqi aktlar sırasında böyük ictimai əhəmiyyətinə və dəyərinə görə xüsusilə seçilən sənədlərdəndir. Sonrakı dövrdə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlara edilmiş düzəlişlər isə məqsəd aydınlığı və fəaliyyət ardıcıllığı baxımından bu siyasətin məntiqi davamı kimi dəyərləndirilməlidir.

"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli sərəncamı isə ölkə ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.

Bununla bağlı dövlət başçısının tövsiyəsi və Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları, digər ölkələrin qanunvericilik və məhkəmə təcrübəsi, Avropa Məhkəməsinin presedent hüququ və Konvensiyasının tələbləri nəzərə alınmaqla "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Milli Məclisin qəbul etdiyi qanuna əsasən ümumilikdə 36 cinayətə görə azadlıqdan məhrumetmə cəzasının hədləri aşağı salınmış və Cinayət Məcəlləsinə 300-ə qədər dəyişiklik edilmişdir. Buraya əsasən humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılması istiqamətində maddələr və bəndlər daxildir. Belə ki, 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlərə aid olmayan kateqoriyaya, 4 cinayət isə ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilmiş, 13 sanksiyada azadlıqdan məhrumetmə cəzasının hədləri dəyişdirilmişdir. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılmışdır. Əvvəllər cinayət hesab edilən bəzi əməllərə bu qanunun qəbulundan sonra yalnız İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi qiymət verilir.

Ölkənin ədliyyə tarixinə əlamətdar gün kimi düşmüş bu tarixi addım dövlət başçısının humanist siyasətinin növbəti təzahürüdür. Bu sənəd ölkəmizdə davamlı şəkildə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının tərkib hissəsi, eyni zamanda, cinayət təqibinin və cəzaların icrası sahəsində yeni mərhələnin başlanmasının əsası kimi dəyərləndirilir. Belə ki, ümumilikdə cəza siyasətinin humanistləşdirilməsi sahəsində uzun müddətdən bəri, yəni 2000-ci ildən etibarən tədbirlərin görülməsinə baxmayaraq, məhkəmələr cinayət törətmiş şəxslər barəsində bir çox hallarda həbslə əlaqədar qətimkan tədbirinin seçilməsinə və azadlıqdan məhrumetmə ilə bağlı cəzanın tətbiqinə üstünlük verirdilər. Qüvvədə olan cinayət qanunvericiliyində həm obyektiv, həm də subyektiv səbəblərdən bir sıra çatışmazlıqlar mövcud idi. Buna misal olaraq, demək olar ki, müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunurdu. Dəyişikliklərdən əvvəl, eyni zamanda, müəyyən cəzaların icrası da mümkünsüz olurdu, belə olan halda məhkəmələr əsasən azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verirdilər.

Statistika göstərir ki, qanun qüvvəyə mindikdən sonra həbs edilən şəxslərin sayı xeyli azalmışdır. İctimaiyyət üçün böyük təhlükə törətməyən cinayətlərə görə lüzumsuz yerə həbs edilmənin qarşısının alınması istiqamətində tədbirlər də öz bəhrəsini verir. Bu nəticə həm də ali hakimiyyətin hər üç qolu səviyyəsində - qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin birgə, unison fəaliyyəti sayəsində hədəflərin düzgün müəyyənləşdirilməsinin bariz nümunəsidir.

Bu illər ərzində Azərbaycan parlamenti demokratiya və vicdan azadlığından tutmuş sosial-iqtisadi, humanitar və inzibati məsələlərə qədər, bir sözlə, həyatın bütün sahələrinə dair digər mövcud qanunların hüquqi uyğunlaşdırılması və təkmilləşdirilməsi işinə də əhəmiyyətli töhfələr vermişdir. Ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji yol xəritələrinin hədəflərini, o cümlədən həyata keçirilən pensiya islahatının, kənd təsərrüfatının, meliorasiyanın, orta və kiçik sahibkarlığın inkişafına yönəlmiş genişmiqyaslı tədbirlərin, humanitar sahələrdə təklif olunan xidmətlərin yüksək keyfiyyətinin, ölkənin hərbi qüdrətinin artırılması istiqamətində görülən böyük işlərin səmərəsini təmin etmək baxımından müvafiq qanunlara edilmiş dəyişikliklər hüquqi çəkisinə görə ön sıradadır. Son 3 il ərzində dini etiqad azadlığı, siyasi partiyalar, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, sərbəst toplaşmaq azadlığı, torpaqların dövlət ehtiyacları üçün alınması, ekoloji təmiz kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, əmək pensiyaları, banklar, sığorta fəaliyyəti, ipoteka, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi, korrupsiyaya qarşı mübarizə, polis, prokurorluq, məhkəmələr, dövlət təhlükəsizliyi, vergi, gömrük, miqrasiya orqanları, irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı, mədəniyyət, turizm, bədən tərbiyəsi və idman, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər, məişət zorakılığının qarşısının alınması, uşaq hüquqları, vəkillər və vəkillik fəaliyyəti, Azərbaycan Respublikası Milli Məclisi deputatının və bələdiyyələrin statusu haqqında və digər məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunlarında edilmiş dəyişikliklər məhz bütün bu fəaliyyət istiqamətlərinin mükəmməl hüquqi bazasının formalaşmasına xidmət edir.

Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə 20-dək konvensiya, saziş və digər beynəlxalq əhəmiyyətli sənəd təqdim olunmuş və qəbul edilmişdir. Fikrimcə, bunlardan Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqı müqavilələrinə dair Konvensiyasına qoşulmaq barədə, Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandumun təsdiq edilməsi barədə, Azərbaycan Respublikası ilə QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında Çərçivə Sazişinin təsdiq edilməsi haqqında, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının "Paris Sazişi”nin təsdiq edilməsi haqqında, Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında qanunların və Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında qərarın əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Ötən 3 ilin yekununa dair fikir söyləyərkən qürur hissi ilə həm də onu qeyd etmək istərdim ki, parlamentin intellektual səviyyəsi qanunyaratma və qanunvericilik sahəsində qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni yerinə yetirməyə imkan verir. Bu gün Milli Məclisdə təmsil olunan 10 deputat AMEA-nın həqiqi və ya müxbir üzvü, 14 deputat xarici ölkələrin elmlər akademiyalarının üzvləridir. Millət vəkillərindən 32-si elmlər doktoru, 27-si isə müxtəlif elmi sahələr üzrə fəlsəfə doktorudurlar. Ötən ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi ali vəzifəyə təyin olunması bir tərəfdən onun özünün şəxsi işgüzar və yüksək mənəvi keyfiyyətləri ilə bağlıdırsa, digər tərəfdən, hesab edirəm ki, həm də millət vəkili kimi ölkə parlamentində təmsil olunan ictimai-siyasi xadimin nüfuzundan irəli gəlmiş qərardır. Yeri gəlmişkən qeyd etmək istərdim ki, beşinci çağırış dövründə parlamentdən icra strukturlarında yüksək və mühüm siyasi vəzifələrə irəli çəkilən deputatların sayı əvvəlki illərə nisbətən daha çox olmuşdur. Bu, ölkə Prezidentinin Milli Məclisin fəaliyyətinə verdiyi böyük dəyərin və millət vəkillərinə bəslədiyi inamın təzahürüdür.

Parlament milli qanunvericiliyi Avropa hüquq normalarına və standartlarına uyğunlaşdırmaq, problemlərin açıq müzakirəsini aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir, söz, mətbuat, vicdan, birləşmək, sərbəst toplaşmaq və digər siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaradır. Təcrübə göstərir ki, parlament demokratiya və siyasi mədəniyyət məktəbi olaraq, yalnız cəmiyyətdə mövcud olan siyasi qüvvələrin və cərəyanların bütün spektrini əks etdirdiyi halda ictimai fikrə, insanların düşüncəsinə təsir göstərə bilir. Ona görə də çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri ötən bu dövrdə də demokratik dəyərlərə həmişə sadiqlik nümayiş etdirən Azərbaycan parlamentinin praktiki fəaliyyətində özünü doğrultmuşdur. Milli Məclisdəki deputat mandatlarının əksəriyyətinin cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına mənsub olmasına rəğmən ölkəmizdə ictimai fikrə təsir göstərmək imkanlarına malik digər siyasi təşkilatlar - 12 partiya parlamentdə təmsil olunmuşdur.

Milli Məclis tərkibində gender bərabərliyinin təmin olunması baxımından da nümunəvi parlamentarizm ənənələrini uğurla davam etdirməkdədir. Qadın deputatların sayı hər növbəti seçkidə artaraq bu gün 20 nəfər, yəni 17 faiz təşkil edir ki, bu da hətta bir çox Qərb ölkələri ilə müqayisədə yüksək göstəricidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir dünya standartlarına uyğun qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, parlamentin qəbul etdiyi layihələrin böyük əksəriyyəti dövlət başçısının təşəbbüsü ilə müzakirəyə çıxarılır. Düşünürəm ki, bu, ölkəmizdə ali qanunvericiliklə ali icra hakimiyyətinin nümunəvi tandeminin, yüksəksəviyyəli parlament-Prezident münasibətlərinin göstəricisidir.

Qanunyaratma və qanunvericilik məsələlərinin həllində həmişə müsbət dinamika ilə inkişaf yolunda olan Milli Məclis eyni zamanda ölkəmizdə və beynəlxalq aləmdə baş verən mühüm siyasi hadisələrə münasibətini bildirir, xüsusilə də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yalançı erməni təbliğatının ifşa edilməsi istiqamətində zəruri tədbirlər görür. 2017-ci ildə Xocalı soyqırımının 25 illiyi və 2018-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Milli Məclisin qərarları ölkə rəhbərliyinin bu tarixi faciələrə verdiyi siyasi qiymətin parlament səviyyəsində təsdiqidir.

Son zamanlar beynəlxalq təşkilatlarda təmsilçilik Azərbaycan üçün daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Beşinci çağırış dövründə Milli Məclisin beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələri müsbət dinamika ilə inkişaf etmişdir. Məlum olduğu kimi, Milli Məclis ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların parlament məclislərinin, o cümlədən Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Parlament Assambleyasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, MDB Parlamentlərarası Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin və digər nüfuzlu təşkilatların üzvüdür. Biz dövlətimizin müxtəlif məsələlərə dair mövqeyini beynəlxalq aləmə çatdırmaq üçün bu vasitədən də səmərəli istifadə edirik. Bundan əlavə, beynəlxalq təşkilatların işində bərabərhüquqlu üzv kimi yaxından iştirak edərək bütün dünya xalqlarının qarşısına çıxan çağırışların, təhdidlərin nəzərə alınması üçün səylərin birləşdirilməsi prosesində fəal iştirak edirik. Bu baxımdan Azərbaycan parlamentinin fəaliyyəti xarici siyasətimizdə mühüm yer tutur. Millət vəkillərimizin AŞ PA, ATƏT, QDİƏT, İƏT, GUAM kimi nüfuzlu beynəlxalq təşkilatların rəhbər orqanlarında əhəmiyyətli vəzifələrə seçilməsi eyni zamanda Azərbaycan dövlətinə və parlamentinə böyük hörmətin ifadəsidir. AVRONEST Parlament Assambleyasının ikili standartlardan doğan qərəzli yanaşmaları nəticəsində pozulmuş münasibətlərin və Avropa Parlamentində Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin bərpası da, fikrimcə, hər iki tərəf üçün eyni dərəcədə uğur sayıla biləcək nailiyyətdir.

Bu illər ərzində ayrı-ayrı ölkələrin qanunvericilik orqanları ilə əməkdaşlığın və qarşılıqlı əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə parlamentlərarası əməkdaşlığın müxtəlif formalarından istifadə olunur. Bu gün Milli Məclisdə 80-dən çox xarici ölkənin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları uğurla fəaliyyət göstərir. 30-dək xarici ölkənin hökumətləri ilə strateji əməkdaşlıq, qarşılıqlı hüquqi yardım, iqtisadi, inzibati, səhiyyə, mədəniyyət, ekologiya və bir çox digər sahələr üzrə sazişlər və memorandumlar ratifikasiya olunmuşdur.

Bu dövr ərzində Milli Məclisin rəhbərliyi, deputatlar və parlament aparatının əməkdaşları 65-dən çox ölkəyə 300-dək səfər ediblər. Nümayəndə heyətlərimiz 12 ölkədə keçirilmiş prezident və parlament seçkilərini müşahidə ediblər. Bu sırada Milli Məclisin Sədri Oqtay Əsədovun 10-dan çox xarici ölkəyə, xüsusilə Türkiyə, Rusiya, Gürcüstan, Çin, Koreya, İran, Belarusa və digər ölkələrə etdiyi 15-dək rəsmi və işgüzar səfərləri Azərbaycanla bu dövlətlər arasında qarşılıqlı münasibətlərin inkişafına əhəmiyyətli töhfə vermişdir.

Əvvəlki illərdə olduğu kimi, son dövrdə də Milli Məclis ən müxtəlif mövzular ətrafında çeşidli beynəlxalq və yerli əhəmiyyətli konfransların, görüşlərin, "dəyirmi masa”ların, dinləmələrin və digər tədbirlərin keçirildiyi bir məkan olmuşdur. 2016-cı ildən bəri 70-dək ölkədən 300-dən çox xarici nümayəndə heyəti, 30-dək beynəlxalq təşkilat və xarici ölkələrin qanunvericilik orqanlarının rəhbərləri Azərbaycan parlamentinin qonağı olmuşlar. Onlardan 110-dək nümayəndə heyəti Milli Məclisin Sədri səviyyəsində qəbul edilmişlər.

Parlamentdə 25-dək beynəlxalq təşkilatın, o cümlədən AŞ PA Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin, QDİƏT-in Mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin, Sosial məsələlər Sağlamlıq və davamlı inkişaf komitəsinin, AVRONEST PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyətləri üzrə komitəsinin, NATO PA-nın İqtisadiyyat və təhlükəsizlik komitəsinin Keçid və inkişaf alt-komitəsinin nümayəndələri ilə görüşlər keçirilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi ilə əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın XIV iclası, ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun təşəbbüsü ilə reallaşmış beynəlxalq konfrans, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclası, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti, TürkPA ilə "Kadr məsələləri şöbəsi və ümumi şöbənin iş prinsipləri” mövzusunda təcrübə mübadiləsi proqramı çərçivəsində müzakirələr aparılmışdır.

2018-ci ilin sentyabrında NATO Parlament Assambleyasının İqtisadiyyat və Təhlükəsizlik komitəsinin Keçid və inkişaf alt-komitəsinin üzvlərindən ibarət nümayəndə heyətinin (İqtisadiyyat və Təhlükəsizlik Komitəsi) Azərbaycana səfəri zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iştirakı ilə Azərbaycanın xarici və regional siyasəti, Yaxın Şərqdə və Mərkəzi Asiyada təhlükəsizlik və sabitlik, Azərbaycanın iqtisadi və daxili çağırışları, Azərbaycanın enerji siyasəti, Qafqazda və Mərkəzi Asiyada enerji təhlükəsizliyi ilə bağlı mövzular diqqət mərkəzində olmuşdur.

Hər il Milli Məclisin İnsan hüquqları komitəsinin tədbirlər planında nəzərdə tutulan 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ilə əlaqədar artıq ənənə şəklini almış dinləmələrın keçirilməsi demokratik dəyərlərin, söz və vicdan azadlığının bərqərar olması üçün respublikada görülən işlər barədə ölkə ictimaiyyətinin məlumatlandırılması və bu sahədə mövcud olan çatışmazlıqların dəf edilməsi üçün irəli sürülən təkliflərin müzakirəsi baxımından çox əhəmiyyətlidir.

2015-ci il dekabrın 24-də dövlət nümayəndələrinin, deputatların, vətəndaş cəmiyyəti təmsilçilərinin və mətbuat işçilərinin iştirakı ilə Milli Məclisdə keçirilmiş İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun növbəti iclasında söylənilən fikir və rəylər dövlətimizin insan haqlarına, qanunun aliliyinə və demokratiyanın inkişafına verdiyi önəmin təsdiqidir. Bu istiqamətdə Azərbaycan cəmiyyəti birləşmək əzmindədir və bu məram Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış işçi qrupun fəaliyyətində özünü bariz şəkildə göstərir.

Ölkəmizdə uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Müstəqillik dövründə milli qanunvericiliyimiz bu sahədə böyük inkişaf yolu keçib, ildən-ilə təkmilləşib. Azərbaycan parlamenti cəmiyyətdən gələn təşəbbüslərə daim diqqətlə yanaşır və hər zaman öz fəaliyyətində bu məsələlərlə bağlı hüquqi bazanın zənginləşdirilməsində beynəlxalq təcrübəni nəzərə alır. 2016-cı ilin aprel ayında İnsan hüquqları komitəsi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və UNICEF-lə birgə "Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda Milli Məclisdə təşkil edilmiş "dəyirmi masa” məhz bu problemləri əhatə etmişdir. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Mənim səsim - mənim hüquqlarım: parlament müzakirəsi” mövzusunda keçirilmiş tədbirlər də bu istiqamətdə nailiyyətlərin əldə olunmasına xidmət edir və təcrübə göstərir ki, pozitiv nəticələr verir. 2017-ci ildə deputatların, aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının və Birləşmiş Millətlər Uşaq Fondu Azərbaycan Nümayəndəliyinin iştirakı ilə Milli Məclisdə keçirilmiş tədbir və UNICEF-in Azərbaycan Nümayəndəliyi ilə "Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis UNICEF əməkdaşlığı” mövzusunda aparılmış müzakirələr uşaqların cəmiyyətə inteqrasiyasına və uşaq hüquqlarının təbliğinə həsr olunmuşdur.

Ötən il mayın 31-dən iyunun 2-dək Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Uşaqlar üzrə alt-komitəsinin "Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması” mövzusunda parlament seminarının və iclasının Bakıda keçirilməsi, bu sahədə beynəlxalq təşkilatlarla, həmçinin AŞ PA ilə yaxından əməkdaşlıq edən Azərbaycanda uşaq hüquqlarının müdafiə olunması və onların zərərli informasiyadan qorunması kimi vacib məsələlərə verilən xüsusi önəmin ifadəsidir.

Milli Məclis öz fəaliyyətində qadın hüquqlarına və gender bərabərliyi məsələsinə həssaslıq nümayiş etdirir. Beşinci çağırış dövründə bu istiqamətdə Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilmişdir. AŞ PA-nın "Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin "Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda seminarı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə "Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı”nın müzakirəsi ilə bağlı təşkil olunmuş və hökumət nümayəndələrinin, BMT Qadın Fondunun və Əhali Fondunun, ölkəmizdəki bir sıra QHT-lərin, o cümlədən Gənc Hüquqşünaslar Birliyinin təmsilçilərinin iştirakı ilə keçirilmiş "dəyirmi masa” və "Ailə instututunun formalaşmasında adət-ənənələrimiz” mövzusunda keçirilmiş dinləmələr respublika ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.

Əhalinin sosial rifahı, məşğulluq məsələləri ölkə rəhbərliyinin insan amilinə söykənən daxili siyasətinin əsas sütunlarından biridir və Milli Məclisin diqqət mərkəzində saxladığı məsələlər sırasındadır. Azərbaycan Prezidentinin təşəbbüsü və müvafiq sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində sosial sahədə "ASAN xidmət”in analoqu olan "Dayanıqlı və Operativ Sosial Təminat” (DOST) sisteminin qurulması və hüquqi bazasının möhkəmləndirilməsi ilə əlaqədar oktyabrın 17-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində keçirilmiş dinləmələr parlamentin bu siyasətə və ölkəmizdə sosial sahədə aparılan islahatlara verdiyi dəstək nəticəsində reallaşmışdır.

Dünyanın 142 ölkəsinin üzv olduğu BMT-nin Əlillərin hüquqları haqqında Konvensiyasına qoşulmuş Azərbaycanda fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onların iş imkanlarını genişləndirmək məqsədilə ardıcıl işlər görülür. Milli Məclis tərəfindən qəbul edilən müvafiq qanunlarda fiziki qüsurlu insanların hüquqları ilə bağlı maddələr yer almışdır və bu hədəflərə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə olunur. 2016-cı ildə Milli Məclisdə "Şərq nağılı” - Əlil gənclərin Birinci Beynəlxalq Yaradıcılıq Festivalı çərçivəsində keçirilmiş tədbir buna misaldır.

Parlamentin Gənclər və idman komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bir sıra tədbirlər ölkə rəhbərliyinin gənclər siyasətinin mahiyyətini əks etdirməklə Azərbaycanda gənclər və idman siyasətinin inkişaf perspektivlərinin müzakirəsi və gənclər təşkilatlarının beynəlxalq arenaya fəal şəkildə çıxması üçün daha geniş imkanlar açmışdır. Ölkədə fəaliyyət göstərən gənclər təşkilatları, müxtəlif idman federasiyaları və assosiasiyaların nümayəndələri, Azərbaycanın idman tarixində yüksək nailiyyətlərə imza atmış idmançıların iştirakı ilə keçirilmiş tədbirlərin, 2 fevral - Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "İdarəetmədə islahatlar və gənclik” layihəsi çərçivəsində Milli Məclisdə gənclərlə görüşün, YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 28 may - Respublika Gününə həsr olunmuş və Beynəlxalq Gənc Demokratlar Birliyi - IYDU, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı - ICAPP və Avropa Demokrat Gənclər Birliyi - DEMYC kimi tanınmış beynəlxalq gənclər təşkilatlarının iştirak etdiyi "Gənclik və qlobal çağırışlar” adlı konfransın ruhu da məhz bu məqsədlərdən bəhrələnmişdir.

2015-2018-ci illər ərzində bu səpkidə ümumilikdə 10-dək tədbir reallaşmışdır.

Bu dövr ərzində Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı və ölkənin ən iri tibb müəssisələrinin tanınmış sahə mütəxəssislərinin, Səhiyyə Nazirliyinin nümayəndələrinin, KİV təmsilçilərinin iştirakı ilə keçirilmiş Avropa Parlament Forumu və BMT-nin Əhali Fondu ilə birlikdə "Azərbaycanda ana sağlamlığı və ailə hüquqlarının təşviqinin milli qanunvericilik çərçivəsində gücləndirilməsi” mövzusunda "dəyirmi masa”, Əhali artımı və İnkişaf üzrə Avropa Parlament Forumu və BMT-nin Əhali Fondu ilə birlikdə təşkil olunmuş müzakirələr, Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin plenar və əlaqədar iclasları, "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda və "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələr səhiyyə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsinə yardım edir.

Hər il olduğu kimi, dövlət başçısının parlamentin müzakirəsinə təqdim etdiyi büdcə layihələri ölkə ictimaiyyətinin ən çox maraq göstərdiyi məsələlərdəndir. Beşinci çağırış Milli Məclisin fəaliyyəti postneft dövrünün başlanğıc mərhələsinə təsadüf etdiyi üçün yaranmış səciyyəvi sosial-iqtisadi proseslərin daha çevik və səmərəli formada tənzimlənməsi zərurətini ortaya qoymuşdur. Bu mənada ölkənin sosial-iqtisadi və maliyyə proqramı olan büdcə layihəsinin daha ətraflı və dərindən öyrənilməsi, təkliflərin mahiyyəti üzrə araşdırılması, proqnozların real imkanlar baxımından daha diqqətli təhlili bu illərdə xüsusilə aktual olmuşdur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aparıcılığı və bütün digər komitələrin, dövlət qurumlarının nümayəndələrinin cəlb edilməsi ilə layihələrin gərgin müzakirələrlə müşayiət olunması, düşünürəm ki, ölkə rəhbərliyi və hökumətlə yanaşı, həm də parlamentin bu yöndə göstərdiyi fəaliyyətin nəticəsidir.

Ümumiyyətlə isə, ciddi iqtisadi və siyasi arqumentlərlə əsaslandırılaraq təsdiq edilmiş büdcənin sonrakı mərhələlərdə özünü doğrultması və ölkənin iqtisadi cəhətdən davamlı inkişafının təmin olunması onu göstərir ki, qarşıya qoyulmuş hədəflər və prioritetlər real olaraq düzgün müəyyənləşdirilmişdir və strateji məqsədlərə nail olmaq üçün seçilmiş yol doğrudur.

BMT tərəfindən hazırlanmış "2030 - Dayanıqlı İnkişaf Məqsədləri” adlı layihə çərçivəsində BMT ilə birgə "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentlərin rolu” mövzusunda 2017-ci ildə keçirilmiş konfransda məhz bu məsələlərin təhlilinə geniş yer ayrılmışdır.

Son illər ölkədə kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinin təmin olunmasına artan diqqət bütün səviyyələrdə bununla bağlı fəaliyyətin canlandırılmasını şərtləndirir. Azərbaycan Respublikası Milli Məclisi də bu mənada istisna deyil və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə töhfə verə biləcək bütün təşəbbüsləri həvəslə dəstəkləyir. Bu il parlamentdə Aqrar siyasət komitəsinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin iştirakı ilə "Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri və təhlili” barədə təqdimat keçirilmiş, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilati dəstəyi ilə "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində potensialların artırılmasına dəstək” mövzusunda konfrans təşkil olunmuşdur.

Beşinci çağırış dövründə Azərbaycan Prezidentinin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri ilə bağlı parlamentdə müzakirə üçün təqdim etdiyi təkliflərə Milli Məclis tərəfindən dəstəyin ifadəsi bu məsələlərə dair müsbət rəylərdə öz əksini tapır. "Azəri”, "Çıraq”, "Günəşli”, "Muradxanlı”, "Cəfərli”, "Ümid”, "Qarabağ” neft yataqlarının və "Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun yatağının, "Əşrəfi-Dan ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü ilə bağlı sazişlərin, Azərbaycan hökuməti ilə Türkiyə Respublikasının hökuməti arasında Transanadolu təbii qaz sisteminə dair Anlaşma Memorandumunun, İran İslam Respublikası hökuməti ilə Araz çayı üzərində "Xudafərin” və "Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanması prosesində parlamentin müvafiq komissiyası fəal iştirak etmişdir. Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası Qanununun hüquqi aspektlərinin müəyyənləşdirilməsində komitənin bir çox səmərəli təklifləri nəzərə alınmışdır.

Neft müqavilələrinin, enerji və nəqliyyat sahəsində Avropa ilə əməkdaşlığın dərinləşdirilməsində qanunvericilik təminatının müstəsna əhəmiyyəti var. 2018-ci ilin may ayında Milli Məclisdə keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında "İqtisadi əməkdaşlıq: enerji və nəqliyyat” mövzusu ətrafında aparılan müzakirələrdə bu fikir dominant səciyyə daşımışdır. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın mühüm yeri olduğu vurğulanmış və ölkəmizin neft-qaz ehtiyatlarının Avropanın enerji təminatında əhəmiyyətli rolu iştirakçılar tərəfindən bir daha etiraf edilmişdir.

Milli Məclisdə həm insan alverinə qarşı mübarizə, həm də miqrasiya məsələlərinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun mükəmməl qanunvericilik bazası yaradılmışdır. Bu yaxınlarda "İnsan alveri və miqrant qaçaqçılığına çoxtərəfli yanaşmalar: beynəlxalq və milli qanunvericilik, operativ baza” mövzusunda keçirilmiş konfrans da beynəlxalq transmilli mütəşəkkil cinayətlərin araşdırılması və insan alverinə məruz qalan şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq və regional müzakirələri genişləndirmək, insan alverinə və miqrantların qaçaqçılığına qarşı çoxsaylı problemlərə kompleks və inteqrasiya olunmuş çoxsahəli yanaşmaları təşviq etmək baxımından parlamentin fəaliyyətinə əhəmiyyətli töhfədir.

Azərbaycan Ordusunun qüdrətinin nümayişinə çevrilmiş, xalq-ordu birliyinin təcəssümü kimi Qarabağ savaşı tarixinə düşmüş 2016-cı il Aprel döyüşlərinin nəticələri ilə bağlı Milli Məclisdə "Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələrdə səslənmiş fikir və rəylər baş vermiş hadisələrin mahiyyətinin açılması baxımından əhəmiyyətlidir.

Bu istiqamətdə göstərilən fəaliyyətin davamı olaraq bu ilin fevralında insanlığa qarşı törədilən bəşəri cinayətlərə beynəlxalq müstəvidə hüquqi qiymət verilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi, "Qüdrətli Azərbaycan naminə” İctimai Birliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə həyata keçirdikləri "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsi çərçivəsində hazırlanmış "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsi işlənib hazırlanmış və onun təqdimatı keçirilmişdir.

2016-cı ildə Azərbaycan parlamentində "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda keçirilmiş ictimai müzakirə bu faciə ilə əlaqədar hüquq mühafizə orqanları, parlament və vətəndaş cəmiyyəti qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və Xocalı soyqırımına dair həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində göstərilən ardıcıl fəaliyyətin tərkib hissəsidir.

Milli Məclisin çoxşaxəli fəaliyyətinin tərkib hissəsi olan tədbirlərin bir sıra cəhətlərinə görə ənənəvi olmayan fərqli formatlarda keçirilməsi onların daha maraqlı və cəlbedici olması üçün vacib şərtdir.

İnsan hüquqları komitəsinin təklifi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2017-ci ildə Milli Məclisin kitabxanasının oxu zalında "Müasir çağırışlar və islam həmrəyliyi” mövzusunun elmi, tarixi və siyasi aspektlər baxımından müzakirəsi həm məzmunu, həm də forması ilə seçilən tədbirlərdəndir.

2016-cı ildə "Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda konfransın bölgələrin birində - Şəmkir rayonunda keçirilməsi ilə bağlı təşəbbüs isə Milli Məclisin Regional məsələlər komitəsinə məxsusdur.

Milli Məclisdə Bakı şəhəri Binəqədi rayon bələdiyyəsinin "Parlamentdə bir gün” layihəsi yerli özünüidarəetmə qurumu ilə qanunverici orqanın qarşılıqlı fəaliyyət imkanları barədə geniş fikir mübadiləsi ilə müşayiət olunmuşdur.

"Ankara məktəbi” məktəb-liseyin müəllim və şagird heyətinin Milli Məclisdə deputatlarla görüşü, düşünürəm ki, uşaqların parlament və onun fəaliyyəti barədə təsəvvürlərinin formalaşmasına müsbət təsir göstərmişdir. Belə tədbirlər artıq davamlı xarakter almışdır.

Bu ilin mart ayında Bakı şəhərində Azərbaycan Respublikası Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandalarının iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyinə həsr olunmuş parlament komandalararası beynəlxalq futbol turniri də geniş tamaşaçı kütləsi toplayıb və çox maraqla izlənib. Tədbirin əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, idman siyasətini tətbiq etməklə Azərbaycanın mövqeyini beynəlxalq arenada möhkəmləndirmək və onu tanıtmaqdır.

Milli Məclis ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Mətbuat Şurası arasında 2015-ci ildə imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumlarında əksini tapmış müddəaların reallaşdırılması parlamentin ictimai fəaliyyətini zənginləşdirən istiqamətlərdən biridir.

Azərbaycan bütün beynəlxalq təşkilatlarla münasibətlərini qarşılıqlı hörmət, anlaşma əsasında davam etdirməyə, bunun üçün açıq fikir mübadiləsi aparmağa hazır olduğunu öz əməli ilə həmişə sübut etmişdir.

2016-cı ilin sentyabrında Milli Məclisdə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 13-cü iclasında tərəfləri maraqlandıran məsələlər ətrafında geniş müzakirə aparılmış, Avropa İttifaqı və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsinin əhəmiyyəti vurğulanmış, qarşılıqlı münasibətlərin səviyyəsinin yüksəldilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilmiş və bu sahədə mövcud olan maneələrin aradan qaldırılmasının yolları araşdırılmışdır.

Həmin ilin dekabrında Milli Məclisdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın parlamentariləri, dövlət rəsmiləri və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə GUAM Parlament Assambleyasının 9-cu sessiyasının nəticələri ənənəvi diplomatiyanı tamamlayan parlament diplomatiyasının əhəmiyyətli problemlərin aradan qaldırılmasına mühüm töhfələr verdiyini təsdiq edən bir tədbir kimi yadda qalmışdır. Sessiya çərçivəsində GUAM-ın region ölkələri arasında dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsinə böyük kömək göstərə biləcəyi ilə bağlı səslənmiş fikir və rəylər bunu inamla söyləməyə əsas verir.

Bu ilin iyununda ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin ölkəmizdə səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət heyətlə görüşü ATƏT-in və onun institutlarının regionda gedən prosesləri dərindən öyrənməsi üçün böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu tədbiri bölgədəki prosesləri təhlil etmək və ölkələrin mövqelərini müəyyənləşdirmək, qurumun siyasətinin prioritet istiqamətlərini daha dəqiq formalaşdırmaq işinə bir töhfə kimi dəyərləndirmək olar.

"İki dövlət, bir millət” devizi altında daim inkişaf edən və püxtələşən Azərbaycan-Türkiyə və digər türkdilli ölkələrlə formalaşmış qardaşlıq münasibətlərinin parlamentlər arasında yüksək səviyyədə dəstəklənməsi Milli Məclisin prioritet fəaliyyət istiqamətlərindəndir. Beşinci çağırış dövründə bu münasibətlərə yeni pozitiv çalarlar gətirilib, hər iki ölkənin rəhbərlərinin bu siyasətə verdiyi önəmin mahiyyətinə uyğun addımlar atılıb. 2016-cı ildə Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) tərəfindən təşkil olunmuş "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” adlı konfransın ruhu da məhz bu münasibətdən qaynaqlanır. Assambleyanın Beynəlxalq Katibliyinin Bakı şəhərində inşa etdirdiyi mənzil-qərargahının rəsmi açılış mərasimində üzv ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri səviyyəsində iştirakları səmimi dostluq və həmrəylik nümunəsidir.

2018-ci ildə Bakıda Milli Məclislə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun birgə təşkilatçılığı ilə "İpək yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentarilərin rolu” mövzusunda beynəlxalq konfransda 20-dən çox ölkənin parlament və hökumət nümayəndələri, həmçinin ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, səfirlər, KİV nümayəndələri iştirak etmişlər. ATƏT PA-nın prezidentinin və baş katibinin tədbirdə şəxsən iştirak etmələri və konfransın sonunda qurumun Bakı Bəyannaməsinin yekdilliklə dəstəklənməsi İpək yolu təşəbbüsünə verilən böyük önəmdən irəli gəlir.

İpək Yoluna Dəstək Qrupu 3 qitənin (Asiya, Avropa və Amerika) təmsil olunduğu ATƏT məkanında əməkdaşlıq istiqamətlərini şaxələndirməyi qarşısına məqsəd qoyub. Asiya ilə Avropanı birləşdirən nəhəng iqtisadi, ticarət və nəqliyyat qovşağı olan qədim İpək yolunun müasir dövrdə tam gücünə nail olunduğu halda ölkələr arasında iqtisadi, ticari, nəqliyyat və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığın genişlənməsi və xalqların bir-birinə daha da yaxınlaşması üçün çevik siyasi və iqtisadi platforma rolunu oynayacağı şübhə doğurmur.

Son illər respublikamızın ictimai-siyasi həyatında baş vermiş ən əhəmiyyətli və önəmli hadisə 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləridir. Heydər Əliyev ideyalarının möhtəşəm qələbəsi və Yeni Azərbaycan Partiyasının böyük uğuru kimi çağdaş tariximizə yazılmış bu gün həm də xoş amallara səs vermiş xalqla iqtidarın sarsılmaz birliyinin nümayişidir. Deputatlar qürurlu anlar yaşadan andiçmə mərasiminin Milli Məclisin iclas zalında keçirilməsi isə, düşünürəm ki, hakimiyyət qollarından biri kimi Azərbaycan parlamentinin cəmiyyətdə və beynəlxalq aləmdəki nüfuzlu mövqeyinə və fəaliyyətinə verilən yüksək qiymətdir.

İki ay bundan öncə ölkə ictimaiyyətinin böyük təntənə ilə qeyd etdiyi Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş yubiley tədbirləri barədə isə xüsusi danışmaq istərdim. Milli Məclisin xüsusi iclasında iştirak edən 44 ölkənin 37 nümayəndəsi çıxış etdi. Bu yubiley tədbirində 300-dən çox qonaq, o cümlədən 14 spiker, bir beynəlxalq təşkilatın rəhbəri, 10 beynəlxalq təşkilatın nümayəndəsi, 20 ölkənin vitse-spikeri, digər ölkələrin dostluq qruplarının rəhbərləri iştirak edirdilər. Dünyada mövcud olan dövlətlərin dörddəbirinin iştirakı ilə parlamentdə gerçəkləşmiş möhtəşəm yubiley iclasında qonaqları səmimiyyətlə salamlayan ölkə Prezidenti cənab İlham Əliyevin parlamentin tarixinə dair və Azərbaycan reallıqlarını əks etdirən maraqlı və məzmunlu çıxışı toplantı iştirakçıları tərəfindən böyük maraqla dinlənildi. Bu, eyni zamanda Azərbaycanın və onun parlamentinin bu gün dünyada artmaqda olan nüfuzunun, yerinin və rolunun göstəricisidir. Çünki Azərbaycan parlamenti keçdiyi 100 il ərzində xalqın, cəmiyyətin təmsilçisi olaraq əldə etdiyi təcrübəni bu gün daha səmərəli şəkildə reallaşdırmağı bacardığını və qurucu babalarımızın ideyalarına sadiq olduğunu öz ardıcıl və məqsədyönlü fəaliyyəti ilə ortaya qoyur. Təbrik nitqində Azərbaycanın uğurlu inkişafında Milli Məclisin rolunu xüsusi qeyd edən dövlət başçısı demişdir: "Azərbaycan parlamenti həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir. Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində, demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var”. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan parlamenti dövlətimizin və dövlətçiliyimizin möhkəm sütunlarından biri kimi öz rolunu məharətlə apara bilir. Yubiley münasibətilə Milli Məclisin Sədri Oqtay Əsədovun bilavasitə rəhbərliyi ilə hazırlanmış və milli qanunvericiliyimizin 100 illik yoluna işıq salan 2 cilddən ibarət "Azərbaycan parlamentarizmi tarixi” kitabındakı dəyərli və zəngin materiallar da söylənilənlərə tutarlı sübutdur.

Beşinci çağırış dövründə seçicilərlə iş, həmişə olduğu kimi, deputat fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. 3 il ərzində Milli Məclisin aparatına 18 mindən çox təklif, ərizə və şikayət daxil olmuş, 15 minədək vətəndaş deputatlar tərəfindən qəbul edilmişdir. Araşdırmalar göstərir ki, aidiyyəti üzrə ünvanlanmış deputat sorğularına daxil olan cavabların faiz nisbəti əvvəlki dövrə nisbətən artmışdır ki, bu da dövlət-vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf tendensiyasına dəlalət edir.

Son 3 il ərzində deputatların və Milli Məclis aparatının iş şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər də parlament rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Onun ardıcıl səyləri nəticəsində parlament televiziyası texniki cəhətdən ən müasir rəqəmsal avadanlıqlarla təchiz olunaraq yenidən qurulmuşdur ki, bu da Milli Məclisin fəaliyyətinin daha operativ şəkildə və yüksək səviyyədə işıqlandırılmasına imkan yaradır.

Beləliklə, milli qanunvericiliyimizin təkmilləşdirilməsi və ən yüksək standartlara uyğun şəkildə formalaşdırılması istiqamətində ulu öndər Heydər Əliyevin başladığı tarixi yol bu gün uğurla davam etdirilir.

Tam əminliklə söyləmək mümkündür ki, əvvəlki dövrlərdə qazanılmış nailiyyətləri yeni dövrün çağırışları fonunda bir qədər də artıran Milli Məclis öhdəsinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə, Azərbaycanın qanunvericilik orqanını dünyanın inkişaf etmiş ölkələrinin parlamentləri səviyyəsinə qaldırmağa müvəffəq olmuşdur. Bu, Milli Məclisin üzvləri kimi bizi ölkəmizin tərəqqisi naminə daha məsuliyyətli olmağa və artıq bir əsrlik yubileyini qeyd etmiş və xalqımızın suveren iradəsini ifadə edən Azərbaycan parlamentinin növbəti yüzillik tarixinə yeni şanlı səhifələr yazmağa sövq edir.


Bahar MURADOVA,

Milli Məclis Sədrinin müavini,

İnsan hüquqları komitəsinin sədri,

YAP İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video